Şriftin ölçüsü :

Saytın rəngi :

“Tolerantlığın və multikulturalizmin Azərbaycan modeli dünyaya nümunədir” mövzusunda dəyirmi masa keçirildi.

10 noyabr 2016 | 11:00

10 noyabr 2016-cı il tarixində Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində “Tolerantlığın və multikulturalizmin Azərbaycan modeli dünyaya nümunədir” mövzusunda dəyirmi masa keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, müavini Təranə İsmayılova, Milli Məclisin Deputatları Mixail Zabelin və Aydın Hüseynov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitik şöbəsinin müdiri Rəşad İlyasov, Bilik Fondunun əməkdaşı Vidadi Rzayev iştirak etmişdilər.
Yığıncaqdan öncə tədbirdə iştirak edən rayon rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini cənab Emil Abbasov bildirdi ki, bütün dünyada tolerantlıq və multikulturalizmin Azərbaycan modeli böyük rəğbət və təqdirlə qarşılanır. Beynəlxalq tədbirlərdə, konfranslarda beyin mərkəzlərinin nümayəndələri, alimlər, siyasətçilər tərəfindən Azərbaycan bütün dünyaya dözümlülük, tolerantlıq örnəyi kimi göstərilir. Azərbaycandakı tolerantlıq və multikulturalizmin beynəlxalq aləmdə rəğbətlə qarşılanması Qərb mediasında da öz əksini tapır. Avropalı və amerikalı jurnalistlərin müəllifi olduqları yazılarda Azərbaycan mədəniyyət və dinlərarası tolerantlıq nümunəsi kimi qeyd olunur. 2014-cü ildə Azərbaycan rəhbərliyi ölkənin etnik və dini tolerantlığa təminat verən dövlət kimi rolunu möhkəmləndirən iki təsisat yaradıb. Bu təsisatlardan birincisi millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri vəzifəsidir. Həmin vəzifəni görkəmli Azərbaycan alimi, akademik Kamal Abdullayev tutur. İkinci qərar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması oldu. Həmin mərkəzin fəaliyyətinin əsas istiqaməti mədəniyyətlərarası dialoqun və humanitar məsələlərin inkişaf etdirilməsidir
Respublika əhalisinin əksəriyyətini müsəlmanlar təşkil etməsinə baxmayaraq, Azərbaycan həm də müxtəlif dinlərin, müxtəlif etnik qrupların nümayəndələri üçün vətəndir: "Milli azlıqlara hörmət və tolerantlıq ən qədim zamanlardan, böyük İpək Yolu dövründən günümüzə qədər bu ölkənin inkişafının əsasını təşkil edib. Respublika dövlət müstəqilliyini bərpa edəndən sonra Azərbaycan hökumətində yüksək vəzifələr tutan milli azlıqların nümayəndələrinin və qadınların sayı xeyli artıb.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə xanım İsmayılova öz çıxışında bildirdi ki, Sovet İttifaqı dağılan dövrdə baş verən hadisələr Azərbaycanda dini və milli tolerantlıq ənənələri üçün ən ciddi sınaq oldu. Həmin dövrdə Azərbaycan ərazisinin 20 faizini işğal edən ermənilər etnik təmizləmə siyasəti həyata keçirərək Azərbaycanda bir milyon məcburi köçkün problemi yaratdılar. Dinc əhalinin qətlə yetirilməsinə və doğma yurdlarından qovulmasına baxmayaraq, dinc yanaşı yaşamaq prinsipi Azərbaycan cəmiyyətinin səciyyəvi cəhəti olaraq qalıb. Hətta Dağlıq Qarabağda müharibə başlayandan 20 il sonra da Azərbaycan cəmiyyəti dini və etnik qruplar arasında harmoniyanı dəstəkləməkdə davam edir. Natiq müsəlmanların və yəhudilərin nümunəvi birgə yaşayışını xüsusi vurğulayıb: "Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə iki sinaqoq və Cənubi Qafqazda ən iri yəhudi təhsil mərkəzi inşa edilib. Azərbaycanın Quba rayonunda yerləşən və İsrail hüdudlarından kənarda yeganə yəhudi məskəni hesab edilən Qırmızı Qəsəbə Azərbaycanın fəxridir.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları Mixail Zabelin bildirdi ki, tolerantlıq – dözümlülük və multikulturalizm – çoxmədəniyyətlilik haqqında Azərbaycan modeli bütün dünyaya örnək və nümunədir. Sözügedən sahələrdə çox dərin məna, məzmun və mündərəcə kəsb edən, kəlam xarakterli, mahiyyətli bu fikirlər Azərbaycan xalqının dünya şöhrətli ictimai, siyasi və dövlət xadimləri olan Ulu Öndərimiz Heydər Əliyevin və dövlətimizin başçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin çoxcəhətli, çoxşaxəli, titanik fəaliyyətlərində mühüm yer tutmuş və bu gün də tutmaqdadır.
Çıxış edən Milli Məclisin deputatı Aydın Hüseynov bildirdi ki, ümumbəşəri mahiyyətli, xarakterli bu zəngin ideyalar elmi - nəzəri və əməli əhəmiyyətinə görə xüsusi aktuallıq kəsb edir. Bu da təsadüfi deyildir ki, manifest səciyyəli həmin ideyalar möhətərəm Prezidentimizin, dövlətimizin başçısı cənab İlham Əliyevin cari ilin (2016) yanvarında imzaladığı “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında” xüsusi sərəncamında öz dərin və geniş ifadəsini tapmışdır. Həmin sərəncamdan irəli gələn müdrik və perspektivli siyasət respublikamızın bütün şəhər və rayonlarında, o cümlədən bizim Qaradağ rayonunda da çox böyük uğurla davam etdirilir.
Çıxış edən digər qonaqlar qeyd etdilər ki, Qaradağ rayonu tarixən multikultural və tolerant məkan olub, indi də bu belədir. Rayonda müxtəlif xalqların, millətlərin və milli etniklərin çoxsaylı nümayəndələri mehriban bir ailə kimi yaşamış və yaşamaqda davam edirlər.
Rayonda fəaliyyət göstərən çoxsaylı  əmək – istehsal, habelə qeyri – istehsal kollektivləri: idarə, müəssisə, elm, mədəni – maarif ocaqları vardır ki, orada müxtəlif xalqların, millətlərin, milli etniklərin, fərqli dinlərin: islam, xristian və yahudi dinlərinin təmsilçiləri çiyin – çiyinə müvəffəqiyyətlə çalışırlar. Heç zaman bu müəssisələrdə dini – milli, milli – dini zəmində ixtilaf, ayrıseçkilik müşahidə olunmamış və oluna da bilməz.
Tədbirin sonunda qonalaq Heydər Əliyev Muzeyində saxlanılması üşün kitablar hədiyyə etdilər.

Keçidlər