Şriftin ölçüsü :

Saytın rəngi :

Qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar mükafatlandırıldı.

08 sentyabr 2016 | 11:00

08 sentyabr 2016-cı il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində 2015-2016-cı tədris ilində ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış məzunların mükafatlandırma tədbiri keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, məktəb direktorları, valideynlər, ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış 33 nəfər məzun iştirak edirdi.
Giriş nitqi ilə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov ilk öncə ali məktəblərə qəbul imtahanlarında yüksək nailiyyətlərlə tələbə adını qazananları təbrik edərək onlara şəxsi həyatlarında və təhsildə uğurlar arzuladı. Qeyd etdi ki, ölkəmizdə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli təhsil quruculuğu və islahatları öz töhfələrini verməkdədir. Məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-tədris bazalarının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinə də öz müsbət təsirlərini göstərir. Bundan başqa Heydər Əliyev Fondunun bu sahədə gördüyü işlər misilsizdir. Hər il rayon üzrə ali məktəblərə qəbul olan, 600-dən çox bal toplamış, tələbə adını qazanan məzunların sayının artmasını dövlətimiz tərəfindən təhsilə göstərilən diqqətin nəticəsidir.
Bundan əlavə rayon İcra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov bu il Qaradağ rayonun əldə etdiyi yüksək nəticəni xüsusi vurğulayaq bildirdi ki, ötən illərlə müqayisədə ali məktəblərə daxil olan məzunlarımızın nəticələri yüksəkdir.
Qaradağ rayonu üzrə orta məktəbi 1298 nəfərin bitirdiyini, ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edən 937 abituriyentin 57,5 faizi, yəni 537 nəfəri tələbə adını qazandığı, onlardan 33 nəfərin isə 600-dən çox bal topladıqları nəzərə çatdırıldı.
Məzunlardan Rəşidli Arzu Azər qızı 692 bal, Şükürlü Məmməd Fuad oğlu 682 bal və Sadıqova Ayşə Bəxtiyar qızı 680 bal  toplayaraq Azərbaycanın ən yüksək ali təhsil ocaqlarında təhsil alma hüququ qazandılar.
Daha sonra çıxış edən yeni tələbə adını qazanmış məzunlar, direktorlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirdilər.
Tədbirin sonunda ali məktəblərə 600-dən çox bal toplamış 33 nəfərə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov tərəfindən qiymətli hədiyyələr və pul mükafatı təqdim olundu.

Keçidlər