Ümummilli Lider Heydər Əliyevin ad gününə həsr olunan cüdo üzrə ənənəvi turnir
29-30 aprel 2016-cı il tarixlərdə Qaradağ rayonun Sahil qəsəbəsindəki “Yeni sahil” İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş cüdo üzrə açıq Respublika birinciliyi keçirildi.
Turnirdə Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş komandalarla yanaşı, Türkiyə, Rusiya və Gürcüstandan da komandalar iştirak edirdi.
Öncə rayon rəhbərliyi, qonaqlar və idmançıların iştirakı ilə Heydər Əliyevin Dərin Özüllər Zavodundakı büstü önünə gül dəstələri qoyuldu və ulu öhdərin xatirəsi ehtiramla yad edildi.
Turnirin açılış mərasimində çıxış edən Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova keçirilən turnirin ənənəvi olduğunu, bu ildən isə beynəlxalq yarışa çevrildiyini vurğulayaraq, Qaradağ rayonunda bədən tərbiyəsi və idmanın inkişafının rayon rəhbərliyinin daim diqqət mərkəzində olduğunu qeyd etdi.
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Bos Şelf şirkətinin direktor müavini Nazim Hüseynov ulu öndərin Azərbaycan idmanı üçün gördüyü misilsiz işlərdən danışaraq bu yolun milli idmanımızın hamisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinin söylədilər. Qeyd olundu ki, keçirilən yarış və digər bu kimi turnirlər həm də olimpia oyunları və dünya çempionatları üçün bir hazırlıq mərhələsidir.
Turnirin bədii hissəsində “Şeron” qrupu, müğənnilər Ceyhun Zeynalov, Azərbaycan “Səs” yarışmasının qalibi Natiq Rzayev, rayonun 5 saylı Uşaq İncəsənət məktəbinin nağaraçalanları və Ə.Əmirov adına Mədəniyyət Sarayının rəqs ansamblı musiqi nömrələri ilə çıxış etdilər.
12 çəki dərəcəsində keçirilən yarışın ümumi yekun nəticəsinə görə qaliblərə müvafiq dərəcəli diplom və medallar, Bos Şelf Şirkətinin sponsorluğu ilə birinci yerin qaliblərinə və onların məşqçilərinə pul mükafatları təqdim olundu.