15 oktyabr 2016-cı il tarixində Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən Kamran Yaqubov adına 184 nömrəli tam orta məktəbdə müstəqilliyimizin bərpasının 25-ci ildönümü münasibətilə tədbir keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı, şəhid Kamran Yaqubovun anası Gülbacı Yaqubova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinin əməkdaşları, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ rayon komitəsinin sədri Zümrüd Rzayeva, Kainat Tədris Mərkəzinin təsisçisi İlqar Ağakişiyev, “ITECA Caspian” şirkətinin icraçı direktoru, “Gələcəyini qur!” gənclərə dəstək layihəsinin rəhbəri Bəhruz Hidayətzadə və digər qonaqlar iştirak edirdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı.
Tədbiri giriş nitqi ilə açıq elan edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova dövlət müstəqilliyinin bərpa olunmasının 25-ci il dönümü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun adından tədbir iştirakçılarını təbrik edərək xalqımızın dövlət müstəqilliyini bərpa etməsini mühüm tarixi hadisə kimi qiymətləndirdi. 1991-ci ildə yaranmış tarixi şəraitin nəticəsi olaraq Azərbaycan Parlamenti avqustun 30-da müstəqillik bəyannaməsini, oktyabrın 18-də isə müstəqillik haqqında Konstitusiya aktını qəbul etdiyini bildirdi. Lakin o zaman ölkədə mürəkkəb proseslərin cərəyan etdiyini, vətəndaş müharibəsinin baş verdiyini, bunun məntiqi nəticəsi kimi müstəqilliyimizin böyük sual altında düşdüyünü vurğuladı. Bu baxımdan müstəqilliyimizin tarixində 1993-cü ilin müstəsna əhəmiyyətə malik olduğu fikrini səsləndirdi. O zamankı mürəkkəb durumu təhlil edən ziyalılarımızın ümummilli lider Heydər Əliyevə üz tutaraq, xalqımız isə çox müdrik və tarixi bir seçim edərək ulu öndəri ölkənin Prezidenti seçdiyini və bununla da xoş, firavan günlərin təməlinin qoyulduğu söylədi. İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunlarının getdikcə möhkəmləndiyini, dövlətçiliyin taleyini müəyyənləşdirən əsas amillərin qorunub saxlandığını və inkişaf etdirilməsini qeyd etdi.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı çıxışında müstəqilliyimizin bərpası üçün keçdiyimiz şərəfli tarixi yol barədə ətraflı çıxış etdi. Daha sonra Sovet dönəmində elmi fəaliyyitindəki çətinliklər, elm sahəsində xarici təcrübə mübadiləsinin böyük maneələr hesabına başa gəldiyi barədə tədbir iştirakçılarına məlumat verdi. Bildirdi ki, 1993-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin xalqın tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıtması elm sahəsinin müstəqil şəkildə xarici təcrübə mübadiləsində inkişafına səbəb olmuşdur. Müəyyən olunmuş milli strategiyaya əsasən prioritet elmi istiqamətlərin müəyyələşdirilməsini və planlı şəkildə elmi-tədqiqat işlərinin aparılmasını, dünya səviyyəli elmi-tədqiqat konfranslarında alimlərimizin iştirakını müstəqillik dövrdə atılmış müsbət addım hesab etdiyini bildirdi. Bütün bunlar onu göstərir ki, Azərbaycan dünyaya inteqrasiya edən sivil və intellektual baxımından zəngin dövlətlərdən biridir.
Daha sonra çıxış edən qonaqlar Azərbaycanın əsrlərlə keçdiyi tarixi yol barədə məlumat verərək ötən əsrdə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırım siyasətindən də danışdılar. Xalqımızın hər zaman tarix boyu mübarizlik nümayiş etdirdiyini, azadlıq uğrunda fədakarcasına vuruşduğunu və müstəqilliyin əzmkarlıq bahasına başa gəldiyini qeyd etdilər. Azərbaycanın Sovet İttifaqının tərkibindəki dönəmindən söz açılaraq, xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı müstəqilliyimizə yeni nəfəs verildiyi vurğulandı. Heydər Əliyev əvvəlcə vətəndaş müharibəsinin qarşısını aldı, Ermənistanla atəşkəsə nail oldu və Azərbaycanda inkişafın təməli qoyuldu. Azərbaycan ordusu yenidən təşkil edildi, nizam-intizam gücləndirildi. Mühüm siyasi və iqtisadi islahatlara başlanıldı. Ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gündən-günə daha da güclənir, qüdrətlənir. Son illərdə Azərbaycanın iqtisadiyyatında, hərbi quruculuğunda, elm, mədəniyyət, səhiyyə, təhsil, idman, insanların sosial müdafiəsi sahələrində böyük uğurlar əldə edilib. Ölkədə aparılan siyasi və iqtisadi islahatlar Azərbaycanın müstəqilliyinin daimi, əbədi olmasına inam yaradır.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan haqda söylədiyi sözlər və videolar nümayiş etdirildi. Sonda tədbir bədii hissə ilə davam etdirildi.