“Fitnə” filminin nümayişi
İyunun 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qaradağ Rayon İcra Hakimiyyətinin və Qaradağ Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Sahil qəsəbəsində yerləşən Qaradağ rayon Gənclər Evində DQİDK-nın sifarişi ilə çəkilmiş “Fitnə” filminin nümayişi həyata keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, Qaradağ Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev “Fitnə” filminin mahiyyəti, dini radikalizmlə mübarizədə dini maarifləndirmənin rolu mövzusunda məruzə ilə çıxış etdi. Bildirildi ki, bu film dini radikalizmin fəsadlarına kompleks yanaşma ortaya qoyaraq, gənc nəslə bununla bağlı obyektiv məlumatı çatdırmaq məqsədi güdür.
Daha sonra birlikdə “Fitnə” filminə baxış keçirildi.
Tədbirin yekununda film tamaşaçılarla birgə müzakirə edildi.