Əhalinin məşğulluq səviyyəsinin artırılması, sərmayələrin cəlb edilməsi və yeni iş yerlərinin açılması məqsədilə Qaradağ rayon sahibkarları ilə görüş
16 fevral 2016-cı il tarixində Lökbatan qəsəbəsi, Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılovun sahibkarlarla növbəti işgüzar görüşü keçirildi.
Görüşdə Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, rayon İcra hakimiyyətinin məsul işçiləri, aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin rayonda fəaliyyət göstərən sahibkarlar iştirak edirdi.
Görüşü giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov cari ilin yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ildə sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında və yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda ölkə başçısı cənab İlham Əliyev tərəfindən əhalinin məşğulluq səviyyəsinin artırılması, sərmayələrin cəlb edilməsi və yeni iş yerlərinin açılması istiqamətində verilmiş vəzifə və tapşırıqlarının icrası sahəsində görülmüş işlər və qarşıda duran perspektivlər barədə öz fikirlərini söylədi. Qeyd etdi ki, 30 yanvar 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Qaradağ rayonun “Mətanət-A” şirkətinin Yeni Ağdağ gips zavodu fəaliyyətə başlamış və həmin zavodda 300 yeni iş yerinin açılması nəzərdə tutulmuşdur. Ölkə rəhbəri cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə vəsaiti hesabına rayonda aparılan abadlıq və quruculuq işlərinə qeyri məşğul əhalinin 270 nəfəri artıq işlə təmin olunmuşdur. Rayon ərazisində mövcud olan 3 ədəd beşmərtəbəli köhnə binalarda cari təmir işlərinin aparılması üçün 110 nəfərin işlə təmin olunması istiqamətində müvafiq işlər aparılmaqdadır. Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən rayon ərazisində abadlıq və yaşıllaşdırma sahələrində yeni 590 nəfərlik iş yeri yaradılmışdır ki, hazırda həmin yeni iş yerlərinə 120 nəfər işlə təmin olunmuş, digər vakansiyalar üzrə də işçilərin qəbulu davam etdirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 yanvar 2016-cı il tarixli 8 saylı Qərarına müvafiq olaraq rayonun Lökbatan, Sahil, Qızıldaş, Ələt və Qobustan qəsəbələrində mövcud olan 274 ədəd qamış və taxta konstruksiyalı qəzalı evlər sökülərək yerlərində yeni yaşayış binasının tikintisi nəzərdə tutulmuşdur. Təkcə Lökbatan qəsəbəsi, S.Orucov küçəsində tikiləcək yeni 14 yaşayış binasında 600-650 nəfərin işlə təmin olunması nəzərdə tutulmuşdur.
Qaradağ rayonun Sahil qəsəbəsində fəaliyyət göstərən “BOS SHELF” MMC-nin bazasında yeni xidmət sahəsi yaradılaraq 200 yeni iş yeri yaradılmış və işçilərin qəbul olunması istiqamətində tədbirlər davam etdirilir.
Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" 3 fevral 2016-cı il tarixli fərmanına uyğun olaraq Qaradağ Rayon İcra Hakimiyyətində 8 fevral 2016-cı il tarixində Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılmış, onların tərkibi təsdiq edilmişdir. Apellyasiya Şurasına “Yerli İcra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”dən irəli gələn vəzifələrin icrası tapşırılmışdır.
Rayon Məşğulluq Mərkəzinin direktoru Tahir Hüseynov çıxışında əhalinin məşğulluq səviyyəsinin təmin olunması və sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlər haqqında geniş məlumat verərək, yaxın aylarda görüləcək işlər barədə hesabat verdi.
“Mətanət-A” Şirkətlər Qrupunun prezidenti Elxan Bəşirov Qaradağ rayonunda fəaliyyət göstərən müəssisələrin mövcud potensialından tam səmərəli istifadə etməklə yeni istehsal və xidmət sahələrinin yaradılmasına nail olunması üçün görülməli işlər barədə toplantı iştirakçılarına öz fikirlərini çatdırdı.
“Puta Əyrici” Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Arif Mustafayev özəlləşdirilmiş və uzun illərdir müxtəlif səbəblərdən fəaliyyəti dayandırılmış müəssisələrin bərpası və yaxud bu müəssisələrin istehsal təyinatının dəyişdirilərək bu gün iqtisadi cəhətdən prioritet hesab olunan sahələr üçün yenidən qurularaq rekonstruksiya edilməsi üçün yeni layihələrin hazırlanması və bu layihələrin reallaşdırılmasının dəstəklənməsi barədə geniş məruzə etdi.
Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov çıxış edərək son illərdə ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlər, o cümlədən sahibkarlığın inkişafı üçün ölkə rəhbəri, prezident cənab İlham Əliyevin göstərişi ilə yaradılmış münbit şəraitdən bəhs etdi.
Daha sonra tədbir iştirakçıları qarşılıqlı maraq doğuran məsələlərin ətrafında fikir mübadiləsi apardılar.
Sonda sahibkarlar ölkədə biznes mühitinə yaradılmış əlverişli şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə onların minnətdarlıqlarını bildirdilər.