Fövqəladə Hallar Nazirliyinin yaranmasının 10-cu ildönümü
16 dekabr 2015-cü il tarixdə Qaradağ rayonundakı Sanqaçal qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N saylı hərbi alayında Fövqəladə Hallar Nazirliyinin yaranmasının 10-cu ildönümü münasibətilə şəxsi heyətlə görüş keçirildi.
Tədbirdə Qaradağ rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş şöbəsinin müdiri Zamin Əhmədov, Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, hərbi alayın zabit və əsgərləri iştirak edirdi.
Rəsmi hissə əsgərlərin Azərbaycan Respublikasının Dövlət himnini oxuması ilə başlandı.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, Fövqəladə Hallar Nazirliyinin yaranma zərurətindən, ötən müddət ərzindəki fəaliyyətindən, habelə rayonun ictimai-siyasi həyatındakı rolundan danışaraq rayon rəhbərliyinin təbriklərini və təşəkkürünü hərbi alayın şəxsi heyətinə çatdırdı.
Tədbirin ikinci hissəsində şəxsi heyət üçün konsert proqramı verildi.
Sonda hərbi xidmətdə fərqlənmiş zabit və əsgərlər Qaradağ Rayon İcra hakimiyyəti tərəfindən xatirə hədiyyələri və fəxri fərmanlarla təltif edildilər. Əsgərlərə bayram sovqatı paylandı.