05 oktyabr – Beynəlxalq Müəllimlər günü
05 oktyabr – Beynəlxalq Müəllimlər günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin akt zalında tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev 05 oktyabr – Beynəlxalq Müəllimlər günü münasibəti ilə bütün müəllimləri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun adından təbrik etmişdir.
Daha sonra natiq öz çıxışında müstəqillik əldə etdildikdən sonra, xüsusilə də Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtdığından sonra bütün sahələr kimi təhsil sahəsinin də sürətlə inkişaf etməyə başladığını, Azərbaycanın təhsil sisteminin beynəlxalq təhsil sisteminə inteqrasiya olunduğunu qeyd etmişdir.
Son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təhsil sahəsində geniş islahatların həyata keçirilməsini, təhsilin inkişafına və bu sahədə çalışan adamlara yüksək diqqət və qayğı göstərilməsini məhz müəllimlərimizin, təhsil işçilərimizin zəhmətinə verilən yüksək qiymətin təzahürü kimi vurğulayaraq, təhsil ocaqlarının müasirləşdirilməsi və yeniləşdirilməsində Heydər Əliyev Fondunun da misilsiz xidmətlərinin olduğunu bildirmişdir.
Tədbirdə çıxış edən Sahil qəsəbəsindəki Elxan İsmayılov adına 253 nömrəli orta məktəbin riyaziyyat müəllimi Sabir Süleymanov, Ələt qəsəbəsindəki Seyfulla Məmmədov adına 110 nömrəli orta məktəbin coğrafiya müəlliməsi Günay Rəhimova ölkə rəhbərliyinə, xüsusilə Respublikanın Prezidenti cənab İlham Əliyevə və onun xanımı, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanum Əliyevaya göstərilən qayğıya və diqqətə görə rayonun bütün müəllim və şagird kollektivi adından dərin minnətdarlıqlarını və təşəkkürlərini bildirmişlər.
Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyətinin rəhbərliyi adından rayonu ictimai həyatında fəal iştirak edən, təhsil sahəsində səmərəli fəaliyyətinə görə bir qrup müəllimə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.