Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Qaradağ rayon təşkilatı yaranmasının 23 illiyini qeyd edib

17 mart 2016 | 11:00

Bu gün Qaradağ rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının yaranmasının 23-cü ildönümü münasibətilə tədbir keçirilib
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov, “İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev, rayon ziyalıları və fəal gənclər iştirak ediblər.
Öncə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə güllər düzüb, Dahi Şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək onlara ailə səadəti, firavan həyat arzulayıb. Aydın Hüseynov bildirib ki, YAP-ın yaranması müasir tariximizin ən mühüm ictimai-siyasi hadisələrindən biridir: “YAP tarixi zərurətdən yaranaraq, qısa zaman kəsiyində ümumxalq partiyaya çevrildi.  Yarandığı dövrdən bu günə qədər Yeni Azərbaycan Partiyası yalnız Azərbaycanın inkişafı naminə çalışdı”.
O, tarixə nəzər salaraq 1990-cı ilin əvvəllərində Azərbaycanın dərin böhran vəziyyətində olduğunu, bu böhrandan xalqı və dövləti Ulu Öndər Heydər Əliyevin çıxardığını, xalqın ziyalılarının müraciəti ilə 1992-ci il 21 noyabr tarixində Azərbaycanın taleyində çox mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının yarandığını vurğulayıb.
Çıxış edən rayon İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov YAP Qaradağ rayon təşkilatının ötən dövr ərzində böyük inkişaf yolu keçdiyini diqqətə çatdırıb. YAP Qaradağ rayon təşkilatının üzvlərinin ölkənin ictimai-siyasi proseslərində fəal iştirak etdiyini, Ümummilli Liderin əsasının qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu siyasətin nəticəsində hazırda ölkəmizin güclü dövlətə çevrildiyini qeyd edib.
Tədbirdə çıxış edən “İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə partiyanın yaranma tarixinə nəzər salaraq, o dövrün çətinliklərindən bəhs edib. Vüqar Rəhimzadə qeyd edib ki, Ulu Öndər Heydər Əliyev yaratdığı Yeni Azərbaycan Partiyası ölkəmizin, xalqımızın həyatını kökündən dəyişməklə yanaşı Azərbaycanın həyatında yeni mərhələnin əsasını qoydu: “YAP siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi xalqımızın həyatında mühüm rol oynayır. İnanırıq ki, bundan sonra da belə davam edəcək, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ideyalarını yaşadacaq. Partiyamız Ulu Öndər siyasi məktəbinin, Onun yolunun və ideyalarının davamçısı olacaq”.
“Səs” qəzetinin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev çıxış edərək Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdəki mövqeyi, onun yerli strukturlarının fəaliyyəti haqqında fikirlərini bildirib. O, YAP Qaradağ rayon təşkilatının partiyanın öncül strukturlarından biri olduğunu qeyd edib. Bəhruz Quliyev bildirib ki, YAP hər zaman dünəninə hörmət, gələcəyinə rəğbətlə yanaşır: “Bu da partiyamızda yaşlı nəsillə bərabər, qadınlara, gənclərə olan inamın təcəssümüdür. Ona görə də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi  ilə yaradılmış və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının nüfuzu gündən-günə artmaqdadır.  Sıralarını daim kəmiyyət və keyfiyyət etibarilə genişləndirən Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyası kimi xalqımızın həyatında öz sözünü deməyə qadir partiyadır”.
B.Quliyev  YAP  Qaradağ rayon təşkilatının üzvlərini bayramları münasibətilə təbrik edərək  onlara gələcək siyasi fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə, həmçinin çıxış edən gənclər YAP Qaradağ rayon təşkilatının fəaliyyəti haqqında fikirlərini bölüşüblər.
Sonda YAP Qaradağ rayon təşkilatının bir qrup fəal üzvünə rayon İcra hakimiyyətinin fəxri fərmanlar təqdim olunub, partiya sıralarına yeni qoşulmuş şəxslərə partiya vəsiqəsi təqdim edilib.

Keçidlər