“Azərbaycan Respublikasının Konstitusiyası hüquqi dövlət quruculuğunun əsas sənədidir” mövzusunda dəyirmi masa keçirildi.
11 noyabr 2015-ci il tarixində Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günü münasibəti ilə dəyirmi masa keçirilmişdir.
Tədbirdə Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Anar İsgəndərov, tarix üzrə fəlsəfə doktoru, dosent Samir İsgəndərov və digər qonaqlar iştirak edirdilər.
İlk öncə tədbir iştirakçıları Lökbatan qəsəbəsində ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsini ziyarət edərək abidə önünə güllər düzərək, dahi şəxsiyyətə ehtiramlarını bildirdilər.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı gənc müstəqil Azərbaycan dövlətini siyasi iflasdan və parçalanmadan xilas etdiyini, ictimai-siyasi sabitliyin təmin olunaraq ölkədaxili pozucu qüvvələrin zərərsizləşdirilməsi, müstəqil dövlətçilik tariximizin inkişaf mərhələsinə qədəm qoyması üçün şərait yaratdığını qeyd etdi. Bildirdi ki, bu inkişafın əsas istiqamətlərinin müəyyən olunması baxımından isə ölkənin konstitusiya quruluşunun təsbiti tələb olunurdu. Məhz Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılaraq, Konstitusiya layihəsini ümumxalq müzakirəsinə çıxarıldı 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olundu.
Daha sonra çıxış edən qonaqlar Konstitusiyamızın yaranma tarixindən geniş danışdılar. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilmədiyini, ona görə də Azərbaycanın Konstitusiya quruluşu tarixinin SSRİ dövrünə təsadüf etdiyini bildirdilər. Bu günkü Konstitusiyanın Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra qəbul edilmiş ilk Konstitusiya olduğunu qeyd etdilər. Konstitusiyamızda dövlətimiz tərəfindən insanların hüquq və azadlıqlarının qorunduğunu, əhalinin sosial təminatına xüsusi diqqət verildiyini, hər kəsin azad yaşamasının təmin edildiyini vurğuladılar.