Şriftin ölçüsü :

Saytın rəngi :

"Sağlam ailə sağlam gələcəyin təminatıdır"

11 mart 2016 | 11:00

Martın 11-də Heydər Əliyev Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ilə birgə "Sağlam ailə sağlam gələcəyin təminatıdır" mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov ölkəmizdə uşaqların icbari dispanserizasiyası, qan donorluğunun inkişafı, irsi qan xəstəlikləri ilə mübarizə istiqamətində görülmüş işlərdən danışıb. Son illər respublikamızda qan xəstəliklərinin müalicəsi istiqamətində ciddi addımlar atıldığı, bu xəstəliklərdən əziyyət çəkənlərin müayinə və müalicəsinə diqqətin artırıldığı vurğulanıb. Qeyd olunub ki, qan xəstəlikləri Azərbaycanda geniş yayılmış problemlərdən biridir. Məhz bu səbəbdən bu xəstəlikdən əziyyət çəkənlər daim dövlətimizin diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti səhiyyənin inkişafına olduqca çox diqqət yetirir. Hər il Bakıda və regionlarda çoxsaylı yeni tibb müəssisələri inşa olunur, onlar ən yeni tibbi avadanlıqlarla təchiz edilir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə çıxışında qadın, ailə və uşaq siyasəti sahəsində əldə edilən nailiyyətlərdən danışıb, şəhər və rayonlarda gender bərabərliyinin təmin edilməsi, insan alveri, narkomaniya, məişət zorakılığı, erkən nikah və selektiv abortlarla mübarizə, uşaqların təhsildən yayınması və digər sahələr üzrə müxtəlif qurumlarla birgə genişmiqyaslı maarifləndirici tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb. Eyni zamanda, komitənin nəzdində yaradılmış 11 ailə və uşaqlara dəstək mərkəzinin fəaliyyətindən bəhs olunub.
Vurğulanıb ki, Komitə yaranandan güclü dövlət dəstəyini daim hiss edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz qarşıda duran vəzifələrin uğurlu həlli üçün zəruri imkanlar yaradıb. Komitə də öz növbəsində dövlətin yaratdığı şəraitdən istifadə edərək bundan sonra da öz missiyasını layiqincə yerinə yetirməyə çalışacaq. Komitə sədri səhiyyənin hematologiya və transfuziologiya sahəsinə aid olan iki qanun və üç Dövlət Proqramının qəbul edildiyini diqqətə çatdıraraq bildirib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Respublika Talassemiya Mərkəzi inşa edilərək xəstələrin ixtiyarına verilib. Səhiyyə Nazirliyi tərəfindən Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun binası əsaslı təmir edilərək müasir avadanlıqlarla təmin olunub. O da qeyd olunub ki, ötən il iyun ayının 1-dən indiyədək nikaha girmək istəyən 107 min 500 şəxs tibbi müayinədən keçib və onların 6 min 228-də talassemiya daşıyıcılığı aşkar edilib.
Milli Məclisin deputatı Aydın Hüseynov irsi qan xəstələrinin hüquq və vəzifələrindən, eləcə də dövlətin üzərinə düşən vəzifələrdən söhbət açaraq Azərbaycanda irsi qan xəstəliklərinin sağlamlığının qorunması istiqamətində mükəmməl qanunvericilik bazasının olduğunu deyib. Bildirilib ki, "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Qanunun tətbiq edilməsi barədə” Prezident Fərmanına uyğun olaraq, Nazirlər Kabinetinin qərarları ilə təsdiq edilmiş tədbirlər proqramlarının həyata keçirilməsi bu xəstələrin donor qanına və dəmirqovucu dərman preparatlarına ehtiyacının tam ödənilməsinə, onların sağlamlıq vəziyyətinin yaxşılaşmasına imkan yaradıb.
İSİM-in şöbə müdiri Səbinə Babazadə görülən tədbirlər nəticəsində talassemiyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunduğunu, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldığını bildirib. Şöbə müdiri irsi qan xəstəliklərinin qarşısının alınmasında profilaktik və maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” talassemiyanın profilaktikasının gücləndirilməsinə, əhali arasında maarifləndirmə işlərinin genişləndirilməsinə və ümumən, talassemiyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə yönəlib. Dövlət Proqramının məqsədi Azərbaycanda talassemiya xəstəliyinin profilaktikasının və müalicəsinin təkmilləşdirilməsi yolu ilə xəstələnmə, əlillik və ölüm hallarının azaldılmasından ibarətdir.

Keçidlər