Qaradağ rayonu Ümumxalq səsverməsinə (Referenduma) hazırdır
Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2016-cı il tarixli sərəncamına əsasən 26 sentyabr 2016-cı il Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrin və dəyişikliklərin edilməsi üzrə Ümumxalq səsverməsinin (Referendumun) hazırlanıb keçirilməsi günü elan edilmişdir.
Referenduma Qaradağ rayonunda mütəşəkkil hazırlığın təşkili və “Azərbaycan Respublikasının Seçki Məcəlləsinin” tələblərinə uyğun yerli icra orqanlarının üzərinə düşən vəzifələrin həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə Qaradağ rayonunda xeyli işlər görülməkdədir.
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 27 iyul 2016-cı il tarixli 11/44 saylı qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrin və dəyişikliklərin edilməsi üzrə Referendumun hazırlanıb keçirilməsi məqsədilə əsas hərəkət tədbirlərinin Təqvim Planı”na uyğun olaraq 11 saylı Qaradağ və 12 saylı Qaradağ-Binəqədi-Yasamal Dairə Seçki Komissiyalarında referenduma hazırlıqla bağlı zəruri təşkilati işlər həyata keçirilmişdir. Rayon üzrə 57 seçki məntəqəsi lazımi avadanlıq, ləvazimat, etibarlı rabitə, fasiləsiz elektrik enerjisi, yanğından mühafizə və digər texniki vasitələrlə təchiz edilərək referenduma hazır vəziyyətə gətirilmişdir. Bundan əlavə 11 saylı Qaradağ və 12 saylı Qaradağ-Yasamal-Binəqədi Dairə Seçki Komissiyaların inzibati binaları, Lökbatan qəsəbəsində 14 saylı, Qobustan qəsəbəsində 7, 8 və 36 saylı MnSK-ların otaqları əsaslı təmir edilmiş və rayon üzrə 19 seçki məntəqəsində veb-kameralar quraşdırılmışdır.
Dairə və məntəqə seçki komissiyaları seçki ilə bağlı zəruri olan təlimatlar, qaydalar, izahlarla təmin edilmişdir. 22-24 avqust 2016-cı il tarixlərdə Mərkəzi Seçki Komissiyasının, MSK katibliyinin, rayon İcra hakimiyyətinin, Rayon Polis İdarəsinin, Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin, Rayon Prokurorluğunun, Rayon Məhkəməsinin məsul əməkdaşlarının iştirakı ilə Dairə Seçki Komissiyasının üzvləri və məntəqə seçki komissiyaların sədrləri üçün hazırlıq səviyyəsinin artırılması məqsədi ilə treninqlər keçirilmişdir. Məntəqə komissiya üzvlərinin hazırlıq səviyyəsinin artırılması üçün Mərkəzi Seçki Komissiyasının, rayon İcra hakimiyyətinin və rayonun hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilən maarifləndirici treninqlər müvəffəqiyyətlə başa çatdırılmışdır.
Hər bir məntəqə üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsi prosesinə rayonun bütün aidiyyəti strukturları cəlb edilmiş, seçki gününədək 18 yaşı tamam olanların, ordu sıralarına çağırılan və tərxis edilən gənclərin, ali və orta ixtisas məktəblərində əyani təhsil alan tələbələrin uçotu xüsusi diqqətlə həyata keçirilmişdir. Bu müddət ərzində şəxsiyyət vəsiqələrinin verilməsi prosesi müntəzəm nəzarətdə saxlanılmışdır. Bundan əlavə xəstə seçicilərin seçkiyə əlil arabasında gəlib iştirak etməsi üçün müəyyən edilmiş məntəqələrdə panduslar quraşdırılmışdır.
Hazırda 11 saylı Qaradağ Seçki Dairəsində 37 seçki məntəqəsi üzrə 45016 seçici, 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsində 20 seçki məntəqəsi üzrə 25859 seçici, iki dairənin 57 seçki məntəqəsi üzrə 70875 seçici qeydə alınmışdır. Bunlardan 465 nəfəri ilk dəfə seçki prosesində iştirak edəcəklər.
Referendum öncəsi “Yeni Azərbaycan”, “Bələdiyyə” və “Vətəndaş Cəmiyyəti” təşviqat qruplarının səlahiyyətli nümayəndələri qəsəbələrdə və yaşayış massivlərində, idarə, müəssisə və təşkilatlarda səyyar görüşlərinin keçirilməsi, rayon əhalisinin Referendumda fəal iştirakının təmin edilməsi məqsədi ilə geniş maarifləndirmə, təbliğat və təşviqat işlərinin aparılması istiqamətində bütün zəruri tədbirləri həyata keçirirlər.
11 saylı Qaradağ və 12 saylı Qaradağ-Binəqədi-Yasamal Dairə Seçki Komissiyaları və Məntəqə Seçki Komissiyaları tərəfindən referendum günü müşahidəçi olacaq 477 nəfər qeydiyyata alınmış və məntəqələrə təşviqat materiallarının paylanılması başa çatdırılmışdır.