Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin respublika rəhbərliyinə gəlişinin 47-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir

12 iyul 2016 | 11:00

12 iyul 2016-cı il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin respublika rəhbərliyinə gəlişinin 47-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirildi.
İlk öncə tədbir iştirakçıları Lökbatan qəsəbəsində ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsini ziyarət edərək abidə önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Milli Məclisin Deputatı, Yeni Azərbaycan Partiyası icra katibinin müavini cənab Siyavuş Novruzov, Milli Məclisin Deputatı cənab Aydın Hüseynov və rayon ictimaiyyəti iştirak edirdi.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov Ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan rəhbərliyinə gəlişini respublikamızın bir neçə il ərzində hərtərəfli inkişafı və o dövrə məxsus intibah əlamətləri ilə milli tariximizə unudulmaz bir gün olaraq yazıldığını qeyd etdi. Bildirdi ki, Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi məmləkətini nəinki keçmiş SSRİ-də, hətta dünyada sivil bir respublika kimi tanıtdı. Onun sayəsində iqtisadi siyasətinin ana xətti qeyri-neft sektorunun çoxşaxəli, sürətli və səmərəli inkişafı təşkil edildi, eyni zamanda, həmin sahələrə aid müəssisələr, əsasən, perspektivli kiçik və orta şəhərlərdə yaradıldı. Heydər Əliyevin yorulmaz, məqsədyönlü və titanik fəaliyyəti, həyata keçirdiyi mötəbər tədbirlər Azərbaycanın  müstəqilliyi, siyasi-iqtisadi gücü, dünyada tanınması üçün əvəzsiz və təkrarolunmaz təməl oldu. Bu gün Heydər Əliyev ideyasına sadiq qalan, onun dövlətçilik prinsiplərini rəhbər tutan, dünyada azərbaycançılıq ənənələrini zənginləşdirən, Azərbaycanın dünyada tanıdılması istiqamətində çox böyük işlərə imza atan ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın diqqət mərkəzinə çevrildi.
Tədbirdə çıxış edən Milli Məclisin Deputatı, Yeni Azərbaycan Partiyası icra katibinin müavini cənab Siyavuş Novruzov Ulu öndərin hakimiyyətə gəlişindən sonra sənayedə, kənd təsərrüfatında, mədəniyyət sahəsində, incəsənət, kino, teatr, rəssamlıq və digər sahələrdə də intibah dövrünün başlandığını vurğuladı. Qeyd etdi ki, Azərbaycan ulu öndərin rəhbərlik etdiyi 1969-1982-ci illərdə sovet respublikaları içərisində qabaqcıl yerə keçdi. O dövrdə həyata keçirilən tədbirlər müstəqil Azərbaycanın bu gününə xidmət edirdi. Həmin tarixdən 47 il keçməsinə baxmayaraq, xalqımız Ulu Öndərimizin uzaqgörən, elmi-iqtisadi cəhətdən əsaslandırılmış siyasətinin bəhrəsini görür, bu məktəbin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın firavan gələcəyinə zəmin yaradan siyasəti dəstəkləyir.
Milli Məclisin Deputatı cənab Aydın Hüseynov qeyd etdi ki, Ulu öndər Heydər Əliyevi xatırlayarkən dahi bir insan, misilsiz düha sahibi, müdrik bir rəhbərlə eyni dövrdə yaşamağımızdan məmnun oluruq. Təqribən 35 il Azərbaycan dövlətinə başçılıq etmiş bu qüdrətli, dahi rəhbər özünəməxsus xüsusiyyətləri ilə seçilmiş, dünya siyasət məkanında əvəzsiz yer tutmuşdur.
Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Yeni Azərbaycan Partiyasını yaratması və ona rəhbərlik etməsi olmuşdur. Belə ki, minlərlə Əliyev ideyalarını qəbul edən insanlar, eyni siyasi əqidə sahibləri bu partiyada birləşmişlər.
Millət vəkili əlavə olaraq bildirmişdir ki, Heydər Əliyevin Qaradağ rayonu ilə sıx və yaxın bağlılığı olmuşdur. Onun dəfələrlə bu bölgəyə səfərləri rayon ictimaiyyətinin qəlbində unudulmaz, dərin izlər qoymuşdur. Bu gün Heydər Əliyevin qurub yaratdığı müasir Azərbaycan hörmətli Prezidentimiz cənab İlham Əliyevin sayəsində etibarlı şəkildə qorunur və inkişaf etdirilir. Onun keçdiyi zəngin həyat yolu, təkrarsız dövlətçilik ənənələri bir məktəb olaraq daim yaşayacaq və gələcək nəsillərə örnək olacaqdır. Ümumiyyətlə, ümummilli lider, ulu öndər Heydər Əliyevin parlaq ideyaları qəlbimizdə əbədi yaşayacaqdır.

Keçidlər