“Vətənin müdafiəsinə hazıram”
05 fevral 2016-cı il tarixində Lökbatan qəsəbəsində yerləşən Ə. Əmirov adına Mədəniyyət Sarayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin Qaradağ Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdikləri “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini cənab Emil Abbasov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi polkovnik Rövşən Əlvəndov, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Cəmil Niftəliyevin anası Sərməgül Niftəliyeva, rayon ictimaiyyəti, veteranlar və gənclər iştirak edirdilər.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş niqti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Emil Abbasov açaraq, iştirakçıları rayon İcra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun adından salamladı. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yarandığı gündən vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində rayonda mühim işlər görülürdüyünü, gənclərin vətənpərvərlik, dövlətimizə və xalqımıza məhəbbət ruhunda tərbiyə edilməsinin ən mühüm sahələrdən biri olduğunu vurğuladı. Qeyd etdi ki, bütün tərbiyə işini həyatla əlaqələndirmək sahəsində rayonun ümumtəhsil məktəbləri xüsusi rol oynayırlar. Təhsil ocaqları ictimai inkişaf qanunlarını şagirdlərə başa salmalı, məktəbliləri xalqımızın ənənələri, vətənin müdafiəsinə hazır olmaq ruhunda tərbiyələndirməli, onlarda yüksək vətənpərvərlik hissini, həmçinin xalqımızın əxlaqına zidd təzahürlərə qarşı qətiyyətli mübarizə ruhunda inkişaf etdirməlidir. Azərbaycan ordusu və xalqının Qarabağ müharibəsində düşmən təhlükəsinə qarşı mübarizədə göstərdiyi qəhrəmanlıqların, igidliklərin öyrənilməsi məktəblilərin hərbi-vətənpərvərlik tərbiyəsi üçün xüsusi əhəmiyyətə malikdir. Hərbi-vətənpərvərlik tərbiyəsini təkcə təlim prosesində aparılan işlərlə məhdudlaşdırmaq olmaz. Bu işdə sinifdən və məktəbdənkənar tərbiyə işlərinin müxtəlif formalarından, yol və vasitələrindən istifadə etmək lazımdır.
Azərbaycan Silahlı Qüvvələrinin şanlı qəhrəmanlıq tarixi ilə tanışlıq gənclər üçün zəruri olan cəsurluq və şücaət, mərdlik, xalqa və vətənə sədaqət kimi keyfiyyətlər tərbiyə edir. Məktəbdə hərbi-vətənpərvərlik tərbiyəsinin bütün sistemi gənclərin qəlbində yaşlı nəslin keçmiş ənənələrinə yüksək inam və sədaqət hissini alovlandırmalı, hər bir məktəbli oğlan və qız dərindən hiss etməlidir ki, o, öz babalarının, atalarının və böyük qardaşlarının dönməz davamçısıdır. Məktəbdə hərbi-vətənpərvərlik tərbiyəsinin əsas məzmununu məhz bu prinsip təşkil etməlidir. Tərbiyə işinin bu mühüm sahəsi məktəblilərin əsgəri hissələrlə dostluq əlaqələrindən, onlarla görüşlərdən, mövsümi sərgilərin təşkilindən qaynaqlanır.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov gənclərin hərbi vətənpərvərlik ruhunda böyüməsi və tərbiyə alması istiqamətində görülən işlərə, bu istiqamətdə yüksək təşkilatçılıq və dəstək göstərdiyinə görə rayon İcra hakimiyyətinin rəhbərliyinə təşəkkürünü bildirdi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomunu Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasova təqdim etdi.
Azərbaycan Respublikasının Milli Qəhrəmanı Cəmil Niftəliyevin anası Sərməgül Niftəliyeva gənclərə vətəni sevməyi, hər zaman onun müdafiəsinə hazır olmağı bildirdi. O, Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin "Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir" sözləri ilə çıxışını bitirdi.
Milli Qəhrəman anası Sərməgül Niftəliyevaya da Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomu təqdim olundu.
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi polkovnik Rövşən Əlvəndov “Çağırışaqədərki hazırlıq” fənninin tədrisində xüsusi fərqlənən rayonun Sahil qəsəbəsindəki Ə.Kazımov adına 228 saylı tam orta məktəbin müəllimi Sahib Hüseynova mükafat təqdim etdi.
Tədbirdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinin rəisi Novruz Rəhimov çıxış etdi. O, Qarabağ müharibəsi veteranı Novruz Quliyevə, xidmətdə fərqləndiyinə görə Namiq Mahmudluya və Vüsal Əhədzadəyə mükafatlar təqdim etdi.
Rəsmi hissədən sonra qəhrəmanlıqla bağlı şeirlər səsləndi, mahnılar oxundu. Tədbir Azərbaycanda vətənpərvərlik mahnılarının məşhur ifaçısı Şəmistan Əlizamanlının vətənpərvərlik mahnılarının sədaları altında ruh yüksəkliyi ilə sona çatdı.