"İstedadlı uşaqlar festivalı-2016"
Beynəlxalq Muğam Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "İstedadlı uşaqlar festivalı-2016" adlı tədbir keçirilib. Tədbirdə BMT İnkişaf Proqramının (UNDP) Rezident Nümayəndəsinin müavini Nato Alxazişvili, millət vəkilləri, hökumət rəsmiləri, Qeyri-hökumət Təşkilatları (QHT) və media nümayəndələri iştirak edib.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Daha sonra "Azərbaycanda uşaq siyasəti" filmi nümayiş olunub.
Tədbirin açılışını edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, uşaqların tərbiyəsi təkcə dövlətin deyil, bütün bəşəriyyətin icra etməli olduğu vəzifədir: "XX əsrin 50-ci illərindən başlayaraq, uşaqların inkişafına diqqət bəşəri səviyyəyə yüksəlib. Azərbaycanda da uşaq problemləri prioritet istiqamətlərdəndir. Hələ 90-cı illərdə Ümummilli Lider Heydər Əliyev siyasi fəaliyyətində uşaqlara qayğı məsələlərini dövlət səviyyəsinə qaldırmışdır.
Ölkə başçısı İlham Əliyev tərəfindən uşaqların rifahı naminə mütərəqqi addımlar atılır. Uşaq məsələləri ilə əlaqədar dövlət qurumları arasında güclü koordinasiya sistemi yaradılıb, monitorinq qrupu təşkil olunub. Həmçinin, regionlarda erkən nikah, təhsildən yayınma problemləri ilə bağlı mütəmadi olaraq maarifləndirmə işləri görülür, dəyirmi masa təşkil olunur. Xüsusilə qeyd edim ki, dövlətin həssas təbəqədən olan uşaqların sağlıq problemləri üzərində nəzarəti diqqətəlayiqdir.
Hazırda uşaqların cəmiyyətə yararlı inkişafı məqsədilə Milli Məclisdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Onların fiziki, əqli, mənəvi, əxlaqi tərbiyəsi istiqamətində xüsusi proqramlar tərtib olunur. Bununla bağlı, “Azərbaycan ailəsi” strategiyası hazırlanır. Layihə çərçivəsində uşaq strategiyasının gerçəkləşdirilməsi nəzərdə tutulub.
Bu gün Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə uşaqların uğurlu gələcəyi naminə aparılan beynəlxalq səviyyəli islahatları xüsusilə vurğulamaq lazımdır. Biz də bu siyasətin layiqli davamçıları olmağa çalışacağıq”.
Çıxış edən Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova son illər ərzində uşaqların təlim-tərbiyəsi, sağlıq məsələləri ilə bağlı atılan mütərəqqi addımlardan danışıb: “Ölkəmizdə uşaq siyasəti beynəlxalq hüquq normalarına əsasən reallaşdırılır.
BMT-nin Baş Assambleyası tərəfindən 1989-cu il 20 noyabr tarixində qəbul edilən “Uşaq hüquqları" Konvensiyası sözügedən məsələlərin beynəlxalq səviyyədə həll olunmasına təkan verdi. Konvensiya tərəfdaşlarının say çoxluğu baxımından imzalanmış ilk sənəd oldu.
Ölkəmiz 1992-ci ildə bu Konvensiyanı ratifikasiya edərək, yeni islahatların həyata keçirilməsinə başladı.
Respublikamızda uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Azərbaycan Respublikasının Konstitusiyası və bir sıra qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Bu sahədə əsas normativ sənəd 1998-ci il mayın 19-da qəbul edilmiş “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunudur. Bu qanun bir sıra beynəlxalq sənədlərə, xüsusilə də “İnsan hüquqları haqqında” Ümumdünya Bəyannaməsi (1948), "Uşaq hüquqları" Bəyannaməsi (1959), BMT-nin "Uşaq hüquqları" Konvensiyası (1989), "Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi" üzrə Ümumdünya Bəyannaməsinə (1990) uyğun şəkildə hazırlanmış və uşaqların beynəlxalq səviyyədə təsbit olunmuş əsas hüquq və azadlıqlarını, eləcə də bu hüquqların reallaşdırılması üçün dövlətin vəzifələrini özündə əks etdirir”.
Azərbaycanda uşaqlara diqqət və qayğı ilə yanaşıldığını xüsusilə vurğulayan BMT İnkişaf Proqramının (UNDP) Rezident Nümayəndəsinin müavini Nato Alxazişvili bildirib ki, ölkənin “Uşaq hüquqları" Konvensiyasını ratifikasiya etdikdən sonra irəliləyişlər göz önündədir: “Bunun nəticəsidir ki, 2001-ci ilin statistikasına görə, uşaqların ölüm faktları 50 faiz azalıb.
Ötən il BMT tərəfindən "Davamlı inkişaf məqsədi" tərtib olunub. Bu proqrama həlli nəzərdə tutulan 17 məsələ daxildir. Dünyadakı bütün ölkələr, o cümlədən Azərbaycan 15 il ərzində bu məqsədlərin icrasını öhdəliyinə götürüb.
Ümid edirik ki, tətbiq olunan digər proqram və konvensiyalar kimi, bu layihə də müsbət nəticə verəcək. Biz bundan sonra da gələcəyin qərar verən şəxsiyyətləri olan uşaqları doğru istiqamətdə tərbiyə etməyə, uğur qazanmaları üçün həvəsləndirməyə çalışmalıyıq".
Çıxışlardan sonra elm-təhsil, yaradıcılıq, incəsənət və idman sahələrində Azərbaycanı beynəlxalq müsabiqələrdə və yarışmalarda təmsil edərək qalib olmuş, yüksək nailiyyətlər əldə etmiş uşaqlar mükafatlandırılıb, “Azərbaycanın gələcəyi” kuboku ilə təltif olunub.
Tədbirdə Qaradağ rayonunu Yunanıstanda şahmat üzrə 12 yaşadək yeniyetmələr arasında keçirilmiş Dünya Çempionatıda dünya çempionu adına layiq görülmüş Lökbatan qəsəbəsindəki 106 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Muradlı Məhəmməd Seymur oğlu və Bakı şəhərində keçirilən 10-cu “Toyota – Arzuların Maşını” rəsm müsabiqəsinin diplomçuşu Qızıldaş qəsəbəsindəki 180 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi Şirinli İbrahim Ramin oğlu təmsil etmişlər.
Tədbir konsert proqramı ilə davam edib.