Müqəddəs Pasxa Bayramı münasibəti ilə slavyanəsilli sakinlər üçün tədbir keçirildi
28 aprel 2016-cı il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Müqəddəs Pasxa bayramı ərəfəsində rayonda yaşayan slavyanəsilli rayon sakinləri ilə görüş keçirilmişdir.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini xanım Təranə İsmayılova tədbiri açaraq, Müqəddəs Pasxa Bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, xalqımızın tarixi ənənələrə söykənən dostluq və qardaşlıq münasibətlərindən danışmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasətin nəticəsində ölkəmizdə sağlam ictimai-siyasi mühitin hökm sürdüyünü, tolerantlığın qorunub saxlanıldığını, müxtəlif dinlərə və təriqətlərə hörmət və ehtiramın bəslənməsini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, yüz illər boyu yüksək mənəvi-əxlaqi dəyərlərin və etnik-dini tolerantlıq ənənələrinin qorunub saxlandığı Azərbaycan cəmiyyətində ayrı-ayrı xalqlar, dinlər və etiqadlar arasında qarşılıqlı hörmət, etimad və qardaşlıq münasibətləri mövcud olmuşdur. Tarixi-mənəvi irsin və etnik-mədəni müxtəlifliyin qorunmasını, multikultural ənənələrə söykənən ictimai münasibətlərin təbliği və təşviq edilməsi fəaliyyətimizin başlıca istiqamətlərindən biridir.
Qaradağ rayonu Rus İcmasının sədri Natalya Paramanova, Qaradağ rayonu Ukrayna Konqresinin sədri Qalina Fyodorovna Qasımova və başqaları çıxış edərək, Qaradağ rayonunda Pasxa bayramının yüksək səviyyədə keçirilməsini qeyd edərək, rayon rəhbərliyinə öz təşəkkürlərini bildirmiş və tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etmişlər.
Tədbirin sonunda 75 nəfər aztəminatlı slavyanəsilli ailəyə ərzaq yardımı verilmişdir.
Rayonda yaşayan rus İcmasından və Ukrayna Konqresindən olan bir qrup sakinlər göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.