26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günüdür
“Vətən dünənimdir, Vətən sabahım”
22 iyun 2016-cı il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının (YAP) Qaradağ rayon təşkilatının birgə təşkilatçılığı ilə 26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə “Vətən dünənimdir, Vətən sabahım” adlı tədbir keçirilmişdir. Qaradağ rayonu, Müşfiqabad qəsəbəsindəki Mədəniyyət Evində baş tutan tədbirdə Milli Məclisin üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Milli Məclisin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirli, Milli Məclisin üzvü, tarixçi, şair Musa Quliyev, Milli Məclisin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev, gənc şairlər, qiraətçilər və digər nümayəndələr iştirak etmişlər.
Tədbirdə ilk çıxış edən millət vəkili Musa Quliyev Azərbaycan xalqını 26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təbrik etməklə yanaşı sərhəd keşiyində duran mərd əsgərləri salamladı. Bildirdi ki, Vətən sərhəddən, sərhəd səngərdən, səngər isə əsgərdən başlayır. Dünyada 6 min xalq olsa da, onlardan yalnız 200-nün dövləti var. Dövlətin isə əsas atributlarından biri onun güclü ordusunun olmasıdır. Yalnız güclü dövlətin güclü ordusu olur. Azərbaycanda ilk ordu 1918-ci ildə Şərqdə ilk demokratik ölkə olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmışdır. Daha sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı işlər Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilmişdir. 1971-ci il iyun ayının 20-də Cənubi Qafqazda ilk dəfə Cəmşid Naxçıvanski adına hərbi məktəb yaradıldı. O zaman SSRİ rəhbərliyi və digər qüvvələr bu işə mane olmağa çalışırdılar. Onlar hərbi məktəbi İrəvanda yaratmaq istəyirdilər. Lakin Ulu Öndər buna imkan vermədi. Bu gün həmin hərbi məktəbin zabitləri milli ordumuzun əsasını təşkil edir. Bütün bunlar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində əldə olunmuşdur. Azərbaycan 1991-ci ildə sənəd üzərində müstəqil olsa da, ölkədə vəziyyət ürək açan deyildi. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndərin fəaliyyəti sayəsində ordumuz da inkişaf etməyə başladı”.
Millət vəkili Musa Quliyev əlavə olaraq qeyd etdi ki, hazırda ordumuz günü-gündən qüvvətlənir. Bu da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həmin məsələyə qətiyyətli yanaşması nəticəsində mümkün olmuşdur. Dövlət büdcəsindən ordunun gücləndirilməsinə kifayət qədər vəsait sərf edilir. Biz ordumuzun gücünü cari ilin aprel ayının əvvəllərində cəbhədə baş verən döyüşlərdə gördük. Bu gücü tək biz deyil, bütün dünya gördü və müdafiə etməyə başladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sülhün tərəfdarıdır və münaqişənin sülh yolu ilə həllinə çalışır. Artıq ermənilər ordumuzun gücünü gördükdən sonra bizim təkliflərimizlə razılaşıblar. Düşmən ölkə çox yaxşı bilir ki, münaqişə danışıqlar yolu ilə həll edilməsə, o zaman güclü ordumuz öz sözünü deyəcək.
Millət vəkili, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov isə çıxış edərək bildirdi ki, Azərbaycan ordusunun bugünkü gücü Ulu Öndərin əsasını qoyduğu siyasətin ana xəttini təşkil edir. Azərbaycan Silahlı Qüvvələri Günü ilə bağlı ölkənin müxtəlif yerlərində tədbirlərin və diskussiyaların keçirildiyini deyən A.Hüseynov söylədi ki, bugünkü tədbir onlardan biridir: “Bugünkü tədbirimizi digərlərindən fərqləndirən bir cəhət də burada nümayiş etdiriləcək kompozisiyaların millət vəkili, tarixçi, şair Musa Quliyevin (Musa Urud) vətənpərvərlik mövzusunda yazdığı şeirlərindən ibarət olmasıdır”.
Tədbirdə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu çıxış edərək bildirdi ki, hər bir xalq öz milli-mənəvi dəyərləri ilə tanınır, təqdim edilir. Hər bir xalq öz tarixi yaddaşı qədər mövcuddur. Biz bu tarixi yaddaşımızı ən bariz şəkildə Ali Baş Komandanın tarixi yaddaşında görürük. Çünki Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həllindən danışarkən hər zaman qeyd edir ki, biz torpaqlarımızı azad edəcəyik. Tarixi yaddaş elə budur.
Millət vəkili Hikmət Babaoğlu Musa Urudun yaradıcılığı haqqında da fikirlərini bildirdi. Qeyd etdi ki, Musa Urud xalq şairi Məmməd Araz sözünün fəlsəfəsinin davamçısıdır.
Daha sonra çıxış edənlər, şair və qiraətçilər Musa Urudun yaradıcılığına toxunaraq onun yazdığı şeirlərdən nümunələr səsləndirdilər.
Tədbirdə Müşfiqabad qəsəbəsindəki Mədəniyyət Evinin yaradıcı kollektivinin və Müşfiqabad qəsəbəsindəki ümumtəhsil müəssisələrinin şagirdlərinin ifasında Musa Urudun vətənpərvərlik şeirlərindən ibarət ədəbi-bədii kompozisiya təqdim olunmuşdur.