Qaradağ rayonunda İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara güzəştli kreditlər verilmişdir.
Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə 26 noyabr 2015-ci il tarixində Qaradağ rayonunun, Lökbatan qəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilmişdir.
Forumda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev, məsul işçilər və 180-a yaxın sahibkar iştirak etmişdir.
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatlar verilmiş, Qaradağ rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış və Fond tərəfindən rayonda prioritet hesab olunan müasir ət kəsimi və çörək istehsalı müəssisələrinin, kiçik və orta həcmli istixana təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkənin digər bölgələrində olduğu kimi, Qaradağ rayonunda da quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin açıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd etmişdir.
İqtisadiyyat və Sənaye Nazirliyinin məsul işçiləri tərəfindən sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi barədə məlumat verərək ölkədə aparılan uğurlu iqtisadi siyasət nəticəsində davamlı sosial-iqtisadi inkişafa nail olunduğunu vurğulamış, "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində görülən işlər barədə tədbir iştirakçılarına məlumat vermişlər.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Bakı şəhəri, ətraf kənd və qəsəbələrində verilmiş güzəştli kreditlər, bu kreditlər hesabına yeni yaradılan iş yerləri, cari ildə həyata keçiriləcək yeni layihələr barədə tədbir iştirakçılarına məlumat vermişdir. Qeyd olunmuşdur ki, "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasından ötən dövr ərzində Bakı şəhəri və onun qəsəbələrində 1161 investisiya layihəsinin maliyyələşdirilməsinə 288,7 milyon manat güzəştli kredit verilmişdir. Bu layihələrin reallaşdırılması 9000-ə yaxın yeni iş yerlərinin açılmasına şərait yaratmışdır. Ümumilikdə isə, son illər güzəştli kreditlər hesabına 132 sənaye yönümlü investisiya layihəsinin maliyyələşdirilməsinə 409 milyon manatdan çox güzəştli kredit verilmişdir.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 20 sahibkarlıq subyektinə 10,2 milyon manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, heyvandarlıq, istixana təsərrüfatı, çörək, neft-kimya sənayesi avadanlıqları, və s. sahələrinə yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması 600-dən çox iş yerlərinin açılmasına şərait yaradacaqdır.