“Azərbaycan Respublikasının Konstitusiyası hüquqi dövlət quruculuğunun əsas sənədidir” mövzusunda dəyirmi masa keçirildi.
11 noyabr 2016-cı il tarixində Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günü münasibəti ilə dəyirmi masa keçirilmişdir.
Tədbirdə Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Nuru Məmmədov və digər qonaqlar iştirak edirdilər.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə gənc müstəqil Azərbaycan dövlətini siyasi iflasdan və parçalanmadan xilas etdiyini, ictimai-siyasi sabitliyin təmin olunaraq ölkədaxili pozucu qüvvələrin zərərsizləşdirilməsi, müstəqil dövlətçilik tariximizin inkişaf mərhələsinə qədəm qoyması üçün şərait yaratdığını qeyd etdi. Bildirdi ki, bu inkişafın əsas istiqamətlərinin müəyyən olunması baxımından isə ölkənin konstitusiya quruluşunun təsbiti tələb olunurdu. Məhz Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılaraq, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarıldı 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu.
Daha sonra çıxış edən professor Nuru Məmmədov Konstitusiyamızın hazırlanmasında və qəbul olunmasında Ümummilli Lider Heydər Əliyevin danılmaz əməyi, zəhməti olduğunu qeyd edərək, Ulu Öndərin Azərbaycanın hərtərəfli tərəqqisinə yönəlmiş müdrik dövlətçilik siyasətinin mühüm tərkib hissəsi kimi yeni Konstitusiyanın qəbul edilməsinin ölkəmizin həyatında, gələcəyində müstəsna əhəmiyyətli hadisə olduğunu qeyd etdi. Natiq 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin dövlətin əsas qanununu qəbul edə bilmədiyini, ona görə də Azərbaycanın Konstitusiya quruluşu tarixinin SSRİ dövrünə təsadüf etdiyini qeyd etdi. Bugünkü Konstitusiyanın Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra qəbul edilmiş ilk Konstitusiya olduğunu qeyd etdi. Konstitusiyamızda dövlətimiz tərəfindən insanların hüquq və azadlıqlarının qorunduğunu, əhalinin sosial təminatına xüsusi diqqət verildiyini, hər kəsin azad yaşamasının təmin edildiyini bildirdi.
Sonda professor N.Məmmədov 26 sentyabr 2016-cı il tarixində keçirilən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının referendumunun xalqımızın rifahı, gələcəyinin təmin olunması baxımından çox böyük əhəmiyyət daşıdığını xüsusi vurğuladı.