Gənclərimizə qayğı daim diqqət mərkəzindədir.
Dövlətimiz tərəfindən gənclər sahəsində işlərin uğurla həyata keçirilməsi davam etməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan müvafiq Dövlət Proqramlarında gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, dövlət idarəçiliyi sistemində fəal iştirakının həyata keçirilməsi, gənclərin intellektual və yaradıcılıq potensialının inkişafı, vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi əsas məqsəd və hədəflər kimi göstərilir.
Bu baxımdan respublikamızın regionlarında həmçinin paytaxt Bakıda Gənclər evinin inşasına xüsusi əhəmiyyət verilir. Gənclər evlərinin əsas məqsədi gənclərin təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsi üçün şəraitin yaradılması, gənclərin özlərini bir şəxs kimi müəyyən etməsi və özünü reallaşdırılması, həmçinin, müvafiq rayonun ərazisində dövlətin gənclər siyasətinin reallaşdırılmasında gənclər və idman idarəsinin fəaliyyətinə yardım göstərilməsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təsdiq edilmiş 2011-2013-cü illərdə və 2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının Tədbirlər Planına əsasən Qaradağ rayonunda da müxtəlif təyinatlı idman obyetklərinin tikintisi nəzərdə tutulmuşdur.
Məhz Sahil qəsəbəsində inşa olunan Qaradağ Gənclər evidə bu qəbildəndir. 3 mərtəbədən ibarət olan inzibati binanın ümumi sahəsi 532.00 kv.metrdir. Binada xalçaçılıq, toxuculuq, maket və tikiş dərnəkləri, sərgi salonu, tədris, rəsm otaqları və internet kafe, güləş, rəqs zalları və kitabxananın olması nəzərdə tutulub.
Bundan başqa Sanqaçal, Puta və Ələt qəsəbələrində mini futbol meydançalarının və idman zallarının tikintisi, Qobustan qəsəbəsində idman zalının tikintisi davam etməkdədir. Həmçinin rayon ərazisində idman meydançalarının yaradılması və Lökbatan qəsəbəsində atıcılıq tirinin inşa olunması nəzərdə tutulub.