Ulu öndərin irsini öyrənirik.
16 sentyabr 2015-ci il tarixində rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Briqadasının Sülhməramlı taborunun və Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının rayon ərazisində yerləşən “N” saylı hərbi hissənin zabit və əsgər heyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin irsini daha yaxından öyrənmək məqsədilə Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində oldular.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin baş zabiti, mayor Mübariz Hüseynov, rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Abbasov, zabit və əsgərlər iştirak edirdi.
Tədbirdə çıxış edənlər bu qəbildən olan görüşlər əhəmiyyətini vurğuladılar. Qeyd olundu ki, milləti və dövləti qarşısında misilsiz xidmətlər göstərmiş ulu öndər Heydər Əliyevin zəngin irsi hər zaman gənclərimizə nümunə olmalıdır.
Daha sonra mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan bölmələrdə ulu öndərin uşaqlıq və gənclik dövrlərini əks etdirən fotoşəkillər, 1969-1982-ci illərdə respublikamızın sosial-iqtisadi inkişafı və digər sahələrdə reallaşdırdığı tədbirlər, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatındakı quruculuq işlərindən bəhs edən toplanmış materiallar əsgərlərimizin diqqətinə çatdırıldı.
Burada Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto və eksponatlardan bir daha aydın olur ki, ulu öndər ölkəmizin beynəlxalq nüfuzunun, müstəqilliyinin möhkəmləndirilməsi üçün əvəzsiz işlər görmüşdür.
Sonda hərbi hissələrə hədiyyə olaraq kitablar verildi, xatirə şəkli çəkildi.