“2 fevral-Azərbaycan gəncləri günü”
28 yanvar 2016-cı il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində “Azərbaycan Gənclər günü”nə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, Gənclər və İdman Nazirinin müavini cənab İsmayıl İsmayılov, Millət vəkilləri Adil Əliyev, Aydın Hüseynov və digər qonaqlar iştirak edirdilər.
İlk öncə tədbirə gələn qonaqlar ümummilli lider Heydər Əliyev abidəsi önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.
Daha sonra rayon gənclərinin müxtəlif yarışlarda əldə etdikləri nailiyyətlərlə tanış oldular.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Tədbirdə giriş sözü ilə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov ölkəmizdə gənclərə belə yüksək dəyərin verilməsini ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdi. Qeyd etdi ki, ölkəmizdə həyata keçirilən gənclər siyasəti Azərbaycan gəncliyinin hərtərəfli inkişafına və ictimai-siyasi həyatda fəal iştirakının təmin olunmasına yönəlib. Ulu Öndərin əsasını qoyduğu bu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün dövlətimizin gənclər siyasətinin əsas istiqamətləri gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, sağlamlıqlarının qorunması və fiziki inkişafı, gənclərinin məşğulluğunun təmin edilməsi, gənc ailələrə dövlət tərəfindən yardımların edilməsidir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 26 yanvar 2015-cil tarixli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın gənclərə olan xüsusi diqqətin daha bir nümunəsi olduğu vurğuladı. Bu sahədə Heydər Əliyev Fondunun da xüsusi əməyinin olduğunu diqqətə çatdırdı.
Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək Azərbaycan xalqının israrlı təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ümummilli Liderimiz Heydər Əliyevin gənclərimizi vahid təşkilat altında birləşdirmək məqsədilə 1994-cü ildə Gənclər və İdman Nazirliyi və onun yerli strukturlarının yaradılmasını bildirdi. O, qeyd etdi ki 2 Fevral 1996–cı il tarixində gənclərin I Forumunun keçirilməsi haqqında Sərəncam imzalandı və 1997-ci ildən 2 Fevral “Gənclər günü” kimi qeyd edilməyə başladı.
Azərbaycan King Boks Federasiyasının sədri, Millət vəkili Adil Əliyev və YAP Qaradağ rayon təşkilatının sədri, Millət vəkili Aydın Hüseynov gənclərə hər cür şəraitin yaradıldığını qeyd etdilər. Bu gün ölkəmizdə vətənpərvər, savadlı, yenilikçi gənclərin olduğunu Azərbaycanda dövlət səviyyəsində gənclərlə bağlı bir sıra proqramların və layihələr həyata keçirildiyini nəzərə çatdırdılar. “Azərbaycan Gəncliyi Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncam, Prezidentin təşəbbüsü ilə 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” və digər bu kimi layihələr dövlətimizin gəncliyə diqqət və qayğısı kimi dəyərləndirildi.
Daha sonra çıxış edən Qaradağ rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Abbasov “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası ilə bağlı idarə tərəfindən görülmüş işlər, rayon gənclərinin əldə etdiyi uğurlar barədə qısa məlumat verdi.
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi fəal gənc Cavid Abdullayev çıxışında bu günki gəncliyin qarşısında sərhədsiz imkanların açıldığını, bundan hər bir gəncin səmərəli şəkildə yararlanaraq dövlət və cəmiyyət adına faydalı olacağına əminliyi ifadə etdi.
Tədbirdə çıxış edən rayon gəncləri ümummilli lider Heydər Əliyevin dövlətçilik ideyalarını uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ardıcıl səyləri nəticəsində Azərbaycanın dünyanın qabaqcıl, sürətlə inkişaf edən ölkələrindən birinə çevrildiyini, göstərilən hərtərəfli diqqət və qayğının onlarda böyük ruh yüksəkliyinin yaratdığını qeyd etdilər.
Gənclərin istəklərini dinləyən rayon rəhbərliyi tərəfindən rayonun ictimai həyatında fərqlənmiş gənclərə fəxri fərman və hədiyyələr təqdim edildi.
Sonda xatirə şəkli çəkildi.