Qobustan Regional Təlim Mərkəzində BP şirkətinin sifarişi ilə hazırlanmış peşəkar fəhlə kadrlarına sertifikatların təqdimetmə mərasimi keçirilmişdir
10 oktyabr 2015-ci il tarixində SOCAR və BP şirkətləri, milliləşmə proqramı çərçivəsində aralarında imzalanmış təhsil Memorandumuna əsasən, SOCAR-ın Qobustan Regional Təlim Mərkəzində BP şirkətinin sifarişi ilə hazırlanmış peşəkar fəhlə kadrlarına sertifikatların təqdim edilməsi mərasimi keçirilmişdir.
Mərasimdə SOCAR prezidenti Rövnəq Abdullayev, BP-nin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional direktoru Qordon Birrel, Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov, habelə şirkətlərin rəhbər işçiləri iştirak etmişlər.
Tədbir Azərbaycanın himni ilə açılmışdır. Sonra Qobustan Regional Təlim Mərkəzində keçirilmiş təlim prosesi, 10 aylıq kurs zamanı tədris edilmiş proqram haqqında qısametrajlı film nümayiş olunmuşdur. Bildirilmişdir ki, iki şirkət arasında imzalanmış Memoranduma əsasən, 2014/2015-ci tədris ilində SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzində təhsil almaq üçün elan edilmiş qəbul müsabiqəsində Qaradağ rayonunda yaşayan 244 nəfər gənc iştirak etmiş və test imtahanlarında uğurlu nəticə qazanmış 79 nəfər şagird 10 peşə üzrə təhsilə cəlb edilmişdir. Onların arasında 21 nəfərin ali təhsilli, 10 nəfərin texniki universitetin məzunları olduğu, 1 nəfərin magistr olduğu bildirilmişdir. Qobustan RTM-də Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, Elektrik qaz qaynaqçısı, Nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər, Texnoloji qurğuların operatoru, Kran maşinisti, Karotajçı, Quraşdırıcı çilingər, Təmirçi çilingər, Neft qaz hasilatı operatoru, Kompressor qurğularının maşinisti peşələri üzrə nəzəri və istehsalat təlimi dərsləri 11 noyabr 2014-cü il tarixindən 18 avqust 2015-ci il tarixinədək aparılmışdır. Təhsil dövründə 5 dəfə birgə monitorinq keçirilmiş, şagirdlərin nəzəri və praktiki bilikləri aylıq test imtahanları vasitəsi ilə yoxlanılmışdır. Şagirdlər SOCAR-ın müxtəlif idarə və müəssisələrində istehsalat təcrübəsində olmuşlar. 05 noyabr 2015-ci il tarixində Qobustan RTM-də yekun sınaq peşə imtahanı keçirilmiş və bu imtahanların nəticəsinə görə məzun adı qazanmış şagirdlər SOCAR-ın sertifikatlarına layiq görülmüşlər.
SOCAR prezidenti R.Abdullayev çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən, neft kapitalının insan kapitalına çevrilməsi işinə SOCAR-ın verdiyi töhfələrdən bəhs etmişdir. Qeyd olunmuşdur ki, şirkət bu istiqamətdə genişmiqyaslı və çoxşaxəli kadr hazırlığı proqramları həyata keçirir, yüksək ixtisaslı fəhlə kadrları hazırlanmasını daim diqqət mərkəzində saxlayır. Hazırda şirkətin nəzdində 5 təlim mərkəzinin və 1 qaynaq mərkəzinin uğurla fəaliyyət göstərdiyini bildirən R.Abdullayev Qobustan RTM-inin imkanlarından söz açmış, bu zəngin potensialdan daha səmərəli istifadə olunması tapşırığını vermişdir. BP-nin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional direktoru Qordon Birrel SOCAR-ın təlim mərkəzlərinin təlim və tədris imkanlarını yüksək dəyərləndirmiş və kadr hazırlığı üzrə imzalanmış Memorandum çərçivəsində əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Məzunlar adından çıxış edən Şəbnəm Əhmədova kurs zamanı qazandıqları nəzəri və praktiki biliklərdən danışmış, Mərkəzdə yaradılmış şəraitə görə minnətdarlığını bildirmişdir.
Daha sonra məzunlara sertifikatlar təqdim olunmuşdur.