İnternat məktəb əsaslı təmirdən sonra istifadəyə verilib
Fevralın 29-da Bakı şəhəri Qaradağ rayonu Sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.
Mərasimdə təhsil naziri Mikayıl Cabbarov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və internat məktəbin pedaqoji kollektivi iştirak edib.
Qonaqlar öncə inernat məktəbdə görülmüş işlər və yaradılmış şəraitlə tanış olublar. Məlumat verilib ki, internat məktəb əsaslı təmir olunub, 180 şagird yerlik əlavə korpus, idman və akt zalları tikilib. Yeni tikilən əlavə korpus tədris hissəsindən, idman və akt zallarından ibarətdir. Məktəb binasında 8 sinif otağı, kimya və fizika laboratoriyaları, kompüter kabineti, kitabxana və digər tədris–təsərrüfat otaqları var.
Məktəbdə videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri quraşdırılıb və telefon xətləri çəkilib. Binanın istiliklə təmin olunması üçün qazanxana və nasosxana təmir olunub, müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edilib. Həmçinin, internat məktəbi dayanıqlı elektrik enerjisi ilə təmin emək məqsədilə yeni yarımstansiya quraşdırılıb.
Sonda internat məktəbinin direktoru Xanımqız Şükürova məktəbin pedaqoji kollektivi adından sağlamlıq imkanları məhdud uşaqlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirib, onların cəmiyyətə fəal inteqrasiyası üçün yaradılan şəraitə görə ölkə başçısına minnətdarlığını bildirib.