8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirildi
06 mart 2026-cı il tarixində Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş qadınlarla görüş keçirilmişdir.
Görüşdən əvvəl rayon rəhbərliyi, qonaqlar və ictimaiyyətin nümayəndələri Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri qoydular.
Görüşdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, Milli Məclisin deputatı Aydın Hüseynov, YAP Qaradağ rayon təşkilatının sədr müavini Faiq Qurbanov, Qaradağ Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini Ziya Məmiyev, şəhid ailələri, rayon icra hakimiyyətinin məsul əməkdaşları, müəssisə və təşkilat rəhbərləri, səhiyyə, məhkəmə və digər hüquq mühafizə orqanlarının nümayəndələri iştirak etmişdir.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov çıxış edərək qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımları təbrik etdi. Bildirdi ki, Azərbaycanda qadınlara həmişə məxsusi ehtiram olub. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə qadınlar cəmiyyətin bütün strukturlarında təmsil olunurdu. Ulu Öndər deyirdi: “Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq ülvilik məbədidir. İsmət, qeyrət, qüdrət rəmzidir”.
Sonra Milli Məclisin deputatı Aydın Hüseynov çıxış edərək ilk öncə başda şəhid anaları, övladları, xanımları olmaqla bütün qadınları 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edərək xoş arzu və diləklərini iştirakçılarla bölüşmüşdür.
Daha sonra YAP Qaradağ rayon təşkilatının sədr müavini Faiq Qurbanov çıxış edərək dövlət quruculuğunda, təhsildə, elmdə, mədəniyyətdə və digər sahələrdə mühüm rol oynayan ölkəmizin inkişafına böyük töhvələr verən qadınlarımızın fəaliyyətini yüksək qiymətləndirmiş və onların timsalında bütün qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzu etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu bu istiqamətdə də uğurla davam etdirir, qadınların cəmiyyətdə roluna müstəsna əhəmiyyət verir. Bunun nəticəsidir ki. bu gün Azərbaycan Respublikasının vətəndaşı olan qadınlar təkcə respublikamızda deyil, dünya miqyasında beynəlxalq qurumlarda Azərbaycanımızı layiqincə təmsil edirlər.
Bu gün cəmiyyətin elə bir sahəsi yoxdur ki, oranı qadınsız təsəvvür etmək mümkün olsun. Azərbaycan qadını öz zəhməti ilə xalq təsərrüfatının, tibbin, elmin, ictimai fəaliyyətin önündə gedir. Qadınlarımız arasında deputatlar, alimlər, yüksək ixtisaslı mütəxəssislər vardır və hal-hazırda da yetişirlər.
Azərbaycan qadını azərbaycançılıq ideologiyasını yaşadır, Azərbaycan dövlətçiliyinin cəfakeşidir.
Azərbaycan qadını Qarabağ müharibəsində şəhid olmuş Vətən oğullarının anasıdır, bacısıdır, həyat yoldaşıdır.
Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov tərəfindən rayonun ictimai-siyasi həyatında öz fəallığı ilə fərqlənən xanımlara fəxri fərman və hədiyyələr təqdim olundu.






