2015-ci ildə Sahil qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı
15 yanvar 2016-cı il tarixində Sahil qəsəbəsinin sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirildi.
Keçirilmiş hesabat yığıncağında Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov rayonun hüquq-mühafizə orqanları, rayon İcra hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak edirdilər.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Sahil qəsəbəsi üzrə nümayəndəsi Ə.Fərəcov hesabat verərək qeyd etdi ki, 2015-ci il qəsəbə üçün uğurlu il olmuşdur. Qaradağ rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri rayon əhalisi kimi Sahil qəsəbə sakinləri tərəfindən də böyük rəğbətlə qarşılanmışdır.
Hesabat ili olan 2015-ci il ərzində Sahil qəsəbəsində rayon İcra hakimiyyətinin rəhbərliyi və bilavasitə iştirakı ilə bir sıra abadlıq və quruculuq işləri həyata keçirilmişdir ki, bu işlərin planlaşdırılmasında və icra olunmasında qəsəbə nümayəndəliyi yaxından iştirak etmişdir. Görülən işlər əsas etibarı ilə təmir-tikinti, quruculuq, abadlıq, təmizlik, yaşıllaşdırma və qəsəbə ərazisində səliqə-səhman yaratmaqdan ibarət olmuşdur.
Sahil qəsəbə ərazisindən keçən Bakı-Astara (Qazax) magistral yolunun ətrafının abadlaşdırılması, yeni yaşıllıq zolaqların salınması və 16 saylı Peşə Liseyinin yanında istirahət parkı salınmışdır. Ə.Gülbabayev küçəsi 14, 16, 18 saylı binaların qarşısında nümunəvi həyət salınmışdır, o cümlədən uşaqların asudə vaxtların keçirilməsi məqsədi ilə yeni əyləncəli yelləncəklər, oyuncaqlar quraşdırılmışdır. Ə.Gülbabayev küçəsi 16a və Ə.Gülbabayev küçəsi 30 saylı yaşayış binalardan yanğına səbəb olan üzlüklər sökülmüş, əvəzində isə aqlay daşlarla bəzədilmiş, üzlük emulsiya vurulmuşdur. Orada xeyir-şər evləri tikilmiş və müvafiq avadanlıqlarla təchiz edilərək əhalinin istifadəsinə verilmişdir.
Bakı-Astara (Qazax) magistral avtomobil yolunun Sahil qəsəbəsinin inzibati ərazisindən keçən hissəsinin sol tərəfində Ə.Gülbabayev küçəsində 350 m uzunluğunda yeni park salınmışdır. Həmin parkda yaşıllıq sahəsi salınmış və dekorativ ağac, kol-bitkiləri əkilmiş, o cümlədən asfalt örtüyü vurulmuşdur. Bundan əlavə Zahid Qasımov küçəsi 37 və 37a binalarının qarşısında olan həyət sahəsinə asfalt örtüyü vurulmuşdur. Qəsəbə ərazisində olan yollara və məhəllədaxili həyətlərə ötən il ərzində yararsız vəziyyətdə olan küçələrə çınqıl və daş qırıntları tökülərək yayılmışdır. Əliyar Gülbabayev və Məhərrəm Seyidov küçələrində binaların qarşısındakı qanunsuz zəbt olunmuş sahələr sökülərək təmizlənmiş, həmin sahələrdə gələcəkdə park salınması üçün hazırlıq işlərinə başlanmışdır. Natiq Mustafayev və Emin Quliyev küçələrində yaşıllıq zolaqların salınması üçün yeni bordürlər salınmışdır, o cümlədən, Natiq Mustafayev, Şahlar Əsgərov və Məhərrəm Seyidov küçələrinə yüzdən artıq maşınla qum daşınmışdır. Z.Qasımov küçəsi 24 saylı binanın qarşısındakı xeyir-şər evi köhnə yararsız olduğu üçün sökülmüşdür. Əvəzində isə bu yaxınlarda yeni müasir standartlara cavab verən xeyir- şər evinin tikintisinə başlanacaqdır.
Əhalinin, xüsusən gənclərin məşğulluq səviyyəsinin artırılması və işlə təmin olunması məqsədilə ötən il ərzində yeni istehsal müəssisələrinin tikintisi və iş yerlərinin açılması istiqamətlərində xeyli işlər görülmüş, Sanqaçal qəsəbəsində həyata keçiriləcək yeni layihələrlə bağlı "AZFEN-TEKFEN " şirkətləri ilə birlikdə Sahil qəsəbəsində işə qəbulla əlaqədar mütəmadi tədbir keçirilir.
Hesabat dövründə əhalinin və sosial obyektlərin enerji daşıyıcıları və kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətlərində qəsəbəmizdə də xeyli işlər görülmüşdür. Belə ki, elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması üçün 2 ədəd yeni kompleks transformator məntəqəsi quraşdırılmışdır, o cümlədən qəsəbə ərazisində müxtəlif diametrli kabel və hava xətləri çəkilmişdir.
Mövcud qaz təchizatının yaxşılaşdırılması, qaz təsərrüfatının təhlükəsiz istismarının təmin edilməsi məqsədi ilə Balıqçılar küçəsində 90 evə yeni qaz xətti çəkilmiş, o cümlədən smart tipli qaz sayğacları quraşdırılmışdır. 200 metr yer altı qaz xətləri dəyişdirilmişdir və yeni kollektorlar quraşdırılmışdır.
Hesabat dövründə əhalinin içməli su təchizatının və kanalizasiya xidməti ilə təminatının normallaşdırılması üçün bir sıra işlər görülmüşdür.
Belə ki, Əliyar Gülbabayev, Məhərrəm Seyidov və Şahlar Əsgərov küçələrində yerləşən hündür mərtəbəli binaların yararsız-köhnə su xətləri çıxarılmış, əvəzində isə yeni plastik su boruları çəkilmişdir. O cümlədən yaşayış binalarını zirzəmisində olan çirkab sular çəkilmiş kanalizasiya xətləri təmizlənmiş və yuyulmuşdur. 2014-2016-cı illəri əhatə edən müvafiq Dövlət Proqramına əsasən bu istiqamətdə işlər davam etdirilir.
Qış mövsümünə hazırlıqla bağlı qəsəbə üzrə 10 saylı İstilik sahəsi tərəfindən bir sıra işlər görülmüş, hündür mərtəbəli binalar, 4 orta məktəb, 6 uşaq bağçası və 16 saylı Peşə liseyi istiliklə təmin olunmuşdur. Görülmüş işlərlə yanaşı istiliklə təmin olunmayan binalar daha çoxdur. Bu binaların istiliklə təmin olunması üçün aidiyyəti qurumlar tərəfindən təcili təxirəsalınmaz tədbirlər görülməlidir.
Məişət tullantıların daşınmasında mövcud olan problemlər müəyyən qədər öz həllini tapmışdır, belə ki, bir çox yerlərə məişət tullantılarının yığılması üçün əlavə iri tutumlu konteynerlər qoyulmuşdur. Məişət tullantıları gün ərzində iki dəfə xüsusi ayrılmış texnika vasitəsilə daşınır. Bundan başqa, Bakı-Astara (Qazax) magistral avtomobil yolunun Sahil qəsəbəsinin inzibati ərazisindən keçən hissəsində Rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənmiş cədvəl üzrə müntəzəm olaraq sellofanlardan və məişət tullantılarından təmizlənir. Sakinlər tərəfindən zibil atmaq üçün 50 ədəd yeni müasir tipli zibil qutuları quraşdırılmışdır. Lakin, bu sahədə də müntəzəm ləngimələr olur. Əhali tərəfindən məişət tullantıları təyin olunan yerlərə atılmır.
Qəsəbə ərazisində 1320 məcburi köçkün ailəsi məskunlaşmışdır. Onların yaşayış şəraitinin yaxşılaşdırılması və onların sosial problemlərinin həlli sahəsində müəyyən işlər görülmüşdür. Belə ki, məcburi köçkünlərin məskunlaşdığı yerlərə Asfalt zavodda və Balıqçılar küçəsində qaz xətlərin çəkilişi 1, 5 və 12 saylı yataqxanalarda yeni smart tipli işıq sayğaclar quraşdırılmışdır. Hal-hazırda yarımçıq qalmış tikili adlanan "Bağça" da yeni kabelləşmə işləri aparılır.
Artıq iki ildir ki, fəaliyyətdə olan "ASAN xidmət " regionlardakı əhaliyə səyyar formada xidmətlər göstərir. Hesabat dövründə qəsəbə üzrə də əhaliyə səyyar "ASAN xidmət" göstərmişdir. "ASAN xidmət"–lə yanaşı, Qaradağ Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi şöbəsi əvvəlcədən tərtib olunmuş qrafik əsasında həftənin şənbə günü qəsəbədə səyyar xidmət göstərir. Səyyar xidmət göstərərkən müraciət etmiş 100-dən artıq nəfərə şəxsiyyət vəsiqəsi verilmişdir.
Dövlət proqramının tədbirlər planına uyğun olaraq qəsəbə ərazisində bu yaxınlarda yeni "Gənclər evi"nin açılışı olmuşdur. 9 nömrəli Xüsusi internat məktəbində əsaslı təmir işləri başa çatmışdır, hazırda yeni avadanlıqlarla təchiz olunur. Eyni zamanda məktəbin ərazisində 180 şagird yerlik yeni tədris korpusunun, idman və akt zalının tikintisi də yekunlaşmışdır.
2014-2015-ci il tədris ilində Sahil qəsəbəsindəki 253 (71%), 319 (59.4%) və 228 (56%) nömrəli tam orta məktəblərin göstəriciləri yüksək olmuşdur. Bununla yanaşı aşağı nəticə göstərən məktəblərimizdə vardır. Ümumiyyətlə, məzunlardan 253, 273, 319 nömrəli tam orta məktəblərin hər birindən isə 1 nəfər olmaqla 600-dən yuxarı bal toplamışdır. Ümid edirik ki, qəsəbəmizin təhsil işçiləri Respublika rəhbərliyinin onların qarşısında qoyduğu vəzifələrin öhdəsindən layiqincə gələcək və bütün sahələrdə müsbət addımların, göstəricilərin sayı daha da çoxalacaqdır.
Cənab Prezidentin təşəbbüsü ilə yaradılmış “Qaradağ rayonunun sosial-iqtisadi inkişafına yardım fondu” tərəfindən 950 məcburi köçkün, şəhid, əlil və aztəminatlı ailələrə “Ramazan bayramı” münasibəti ilə Qaradağ rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sahil qəsəbə məscidində 200 nəfər üçün iftar süfrəsi verilmişdir, həmin iftar süfrəsində dualar oxunmuş və dindarlar adından tədbiri təşkil edən rayon rəhbərliyinə təşəkkürlərini bildirmişlər.
Hesabat dövründə qəsəbədə səhiyyənin inkişafı, əhalinin sağlamlığının qorunması, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi üçün də müəyyən işlər görülmüşdür. Belə ki, qəsəbə ərazisində 18 yaşından yuxarı əhalinin icbari tibbi müayinədən keçirilməsi tədbirləri uğurla başa çatdırılmışdır.
Hesabat yığıncağından sonunda qəsəbə sakinləri rayon İcra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovdan görülən işlərlə bağlı ölkə başçısına qəsəbə sakinləri adından minnətdarlıqlarını bildirməsini xahiş etdilər. Sakinlərdən 17 fərdi qaydada dinlənildi. Sakinləri dinləyən İcra başçısı cənab Süleyman Mikayılov sakinlərinin problemlərinin həlli üçün müvafiq tapşırıqlarını verdi.