Müqəddəs Ramazan ayı münasibəti ilə qəsəbələrdə iftar süfrələri açılmışdır
Qaradağ rayonunun Sahil, Qobustan, Ələt və digər qəsəbə məscidlərinin həyətlərində Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən iftar süfrələri açılmışdır.
Dindarların, şəhid ailələrinin, kimsəsizlərin, habelə rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi məclislərdə qəsəbə məscidlərinin axundları tədbiri açaraq Müqəddəs Ramazan ayı haqqında məclis üzvlərinə müəyyən məlumatlar verdilər, dualar oxudular və dindarlar adından tədbirləri təşkil edən rayon rəhbərliyinə təşəkkürlərini bildirdilər. İftar mərasimində Müqəddəs Ramazan ayının əhəmiyyətindən danışılaraq, milli-mənəvi həmrəyliyin, saflıq və mərhəmətin rəmzi olan bu ayda xalqımıza əmin-amanlıq və duaların qəbul olunması arzulandı.
Tədbirlərdə iştirak edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri çıxış edərək rayon sakinlərini Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov adından Müqəddəs Ramazan ayı münasibəti ilə təbrik etdilər.