Qaradağ rayonunda 5 oktyabr – Beynəlxalq Müəllimlər günü qeyd olundu “TƏHSİL MİLLƏTİN GƏLƏCƏYİDİR”
Oktyabrın 4-də Qaradağ Rayonunun Sahil qəsəbəsindəki “Xəzri” Şadlıq sarayında Qaradağ Rayon İcra Hakimiyyəti Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ rayon komitəsi ilə birgə 05 oktyabr - Beynəlxalq Müəllimlər gününə həsr olunmuş ümumrayon tədbiri keçirmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin müvafiq şöbəsinin əməkdaşları, rayonun təhsil müəssisələrinin rəhbərləri və qabaqcıl təhsil işçiləri iştirak edirdilər.
Tədbiri Rayon İcra Hakimiyyətinin Başçısının müavini Təranə xanım İsmayılova açaraq zəngin maarifçilik ənənələri olan Qaradağda elmə, təhsilə daim yüksək münasibət bəslənildiyini bildirmiş, müəllimlik sənətinin tarixən cəmiyyətin ən şərəfli peşələrindən biri olduğunu xüsusi vurğulamışdır. O, ölkədə təhsilə münasibətin ciddi şəkildə dəyişdiyini bildirərək, ulu öndərimiz Heydər Əliyevin təhsilə və təhsil işçilərinə göstərdiyi diqqət və qayğıdan danışmış, dahi rəhbərimizin müdrik siyasətinin bu gün Respublikanın Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.
Qeyd olunmuşdur ki, ali məktəblərə bu il 913 nəfər sənəd vermiş, onlardan 516 nəfəri tələbə adını qazanmışdır. Qaradağ rayonunda təhsil sahəsində əldə edilən nailiyyətlər ilbəil artır. Bu il rayonun ümumtəhsil məktəblərini bitirmiş 33 şagirdimiz 600-dən yuxarı bal toplayaraq respublikamızın qabaqcıl ali məktəblərinə daxil olmuşlar. Beynəlxalq və respublika səviyyəli idman, incəsənət, elm və təhsil sahəsində müxtəlif yarışlarda uğurları olan məktəblilərin də adı qeyd olunmuşdur.
Yüksək diqqətə görə rayonun təhsil işçiləri adından dövlətimizin başçısına dərin minnətdarlığını bildirən T.İsmayılova məktəblərin infrastrukturunun yeniləşməsi sahəsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycan təhsilinin inkişafında, onun maddi-texniki bazasının möhkəmləndirilməsindəki xidmətlərini yüksək qiymətləndirərək xüsusi qeyd etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısının müavini T.İsmayılova müəllimləri əlamətdar bayram münasibətilə təbrik etmiş, yetişməkdə olan gənc nəslin təlim-tərbiyəsi işində onlara daha böyük uğurlar arzulamışdır.
Təhsildə fərqlənən bir qrup qabaqcıl müəllimlər Qaradağ Rayon İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ rayon komitəsinin sədri Zümrüd Rzayeva çıxış edərək, müəllimləri, ümumən rayonun bütün təhsil işçilərini 5 oktyabr - Beynəlxalq Müəllimlər günü münasibətilə təbrik etmişdir. Azərbaycanda müəllim əməyinə və şəxsiyyətinə daim yüksək qiymət verildiyini bildirən natiq müstəqil Azərbaycanın gələcəyinin məhz müəllim əməyinin düzgün təşkilindən, gənc nəslin təlim-tərbiyəsi işinə göstərilən qayğıdan daha çox asılı olduğunu qeyd etmişdir.
Sonra tədbirdə iştirak edən təhsildə fərqləndiyinə və uzun illik səmərəli fəaliyyətinə görə seçilən bir qrup qabaqcıl təhsil işçilərinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ rayon komitəsinin fəxri fərmanları təqdim olunmuşlar.
Çıxış edən müəllimlər göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə təşəkkürlərini bildirmişlər.
Tədbirdə rayonun mədəniyyət kollektivlərinin, Sahil qəsəbəsindəki 5 nömrəli Uşaq İncəsənət məktəbinin və Ə.Kazımov adına 228 nömrəli tam orta məktəbin kiçik yaşlı məktəblilərinin ifasında maraqlı musiqi proqramı təqdim olunmuşdur.