15 İyul 2016-cı il tarixində Qaradağ rayonunun Lökbatan qəsəbəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılğı ilə “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forum keçirilmişdir.
Növbəti işgüzar forumda 170-dək sahibkar və 10 müvəkkil kredit təşkilatının nümayəndələri iştirak etmişdir.
Forum çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ötən müddət ərzində regionlarda o cümlədən Qaradağ rayonunda həyata keçirdiyi layihələr haqqında vide çarx nümayiş etdirilmişdir.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov çıxış edərək Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş ölkəmizin sosial-iqtisadi inkişaf siyasəti bu gün ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini qeyd edərək ötən müddət ərzində rayonda həyata keçirilən iqtisadi tədbirlər haqqında ətraflı məlumat vermişdir.
Dövlət başçısının iqtisadi islahatlar paketi çərçivəsində ötən ilin sonlarından etibarən sahibkarlığın inkişafı ilə bağlı verdiyi qərarlar strateji xarakter daşımaqla yanaşı ölkədə, eyni zamanda Qaradağ rayonunda sahibkarlığın inkişafında yeni dövrün başlanğıcına zəmin yaratmışdır.
30 yanvar 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Mətanət-A” şirkətinin Qaradağ rayonu ərazisində fəaliyyət göstərən Yeni Ağdağ gips zavodunun açılış mərasimində iştirak etməsi ölkəmizdə sahibkarlığın inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Hazırda rayon ərazisində sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində sistemli tədbirlər həyata keçirilir.
Ötən müddət ərzində Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kredit vəsaiti hesabına Qaradağ rayonu üzrə 103 sahibkara 80 milyon manat güzəştli kredit verilmiş və bu kreditlər hesabına 3800-dən çox yeni iş yeri açılmışdır.
Yeni istehsal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilməkdədir. Belə ki, ölkə əhalisinin idman mallarına və tikinti materiallarına olan təlabatının yerli istehsal hesabına ödənilməsi, idxaldan asılılığın aradan qaldırılması və ixracın stimullaşdırılması məqsədilə “ASKORP” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən daxili maliyyə mənbələri və Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kredit vəsaiti hesabına Qaradağ rayonunun Lökbatan qəsəbəsində idman malları istehsalı müəssisəsinin, Qızıldaş qsəbəsində isə kərpic istehsalı müəssisəsinin tikintisinə başlanılmışdır. Hazırda idman malları istehsalı müəssisəsində son tamamlama işləri aparılır.Cari ildə müəssisələrin istifadəyə verilməsi planlaşdırılır. Həmin müəssisələrdə ümumilikdə 80 yeni iş yerinin açılması nəzərdə tutulmuşdur.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev 2016-cı ilin ötən dövrü ərzində 1297 sahibkara 75.8 milyon manat dövlətin güzəştli kreditlərinin verildiyini və bu kreditlər hesabına 3270 yeni iş yerinin yaradılması imkanının olduğunu bildirdi. Həmçinin, Şirzad Abdullayev indiyədək Qaradağ rayonundan olan 103 sahibkara 80.4 milyon manat güzəştli kredit verildiyini və bu kreditlər hesabına 3800-dək yeni iş yerinin yaradılması imkanının yarandığını qeyd etdi.
İşgüzar forumda Sahibkarlığa Kömək Milli Fondunun koordinatorluğu ilə sahibkarlarla müvəkkil kredit təşkilatlarının səlahiyyətli nümayəndələri arasında qarşılıqlı dialoq əsasında kreditin alınması ilə bağlı məsələlər müzakirə edildi və tərəflər arasında işgüzar münasibətlər yaradıldı.
İşgüzar forum çərçivəsində Qaradağ və ətraf rayonlardan olan 15 sahibkara 2.9 milyon manat güzəştli kredit verilmiş və bu kreditlər hesabına 200-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
“Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forumlar gələcəkdə də davam etdiriləcəkdir.