Şriftin ölçüsü :

Saytın rəngi :

32 saylı şəhər poliklinikasının açılışı

26 sentyabr 2012 | 10:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qaradağ rayonunun Ələt qəsəbəsində yenidən qurulan 32 nömrəli şəhər poliklinikasının açılışında iştirak etmişdir.
Ötən il martın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə dövlətimizin başçısı paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı tapşırıqlar vermişdi. Verilən tapşırıqların icrası ilə yerindəcə tanış olmaq üçün ötən il aprelin 4-də Prezident İlham Əliyev Qaradağ rayonunun Qobustan və Ələt qəsəbələrində olmuşdu.
Dövlət başçısı Ələt qəsəbəsində olarkən sakinlər poliklinikanın yenidən qurulması barədə xahiş etmişdilər. Prezident İlham Əliyevin 2011-ci il aprelin 6-da imzaladığı Sərəncamla Qaradağ Rayon İcra Hakimiyyətinə altı milyon manat, o cümlədən Ələt qəsəbəsində 32 saylı şəhər poliklinikasının yenidən qurulması üçün bir milyon manat vəsait ayrılmışdı.
Ələt qəsəbəsinə gələn Prezident İlham Əliyev poliklinikanın əvvəlki və hazırkı vəziyyətini əks etdirən şəkillərdən ibarət stendə baxdı.
Dövlət başçısı poliklinikanın rəmzi açılışını bildirən lenti kəsdi.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycan Prezidentinə məlumat verdi ki, poliklinikanın 1970-ci illərdə inşa olunmuş birmərtəbəli binası istifadəyə yararsız vəziyyətdə idi. Hazırda müasir standartlara cavab verən ikimərtəbəli yeni binada xəstələrin müayinə və müalicəsi üçün hər cür şərait yaradılmışdır.
Binanın girişində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə səhiyyənin inkişafına diqqət və qayğılarını əks etdirən fotoguşələr yaradılmışdır.
Poliklinikada cərrah, uşaq nevropatoloji, peyvənd, prosedur, filtr boks, uşaq həkimi, diş həkimi, qulaq-burun-boğaz, terapevt, nevropatoloq, oftalmologiya, ginekologiya kabinetləri, laboratoriya, rentgen və idarəetmə otaqları fəaliyyət göstərir. Otaqlar müasir tibb avadanlığı ilə təmin edilmişdir.
Azərbaycan Prezidenti poliklinikada yaradılmış şəraiti yüksək qiymətləndirdi, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi ilə bağlı tapşırıqlarını verdi.
 

Keçidlər