Naxçıvan sivilizasiyasının 3500 illiyi
12 aprel 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində “Ölkəmizi tanıyaq” tur aksiyasında Qaradağ rayonundan Naxçıvan Muxtar Respublikasına göndərilmiş 28 məktəbli arasında “Naxçıvanda sivilizasiyanın 3500 illiyi”nə həsr olunmuş bilik olimpiadası keçirildi.
Tədbirdə giriş sözü ilə çıxış edən Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi E.Abbasov Azərbaycanın ən qədim iqtisadi, siyasi və mədəni mərkəzlərindən biri olan Naxçıvanın öyrənilməsi istiqamətində olimpiadanın keçirilməsinin məqsəd və vəzifələrindən danışaraq böyüməkdə olan nəslin intellektual səviyyəsinin daim artırılması, onların ümumbəşəri və milli dəyərlərə yiyələnməsinin “Dövlət Gənclər Siyasətinin” tərkib hissəsi olduğunu və Qaradağ rayon İcra Hakimiyyətinin belə tədbirləri daim diqqət mərkəzində saxladığını bildirdi.
Qaradağ rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Səmayə Şıxəliyeva tarixin bütün sınaqlarına sinə gərərək təkcə Azərbaycana deyil, bütün dünyaya dahi ədiblər, sərkərdələr, ictimai və siyasi xadimlər, elm, incəsənət adamları bəxş etmiş Naxçıvanın gənc nəsil tərəfindən öyrənilməsinin vacib olduğunu və bu məqsədlə artıq ənənəyə çevrilməkdə olan “Ölkəmizi tanıyaq” tur aksiyasının bu istiqamətdə əhəmiyyətini qeyd etdi.
Tur aksiyasına rəhbərlik etmiş rayon İcra Hakimiyyətinin əməkdaşı Hüseynov Firidun Naxçıvanla bağlı təəssüratlarından danışaraq səfərin şagirdlərin Muxtar Respublika ilə bağlı maariflənməsində, onlarda vətənpərvərlik hisslərinin aşılanmasında müstəsna əhəmiyyəti olduğunu söylədi.
Münsiflər heyətinin sədri İlqar Qasımov yarışın qayda və şərtlərini izah etdikdən sonra üç mərhələdən ibarət olimpiadaya start verildi.
Yazılan cavabların nəticələrinə əsasən 253 №-li məktəbin XI sinif şagirdi Əliyev Sadiq I yerə, 273 №-li məktəbin X sinif şagirdi Əhmədov Ramil II yerə və 228 № li məktəbin X sinif şagirdi Şahmirzəyev Kamran III yerə layiq görüldü.
Qaliblər müvafiq dərəcəli diplomlar, medallar və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.