“Narkotiklərə qarşı mübarizə sağlam mühit və sağlam gələcəkdir”
10 oktyabr 2016-cı il tarixində Qaradağ rayonunun Sahil qəsəbəsində yerləşən Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 9 nömrəli İnternat məktəbin akt zalında rayon məktəblilərinin iştirakı ilə “Narkotiklərə qarşı mübarizə sağlam mühit və sağlam gələcəkdir” mövzusunda toplantı keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, Azərbaycan Respublikası “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə” Dövlət Komissiyasının İşçi qrupunun məsul işçiləri Raqif Allahverdiyev və Şahin İsmayılov, Səhiyyə Nazirliyinin həkim-narkoloqu Asif Kəngərli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Aidə Ələkbərova, Daxili İşlər Nazirliyinin Narkotiklərə qaqrşı mübarizə Baş İdarəsinin əməkdaşı Elşad Məmmədli və digər qonaqlar iştirak edirdilər.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov çıxış edərək 1996-cı ildə Ulu Öndər Heydər Əliyev tərəfindən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradıldığını diqqətə çatdırdı. Bildirdi ki, bu fərmanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmiş və bu sahədə dövlət siyasətinin strateji istiqamətləri dəqiq göstərilmişdir. Azərbaycan Respublikası həmçinin müvafiq beynəlxalq sənədlərə və təşəbbüslərə də qoşulmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu strateji kursu dövlətimizin əsas prioritetlərindən biri kimi davam etdirmiş, narkomanlıqla mübarizədə müsbət nəticələrin eldə edilməsi məqsədilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nı təsdiq etmişdir.
Daha sonra çıxış edən digər natiqlər narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə, bəşəriyyətə vurduğu fəsadlardan söz açdılar. Narkomaniyanın heç bir yaş sərhəddi tanımayaraq cavanlaşmasını genefond üçün mühüm təhlükə olduğunu bildirdilər. Narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir fərdinin fəal rol oynamasının zəruriliyi diqqətə çatdırıldı. Qeyd olundu ki, narkomanlığın profilaktikası ilə bağlı yeniyetmə və gənclərin təmsil olunduqları yerlərdə müvafiq mövzularda seminarların, sərgi, aksiya və təşviqat kompaniyalarının keçirilməsinin, sağlam həyat tərzinin kütləvi-mədəni, bədən tərbiyəsi və idman vasitəsi ilə təbliğ edilməsininvə bu sahədə maarifləndirmə işinin genişləndirilməsinin vacibliyini qeyd etdilər.
Tədbirin sonunda iştirakçılara mövzuya uyğun buklet paylandı.