Gənclər hərbi xidmətə yola salındı.
07 oktyabr 2016-cı il tarixində Lökbatan qəsəbəsindəki “Şəhidlər” abidə kömleksi meydanında Qaradağ rayon çağırışçılarının bir qrupunun həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirildi.
Tədbir ümummilli lider Heydər Əliyevin abidəsi önünə gülqoyma mərasimi ilə başlamış və “Şəhidlər” abidə kömleksi meydanında davam etdi. Tədbirdə Milli Məclisin Deputatı Aydın Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin rəisi polkovnik-leytenant Novruz Rəhimov, Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İB-nin sədri Emin Həsənli, Şura üzvləri, rayon ağsaqqaları, müharibə veteranları, valideynlər, gənc çağırışçılar və rayon ictimaiyyəti iştirak edirdi.
Dövlət himnimizin səslənməsi ilə başlayan tədbiri giriş nitqi ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin rəisi polkovnik-leytenant Novruz Rəhimov həqiqi hərbi xidmətə gedən çağırışçıları təbrik edərək Vətənə xidmət etməyin müqəddəs və məsuliyyətli vəzifə olduğunu bildirdi. Gənclərə şərəflə xidmət etməyi, sağ-salamat evə qayıtmalarını arzuladı.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov müstəqil ölkəmizin qurucusu Heydər Əliyevin göstərdiyi müstəsna xidmətlər nəticəsində Azərbaycanda ordu quruculuğu prosesinin çox sürətlə aparıldığını, qısa müddət ərzində nizami ordunun yarandığını qeyd etdi. Bildirdi ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordunun güclənməsi üçün bütün lazımi tədbirlər görülür, peşəkarlığın artırılmasına xüsusi önəm verilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tez-tez hərbi hissələrdə olması cəbhə bölgələrində, düşmənlə təmas xəttində dayanan əsgərlər ilə səngərlərdə görüşü hərbçilərimizdə ruh yüksəkliyini artırır. Bununla yanaşı, hərbçilərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün əməli-praktiki tədbirlər görülür. Son illər Azərbaycanda müasir və çox güclü hərbi sənaye kompleksi yaradılması hərbi məhsullar istehsal edən zavodların açılması ölkənin hərbi sisteminin, müdafiə qüdrətinin gücləndirilməsinə xidmət edir.
Digər çıxış edənlər Milli Məclisin Deputatı Aydın Hüseynov, Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İB-nin sədri Emin Həsənli və başqaları öz çıxışlarında çağrışçılara xeyir-dua vermiş, əsgəri xidmətlərində uğurlar arzulamışlar.
Tədbirin sonunda həqiqi hərbi xidmətə gedən çağırışçılara rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olundu. Onlar Azərbaycan Respublikasının bayrağı və Müqəddəs Qurani-Kərimin altından keçərək xidmətə yola salındılar.