Qaradağ rayon ictimaiyyəti terrora qarşı
İyun ayının 29-da Türkiyənin İstanbul şəhərindəki Atatürk Hava Limanında həyata keçirilən mənfur terror aktı nəticəsində 41 nəfərin ölümü, 200 nəfərdən çox insanın yaralanması ilə nəticələnən hadisə ilə bağlı Qaradağ rayon ictimaiyyəti Türkiyənin Azərbaycan Respublikasındakı səfirliyi qarşısında yığışaraq qardaş xalqla həmrəylik nümayiş etdirmişlər.
Aksiyada terror zamanı həlak olanların xatirəsi yad edilmiş, yaralananlara şəfalar dilənmişdir. Qaradağ rayon ictimaiyyətinin fəal nümayəndələri terror aktını pisləyən şüarlar səsləndirmiş, Azərbaycan xalqının hər zaman Türkiyənin yanında olduğunu bildirmişlər.
Daha sonra Qaradağ rayon ictimaiyyəti adından səfirliyin qarşısına gül dəstələri düzülmüşdür. Türkiyənin Azərbaycan Respublikasındakı səfirliyinə məxsus kitabda Qaradağ rayon ictimaiyyəti adından ürək sözləri yazılmışdır.