Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyətinin 2015-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı keçirildi

01 fevral 2016 | 11:00

Qaradağ Rayon İcra Hakimiyyətinin 2015-ci ildə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 10 yanvar 2016-cı il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirildi.
Yığıncağın işində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi cənab Tağı Tağıyev, Milli Məclisin deputatı, Yap Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Yığıncaqdan öncə tədbirdə iştirak rayon rəhbərliyi ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.
Hesabat yığıncağında ilk öncə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 10 yanvar 2016-cı ildə sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitqində ölkəmizin əldə etdiyini yüksək nailiyyətlərini vurğuladı.
Qeyd etdi ki, Ümummilli Liderin uzaqgörən siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gün dünyanın müxtəlif yerlərində müşahidə olunan xoşagəlməz proseslər, siyasi və iqtisadi böhranlar insanların etirazları ilə qarşılanır. Lakin ölkəmizin sağlam təməllər üzərində qurulan iqtisadi inkişafı təhlükəsiz şəraitdə yaşamağımızın qarantıdır. Qeyd olunmuşdur ki, Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır, sabitlik təmin edilir. Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşayır. Azərbaycanın iqtisadi inkişaf modeli bir çox ölkələr üçün nümunə ola bilər.
Məruzə nitqi ilə çıxış edən rayon İcra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov daha sonra bildirmişdir ki, qazanılan hər bir uğura dövlət başçısının göstərdiyi böyük diqqət və qayğı sayəsində nail olunmuşdur. Məhz ölkə Prezidentinin birbaşa təşəbbüsü və himayəsi sayəsində son illər Qaradağ rayonunda bir çox mühüm obyektlərin inşası uğurla başa çatdırılmışdır.
Bunun bariz nümunəsi ötən ilin iyun ayının 25-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin açılışında iştirak etdiyi Puta qəsəbəsindəki Hərbi Dəniz Qüvvələrinin yeni bazası və “N” saylı hərbi hissəsidir.
Ötən ilin digər əlamətdar hadisəsi Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu – “Çin-Aktau-Ələt limanı” üzrə hərəkət edən ilk sınaq konteyner qatarının avqust ayının  3-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatmasıdır. Sentyabr ayında isə ikinci konteyner qatarı Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə hərəkət etmişdir.
Rayon sakinlərini sevindirən daha bir əlamətdar hadisə 18 sentyabr 2015-ci il tarixində “Neftçilər günü” ərəfəsində Dövlət Neft Şirkətinin Sahil qəsəbəsində inşa edilmiş iki yeni yaşayış binasının istifadəyə verilməsidir.
2015-ci ilin yekunları haqqında geniş məruzə nitqi ilə çıxış edən rayon İcra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov bildirdi ki, rayon üzrə 660,5 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş, rayon sənayesində qeyri dövlət müəssisələri tərəfindən 293 milyon manatlıq, dövlət müəssisələri tərəfindən isə 367 milyon manatlıq sənaye məhsulu istehsal olunmuş, istehlakçılara 735 milyon manatlıq məhsul göndərilmişdir. Neft və qaz sənayesi müəssisələrində 523 min ton xam neft və 539 milyon kub metr təbii qaz hasil olunmuşdur.  Rayonun sosial və iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 149 milyon 736 min manat investisiyadan istifadə edilmişdir.
Rayon üzrə 1,8 milyon ton sement, 111 min ton mişar daşı  istehsal edilmişdir. Ötən il ərzində rabitə xidmətlərinin həcmi 7,6 milyon manat olmuşdur. Pərakəndə əmtəə dövriyyəsi 2,6 milyard manat, əhaliyə göstərilən pullu xidmətlər isə 120 milyon manat olmuşdur.
2015-ci ildə avtomobil nəqliyyatında fəaliyyət göstərən müəssisələr tərəfindən  37,9 milyon manatlıq xidmətlər göstərilmişdir.
Sevindirici haldır ki, bütövlükdə hesabat ilinin əvvəlindən rayonumuzda 1201 yeni iş yeri açılmışdır ki, bunun 1153-ü fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərdədir. Ötən il ərzində rayonumuzda orta aylıq nominal əmək haqqı 8,1 faiz artaraq 828,3 manat olmuşdur.
Hesabat ilində rayonun 1228 aztəminatlı  ailəsinə ümumilikdə 2 milyon 586 min manat ünvanlı sosial yardım verilmişdir. Əhalinin aztəminatlı təbəqələrinə müxtəlif təqaüdlər də ödənilmişdir.
Artıq iki ildir ki, fəaliyyətdə olan “ASAN xidmət” regionlardakı əhaliyə səyyar formada xidmətlər göstərir. Hesabat ilində Qaradağ rayonunun Lökbatan, Sahil, Qobustan, Ələt və Müşviqabad qəsəbələrində 10 min nəfərdən çox rayon əhalisinə səyyar "ASAN xidmət" göstərilmişdir.
Rayonun Sanqaçal qəsəbəsi ərazisində Neft-Qaz və Neft-Kimya Kompleksinin  salınması üçün ümumi sahəsi 3850 hektar olmaqla, Qaradağ rayon ərazisindən 1875 hektar torpaq sahəsi ayrılmışdır. Kompleksin tikintisinə təxminən 7 milyard ABŞ dolları vəsait xərclənəcək. Tikinti işləri zamanı ərazidə 30 min, istehsal prosesində isə 15 mindən çox vətəndaş işlə təmin olunacaqdır.
Məruzə ətrafında 5 saylı Xəzinə İdarəsinin müdiri Sumbat Fətəliyev, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, zalda quraşdırılmış mikrofonlardan Milli Qəhrəman Yusif Əliyevin atası Əliyusif Əliyev, rayon veteranlar birliyinin sədr müavini Paşa Məmmədov,  təqaüdçü Zahid  İbrahimov çıxış edərək rayon İcra hakimiyyətinin 2015-ci ildəki fəaliyyətini qənaətbəxş hesab etdiklərini bildirdilər.
İclasda iştirak edən Milli Məclisin deputatı, Yap Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov ölkədə gedən iqtisadi islahatlardan, ölkə başçısı cənab Prezidentin son zamanlar devalvasiya ilə əlaqədar imzaladığı ardıcıl sərəncamları və verdiyi fərmanları geniş təhlil etdi.
Hesabat yığıncağında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi cənab Tağı Tağıyev respublikamızın 2015-ci ildə əldə etdiyi sosial-iqtisadi inkişafdan danışmış, ölkə üzrə statistik məlumatları iclas iştirakçılarının nəzərinə çatdırmışdır.
Gündəlikdəki məsələyə dair Qaradağ Rayon İcra Hakimiyyətinin hesabat yığıncağının qərar layihəsi təklif edilmiş və yekdilliklə qəbul edilmişdir.
Hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.
Hesabat yığıncağını yekun sözü ilə bitirən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov möhtərəm Prezidentimizə dərin minnətdarlığını bildirmişdir.
Rayon ictimaiyyətinə ölkə başçısı cənab İlham Əliyevin verdiyi tapşırıqların, Nazirlər Kabinetinin məlum iclasındakı nitqindən irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsi və Qaradağ rayonunun davamlı sosial-iqtisadi inkişafını təmin edilməsi üçün tapşırıqlarını verdi.
Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidentinin 21 dekabr 2015-ci il tarixli Sərəncamı ilə 2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qalibi elan edilmiş Qaradağ rayonun Müşviqabad  qəsəbəsindəki 274 saylı tam orta məktəb və məktəbin fəal müəllimlərinə rayon İcra Hakimiyyəti başçısının imzaladığı Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olundu.

Keçidlər