Zorakılığa yox!
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı ilə birgə həyata keçirdiyi «Məcburi köçkün icmalarında gender əsaslı zorakılığının qarşısının alınması və cavab tədbirləri» adlı layihə çərçivəsində 04, 05 oktyabr 2016-cı il tarixlərində Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, məcburi köçkünlər üçün salınmış şəhərcikdə yerləşən tam orta məktəbin və 06 oktyabr 2016-cı il tarixində Ümid qəsəbəsində yerləşən Laçın rayonu 7 nömrəli tam orta məktəbin akt zalında 600 nəfərə yaxın məcburi köçkünün iştirakı ilə təlimlər keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Lyudmila Xəlilova layihənin məqsədi və məişət zorakılığının qarşısının alınması sahəsində həyata keçirilən tədbirlərin əhəmiyyəti haqqında geniş məruzə ilə çıxış etmişdir. Eyni zamanda məişət zorakılığı və onun növləri, zorakılıq törətmiş şəxslərin Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdığını iştirakçıların nəzərinə çatdırmışdır. Bildirmişdir ki, tədbirin məcburi köçkün ailələrində keçirildiyi təsadüf deyildir. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı nəticəsində 1 milyona yaxın soydaşımız təcavüz və zorakılığın qurbanına çevrilərək öz evlərindən qovulmuş, yaxın qohumlarını itirmişlər. Bu insanlar arasında minlərlə qadın və uşaq var ki, onlar zorakılığın ən ağır növlərini yaşayıblar.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşı, rayon İcra hakimiyyətinin Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvü Firudin Hüseynov Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının Qanununun icrasında rayon İcra hakimiyyətlərinin öhdəlikləri və bu mövzuda rayon daxilində görülmüş işlər barədə məlumat vermişdir. Eyni zamanda məişət münasibətlərində baş verən zorakılıq hallarının hər bir insanı narahat etməli olduğunu və tədbirdə iştirak edən şəxslərin mövzu ilə bağlı əldə etdikləri məlumatları öz tanışları ilə bölüşmələri əhali arasında məişət zorakılığı hallarının qarşısının alınmasında mübarizə ruhunun güclənməsinə öz müsbət təsirini göstərəcəyini qeyd etmişdir.
Tədbirin davamı olaraq ekspertlər Günel Səfərova və Fidan Qasımova tərəfindən mövzuya uyğun interaktiv təlimlər keçirilmişdir. Tədbir iştirakçıları arasında məişət zorakılığı ilə bağlı mövcud problemlərin və onların qarşısının alınması üçün təkliflərin müəyyənləşdirməsi məqsədilə sorğu keçirilmişdir.
Tədbir iştirakçıları xalqımızın adət-ənənələrində qadına yüksək dəyər verildiyini vurğulayaraq, bu dəyərlərin qorunub saxlanmasının vacibliyini və zorakılıq halları ilə mübarizədə maarifləndirici təlimlərin keçirilməsinin təqdirə layiq hal olduğunu qeyd etdilər.
Tədbirin sonunda iştirakçılara mövzuya uyğun kitabçalar paylanmışdır.