Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatdırılacaq ilk konteyner qatarının qarşılanma mərasimi keçirildi.
Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu – “Şixezi (Çin)-Dostık-Aktau-Ələt limanı” üzrə hərəkət edən “Nomand ekspress” ilk sınaq konteyner qatarı avqustun 3-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatıb.
Ilk konteyner qatarının Bakıya çatması ilə əlaqədar keçirilən qarşılanma mərasimində Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov, nəqliyyat nazirinin müavini Arif Əsgərov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Qazaxıstanın, Gürcüstanın dəmir yolları qurumlarının, Bakı, Batumi, Aktau limanlarının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbərləri, diplomatik korpusun nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Əvvəlcə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə bağlı videoçarx nümayiş olunub.
Çıxış edən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov bu gün belə bir əlamətdar tədbirin məhz yenicə istifadəyə verilən bərə terminalında keçirilməsinin çox sevindirici olduğunu deyib. O qeyd edib ki, Ələt qəsəbəsində tikilən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalının açılış mərasimi ötən il sentyabrın 22-də Prezident İlham Əliyevin iştirakı ilə keçirilib.
Vurğulanıb ki, hələ 1998-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış TRASEKA müqaviləsinin məqsədi bir zamanlar Avropa ilə Asiya arasında ticarətin aparıldığı İpək Yolunun bərpasını təmin etmək idi. Bugünkü tədbir də məhz bu istiqamətdə səylərin davam etdiyini göstərir. Çindən gələn ilk konteyner qatarı 2013-cü il noyabrın 7-də Qazaxıstan Dəmir Yolu İdarəsinin təşəbbüsü ilə yaradılmış Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin səyi nəticəsində mümkün olub.
Mərasimdə Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov çıxış edərək bildirib ki, ölkəmizə ilk dəfə Çin Xalq Respublikasından konteyner qatarının gəlməsi bizim çoxdan gözlədiyimiz bir gündür. Baş nazirin müavini xatırladıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də Bakıda 32 dövlətin və 13 beynəlxalq təşkilatın iştirakı ilə tarixi “Böyük İpək Yolu”nun bərpasına dair beynəlxalq konfrans keçirilmişdi. “Mən çox məmnunam ki, bu gün bizim gözlədiyimiz o gündür və biz dost Çin Xalq Respublikasından ilk konteyner qatarını qəbul etdik. Bu, Azərbaycan və ümumilikdə bölgə üçün çox böyük bir hadisədir. Ona görə ki, 1998-ci ildən bu günə qədər TRASEKA-ya üzv dövlətlər – Qazaxıstan, Türkmənistan, Gürcüstan və Türkiyə tərəfindən İpək Yolunun inkişafı üçün genişmiqyaslı layihələr həyata keçirilib. O cümlədən Azərbaycanda da bu istiqamətdə mühüm işlər görülüb. Bu layihələrdən ən əsası kimi Bakı-Tbilis-Qars dəmir yolu xəttini qeyd etmək olar ”, - deyə Abid Şərifov bildirib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bu xətlə daşınacaq yüklərin artımının 2020-ci ildə 300-400 min konteynerdən çox təşkil edəcəyini, 2024-cü ildə isə həmin rəqəmin daha da arta biləcəyini deyib. Bunun üçün marşrut boyunca hər kəsin iştirakı və aktivliyi vacibdir. Çünki burada əsas iş yüngül və güzəştli tariflərin və az vaxt itkisinin olmasıdır.
C.Qurbanov Azərbaycanın Qazaxıstandan 10 yeni lokomotiv aldığını və “Azərbaycan Dəmir Yolları” QSC ilə “Qazaxıstan Dəmir Yolu” SC arasında bununla bağlı müvafiq müqavilənin imzalanacağını deyib.
Mərasimdə Azərbaycanın nəqliyyat nazirinin müavini Arif Əsgərov, “Qazaxıstan Dəmir Yolu” SC-nin prezidenti Askar Mamin, “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Mamuka Baxtadze çıxış edərək Çindən gələn ilk konteyner qatarının Bakıya çatmasını əlamətdar hadisə adlandırıblar.
Sonra məlumat verildi ki, qatar 41 platforma vaqonundan ibarət olmaqla, 20 tonluq (FEU) 82 konteyner daşıyır. Nəql olunan kaustik sodadan ibarət yükün həcmi hər bir konteynerdə 21,6 ton olmaqla, ümumilikdə 1771, 2 ton təşkil edir. İlk sınaq konteyner qatarı iyulun 28-də Çinin Şixezi şəhərindən start götürüb, iyulun 31-də Qazaxıstanın Aktau limanına, avqustun 3-də isə Azərbaycana - Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatıb. Yük “Ksindjianq Tianye Qrup Forin Ko Limited” şirkəti tərəfindən göndərilib və “Şəfəq-1” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən qəbul olunub.
Transxəzər marşrutu üzrə hərəkət edəcək ilk sınaq konteyner qatarı Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun (BTNM) inkişafı üzrə Koordinasiya Komitəsində əldə olunan razılığa əsasən təşkil edilib. Layihə “Qazaxıstan Dəmir Yolu” SC, “Çin Dəmir Yolları” (ÇSR), “Azərbaycan Dəmir Yolları” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birgə həyata keçirilir.
Layihə çərçivəsində tranzit və xarici ticarət yüklərinin cəlb edilməsi, həmçinin yükdaşıma həcminin artırılması məqsədilə rəqabətə davamlı vahid dəmir yolu tarifləri və hərəkətin təşkili yanaşmasının tətbiqi nəzərdə tutulur. Bu marşrutun işə düşməsi üzv ölkələrin ixracat və tranzit potensialının yüksəldilməsinə, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun rəqabət gücünün artırılmasına təkan verəcək. Eyni zamanda, BTNM marşrutu Avropa ölkələrindən olan yükgöndərənlər üçün də cəlbedici və sərfəli olmaq imkanlarına malikdir.
Sentyabrda ikinci konteyner qatarının Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə hərəkət etməsi planlaşdırılır.
Sonra mərasim iştirakçıları “Azərbaycan Dəmir Yolları” QSC üçün Qazaxıstandan alınan lokomotivə və Azərbaycan Dəmir Yollarının yeni vaqon parkına baxıblar.
Daha sonra ilk konteyner qatarının Azərbaycanın ərazisinə daxil olmasını bildirən rəmzi düymə basılıb.