8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirildi
07.03.2025-ci il tarixində Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş qadınlarla görüş keçirilmişdir.
Görüşdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, rayon icra hakimiyyətinin məsul əməkdaşları iştirak etmişdir.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımları təbrik etdi. Bildirdi ki, Azərbaycanda qadınlara həmişə məxsusi ehtiram olub. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə qadınlar cəmiyyətin bütün strukturlarında təmsil olunurdu. Ulu Öndər deyirdi: “Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq ülvilik məbədidir. İsmət, qeyrət, qüdrət rəmzidir”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu bu istiqamətdə də uğurla davam etdirir, qadınların cəmiyyətdə roluna müstəsna əhəmiyyət verir. Bunun nəticəsidir ki. bu gün Azərbaycan Respublikasının vətəndaşı olan qadınlar təkcə respublikamızda deyil, dünya miqyasında beynəlxalq qurumlarda Azərbaycanımızı layiqincə təmsil edirlər.
Bu gün cəmiyyətin elə bir sahəsi yoxdur ki, oranı qadınsız təsəvvür etmək mümkün olsun. Azərbaycan qadını öz zəhməti ilə xalq təsərrüfatının, tibbin, elmin, ictimai fəaliyyətin önündə gedir. Qadınlarımız arasında deputatlar, alimlər, yüksək ixtisaslı mütəxəssislər vardır və hal-hazırda da yetişirlər.
Azərbaycan qadını azərbaycançılıq ideologiyasını yaşadır, Azərbaycan dövlətçiliyinin cəfakeşidir.
Azərbaycan qadını Qarabağ müharibəsində şəhid olmuş Vətən oğullarının anasıdır, bacısıdır, həyat yoldaşıdır.
Tədbirdə çıxış edən İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımları səmimi qəlbdən təbrik etdi, gələcək fəaliyyətlərində uğurlar arzu etdi.
Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov tərəfindən rayonun ictimai-siyasi həyatında öz fəallığı ilə fərqlənən xanımlara fəxri fərman və hədiyyələr təqdim olundu.