Qaradağ rayonunda “Heydər Əliyev strategiyasının uğurlu davamı” mövzusunda dəyirmi masa keçirilmişdir.
23 dekabr 2015-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində “Heydər Əliyev strategiyasının uğurlu davamı” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin Deputatları Musa Quliyev, Mixail Zabelin, Aydın Hüseynov və rayon ictiamiyyəti iştirak etmişdir.
Tədbiri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov açmışdır. O öz cıxışında qeyd etmişdir ki, Azərbaycan bu gün sosial-iqtisadi inkişafın nəticələrinə görə bölgədə lider dövlət olmaqla bərabər, dünyada da inkişaf etmiş dövlətlər sırasındadır. Ancaq bu inkişafa elə də asanlıqla nail olmamışıq. 1991-93-cü illərdə ölkəmizin hansı təlatümlər içərisində olduğunu hamımız yaxşı bilirik. O zaman ölkənin daxilində və xaricində vəziyyət heç də ürəkaçan deyildi. Ölkənin iqtisadi və siyasi durumu çox acınacaqlı idi. Azərbaycanın əraziləri Ermənistan tərəfindən işğal olunmuş, çoxsaylı qaçqın və məcburi köçkünlər ordusu yaranmışdı. Ölkədə mürəkkəb proseslər cərəyan edirdi, vətəndaş müharibəsi baş vermişdi. Müstəqilliyimiz böyük sual altında idi. Yaranmış gərgin vəziyyətə son qoyaraq, mürəkkəb ictimai-siyasi, böhranlı şəraitdən ölkəni qurtaran, bugünkü müasir və demokratik dövləti bizə bəxş edən ümummilli lider, ulu öndər Heydər Əliyevə daim minnətdar olmalıyıq.
Hörmətli Prezidentimiz cənab İlham Əliyev layiqli varis kimi qurulmuş əsaslar üzərində respublikamızı daha da inkişaf etdirərək yeni, müasir inkişafın təməlini qoymuş və Heydər Əliyev strategiyasını uğurla davam etdirməkdədir. Onun sayəsində bir çox siyasi, sosial-iqtisadi və beynəlxalq uğurlara imza atmışıq.
Cənab İlham Əliyevin rəhbərliyi ilə qəbul olunan sosial-iqtisadi inkişafın sürətləndirilməsinə dair Dövlət Proqramları ölkənin hərtərəfli inkişafını təmin etməkdədir, bütün regionlarda quruculuq, abadlıq işləri durmadan davam etdirilir. İnfrastruktur köklü şəkildə dəyişir, yeni-yeni müasir tələblərə cavab verən iri sənaye, xırda sahibkarlıq obyeklərinin tikilməsi, təhsil, səhiyyə, mədəniyyət və idman mərkəzlərinin qurulması bölgələrimizin görkəmini tamamilə yeniləşdirir.
Cənab İlham Əliyev xarici siyasəti son dərəcə uğurla həyata keçirir. Azərbaycanı sivil, demokratik ölkə kimi dünya ictimaiyyətinə təqdim edir. İndi Azərbaycan dünya ölkələri ilə fəal əməkdaşlıq mövqeyindədir. Bakı dini tolerantlığın paytaxtı hesab olunur. Hər il ölkəmizdə müxtəlif səpkili çoxlu sayda elmi-siyasi, mədəni-kütləvi beynəlxalq tədbirlər həyata keçirilir.
Bütün tədbirlərin zirvəsini təşkil edən, əhəmiyyəti, məna və məzmunu, möhtəşəmliyi ilə seçilən “Bakı-2015” ilk Avropa oyunları Azərbaycan dövlətinin dünyada nüfuzunun artmasına, mövqeyinin möhkəmlənməsinə hesablanmışdır. 2015-ci ilin noyabr ayında keçirilən “Böyük iyirmilik” ölkə liderlərinin Antalya Sammitində və YUNESKO Baş konfransının 38-ci sessiyasında – Paris Forumunda iştirakı şəxsən Prezidentimizin qlobal siyasi aləmdə əldə etdiyi uğurların məntiqi nəticəsidir.
Qonqlardan Milli Məclisin Deputatları Musa Quliyev, Mixail Zabelin, Aydın Hüseynov çıxış edərək qeyd etmişlər ki, məhz Ulu Öndər Heydər Əliyevin sayəsində Azərbaycanda inkişafın təməli qoyulmuş, mühüm siyasi və iqtisadi islahatlar həyata keçirilmişdir. Heydər Əliyev qısa zaman kəsiyində yeni siyasi strategiyanın əsas məqsədlərini həyata keçirməyə, neft istehsalını artırmağa, ölkənin qüdrətinin əsas elementlərindən biri olan iqtisadiyyatın inkişafına nail oldu. Ulu öndərin rəhbərliyi dövründə social-mədəni sahələrdə də mühüm irəliləyişlər əldə olunmuş və bütün bu proseslər onun rəhbərliyi ilə çox mükəmməl qaydada həyata keçirilmişdir.
Bu gün respublikamızda aparılan daxili və xarici siyasətin həyata keçməsi hörmətli Prezidentimizin gərgin əməyi və zəhməti sayəsində mümkün olmuşdur.
Tədbiri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov yekunlaşdıraraq qonaqlara, tədbir iştirakçılarına minətdarlığını bildirmiş və Azərbaycanın xoşbəxt gələcəyi naminə cənab İlham Əliyevə hamının adından böyük uğurlar arzulayıraq, doğum günü münasibətilə onu səmimi qəlbdən təbrik etmişdir.