Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 93 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
27 aprel 2016-cı il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 93 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Millət Vəkili, YAP Qaradağ Rayon Təşkilatının sədri Aydın Hüseynov, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz Xəstəlikləri kafedrasının dosenti Nüşabə Hacıyeva və digər qonaqlar iştirak edirdilər.
İlk öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə güllər düzərək dahi şəxsiyyət hörmət və ehtiramlarının bildirdilər.
Tədbiri giriş nitqi ilə açıq elan edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova akademik Zərifə xanım Əliyevanın bütövlükdə öz parlaq fəaliyyəti ilə tarix salnaməsinə əbədi həkk olunmuş şərəfli və mənalı bir ömür yaşadığını, onun elmin çətin yollarında inamla irəliləyərək tibb elminin ən uca pillələrinə yüksəldiyini, çox məsuliyyətli, eyni zamanda ibrətamiz, nümunəvi bir həyat yolu keçdiyini vurğuladı.
Daha sonra çıxış edən Millət Vəkili, YAP Qaradağ Rayon Təşkilatının sədri Aydın Hüseynov oftalmoloq alimin zəngin ömür yolundan, pedaqoji fəaliyyətindən, tibb elminə verdiyi töhfələrdən danışdı. Qeyd etdi ki, Azərbaycan tibb elminin, xüsusilə onun az inkişaf etmiş oftalmologiya sahəsinin inkişafında müstəsna xidmətləri olan Zərifə xanım Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin yaxın silahdaşı olmuşdur. Zərifə xanım Əliyeva Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri yaxşı bir təcrübə kimi ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. O, Heydər Əliyevə mənəvi dayaq, arxa olmuşdur.
Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olmuşdur. İstedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb. Bu barədə çıxış edən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz Xəstəlikləri kafedrasının dosenti, Zərifə xanım Əliyevanın tələbəsi və onun birgə işləmiş Nüşabə Hacıyeva bildirdi ki, Zərifə Əliyeva yorulmaz fəaliyyəti ilə insanlara daim nur bəxş edib, gözlərə işıq verib. Onun şəfalı əlləri ilə minlərlə xəstə müalicə olunub. Zərifə xanım Əliyeva görkəmli alim olmaqla yanaşı, həm də kövrək qəlbli insan, qayğıkeş və sevimli həyat yoldaşı, övladlarına gözəl tərbiyə verən mehriban ana olub.
Tədbirin sonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın həyatından bəhs edən film nümayiş edildi.