Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayon İcra Hakimiyyətinin 2015-ci ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı keçirildi.

28 iyul 2015 | 10:00

Qaradağ Rayon İcra Hakimiyyətinin 2015-ci ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 13 iyul 2015-ci il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirildi.
     Yığıncağın işində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin üzvü Ağalar Vəliyev, Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyəti iştirak edirdilər.
      Yığıncaqdan öncə tədbirdə iştirak edən qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.
    Hesabat yığıncağında ilk öncə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 13 iyul 2015-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitqində ölkəmizin əldə etdiyini yüksək nailiyyətlərin fərəh və qürur verici olduğunu bildirdi. Qeyd etdi ki, Ümummilli Liderin uzaqgörən siyasəti Azərbaycan Respublikasının Prezidenti tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gün dünyanın müxtəlif yerlərində müşahidə olunan xoşagəlməz proseslər, siyasi və iqtisadi böhranlar insanların etirazları ilə qarşılanır. Lakin ölkəmizin sağlam təməllər üzərində inkişafı bizi daha da təhlükəsiz şəraitdə yaşamağımıza qarant olmaqdadır. Ölkəmizin 12-28 iyun tarixlərində “Bakı-2015” ilk Avropa Oyunları ev sahibliyi edərək açılış və bağlanış mərasimlərində dünyaya verdiyi mesajlar, gələn idmançıların və qonaqların şəhərimizə, xalqımızın qonaqpərvərliyinə heyranlığı, yüksək səviyyədə görülmüş təşkilatçılıq dövlətimiz qüdrətinin göstəricisi oldu. “Bakı-2015” Oyunları ilə Azərbaycan adını Avropa və dünya idman tarixinə qızıl hərflərlə yazdı.
     Bundan başqa Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının bu ilin cari dövründə də rayonumuza səfəri baş tutmuşdur. Belə ki, iyun ayının 25-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyev iştirakı ilə Puta qəsəbəsində Hərbi Dəniz Qüvvələrinin yeni bazası və “N” saylı hərbi hissəsinin açılış mərasimi baş tutdu.
   Daha sonra Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov hesabat məruzəsi ilə çıxış etdi. Məruzədə qeyd olundu ki, ötən altı ayın yekunlarına əsasən rayon üzrə 322,3 milyon manatlıq sənaye məhsulu istehsal edilmişdir. İqtisadiyyatın aparıcı sahəsini təşkil edən neft və qaz sənayesi müəssisələrində 249,2 min ton xam neft və 202,4 milyon kub metr təbii qaz hasil olunmuşdur. Rayon üzrə 948 min ton sement, 54,1 min ton mişar daşı  istehsal edilmiş, rabitə xidmətlərinin həcmi 1 milyon 189,3 min manat olmuşdur. Pərakəndə əmtəə dövriyyəsi 1 milyard 435 milyon manat, əhaliyə göstərilən pullu xidmətlər isə 74,5 milyon manat olmuşdur.
Hesabat dövründə Ələt və Sahil qəsəbələrinin ümumillikdə 8234 nəfəri səyyar "ASAN xidmət"indən yaralanmışdır. Bundan başqa Qaradağ Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi şöbəsi tərəfindən əvvəlcədən tərtib olunmuş qrafik əsasında hər həftənin şənbə günü bir qəsəbədə səyyar xidmət göstərib ki,  Ələt, Qobustan, Müşfiqabad, Qızıldaş qəsəbələrində səyyar xidmət göstərərkən müraciət etmiş 1834 nəfərə şəxsiyyət vəsiqəsi verilmişdir.
Ötən dövr ərzində rayonumuzda orta aylıq əmək haqqı 701 manat olmuşdur. Əhalinin məşğulluğunu təmin etmək məqsədi ilə mütəmadi olaraq qəsəbələrdə səyyar əmək yarmarkaları keçirilir. Bundan əlavə BP-Azərbaycan Şirkətinin təşkilatçılığı ilə rayonumuzda həyata keçiriləcək yeni layihələrlə bağlı “Azfen”, “Tekfen” şirkətləri ilə birlikdə rayonda işə qəbulla əlaqədar mütəmadi tədbirlər keçirilir.
    Hesabat dövrü ərzində rayonun elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması üçün 4 ədəd yeni kompleks transformator məntəqəsi quraşdırılmış, 1 yeni transformator məntəqəsi istifadəyə verilmiş, mövcud transformatorlara 485 kq yağ əlavə olunmuş, 9 min 146 metr müxtəlif diametrli kabel və hava xətləri çəkilmişdir. Mövcud qaz təchizatının yaxşılaşdırılması, qaz təsərrüfatının təhlükəsiz istismarının təmin edilməsi məqsədi ilə müxtəlif diametrli 6 min 124 p/metr mövcud qaz xətti yenisi ilə əvəz edilmiş, 523 ədəd mexaniki qaz sayğacı dəyişdirilmişdir. Cari qış mövsümündə rayon üzrə 10 saylı istilik sahəsi tərəfindən 101 bina, 10 orta məktəb, 4 uşaq bağçası və 3 səhiyyə müəssisəsi istiliklə təmin olunmuşdur.
    Su və kanalizasiya təsərrüfatı sahəsində ümumilikdə müxtəlif diametrli 525 metr yeni su xətti çəkilmiş, 1000 metrə yaxın su xətti isə dəyişdirilmiş və 362 metr kanalizasiya xətti təmir olunmuşdur. Bundan əlavə 18 ədəd kanalizasiya quyusu tikilmiş və 1098 ədəd sayğac quraşdırılmışdır.
    Rayonun bütün qəsəbələrində iməciliklər təşkil edilmişdir. Ərazilər təmizlənmiş, müxtəlif növ ağac və bəzək kollarına aqrotexniki qulluq göstərilmişdir. Məişət və istehsalat tullantılarının yığılması və daşınması sahəsində də bir çox işlər görülmüşdür. Rayonun qəsəbələrində yeni 651 konteyner quraşdırılmışdır.
     Məlumdur ki, 2015-ci il Azərbaycan xalqı üçün olduqca əlamətdar bir ildir. Ölkəmiz bu il birinci Avropa Oyunlarına sahiblik etmişdir. Bu ərəfədə Qaradağ rayonunda abadlıq-quruculuq işləri daha geniş vüsət almışdır.
    Hazırlıq işləri ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyəti başçısının  02 dekabr 2014-cü il tarixli 147 saylı sərəncamı ilə Qaradağ rayonunda görüləcək işlərlə bağlı tədbirlər planı təsdiq edilmişdir. 03 aprel 2015-ci il tarixli 62 saylı sərəncamı ilə I Avropa Oyunları ilə əlaqədar Qaradağ rayonunda görüləcək işlərin mütəşəkkilliyinin təşkili və ortaya çıxan məsələlərin operativ həllinin təmin olunması məqsədilə Qaradağ Rayon İcra Hakimiyyəti nəzdində qərargah yaradılmışdır.
     Bu mötəbər beynəlxalq idman tədbirində onlarla xarici ölkədən gəlmiş qonaqlar ölkəmizlə, o cümlədən rayonumuzla da tanış oldular. Təsadüfi deyil ki, Bakı dairəvi yolunun rayon ərazisindən keçən hissəsinin 16,5 km-i bu beynəlxalq idman yarışı iştirakçılarının hərəkət marşrutu üzərində olmuşdur. Bakı-Ələt (Astara) magistral avtomobil yolunda və xüsusi ilə Qobustan Milli-Tarix Bədii Qoruğa gedən yolda abadlaşdırılma, yaşıllaşdırılma və əsaslı təmir işləri aparılmışdır.
     Bakı dairəvi yolunun Qurd Qapısı adlanan sahəsində məcburi köçkünlərin məskunlaşdığı yaşayış massivində yardımçı və təsərrüfat məqsədli tikililərin qarşısında 3 000 kv.metr istinad divarı hörülərək müasir fasad materialları ilə üzlənmişdir. Həmin hissənin qarşısında 4 500 kv.metr sahədə yaşıllıq zolağı salınmışdır.
      Rayonumuzun Yasamal tərəfdən girişində müasir suvarma sistemi ilə təchiz olunmuş yeni 3500 kv.metr yaşıllıq sahəsi salınmış və dekorativ ağac, kol bitkiləri əkilmiş, həmin sahəyə tərtibat vermək üçün 180 kv.metr hörgü işləri görülmüş, 255 kv.metr aqlay daşlarla üzlənmişdir. 370 p/m bordyur, 870 kv.metr sahəyə tamet düzülmüşdür. Avropa Oyunlarına aid təsvirləri özündə əks etdirən reklam lövhələri quraşdırılmış, yol kənarına və yaşıllıq sahəsinin ətrafına çınqıl tökülərək səliqəyə salınmışdır.
     Ümumilikdə altı ay ərzində 33 500 kv.m ot örtüyü və yolboyu yaşıllıq sahələri salınmış və 30 minə yaxın müxtəlif növ ağac və mövsümi güllər əkilmişdir. Yaşıllıq sahələrinə 45 000 kub.metr torpaq daşınmış, müasir işıqlandırma sistemi ilə təmin edilmiş, 13 400 p/m su xətti çəkilmiş, bu sahələrinin mühafizəsi və tərtibatı üçün 2 500 p/m metal çəpərlər quraşdırılmışdır.
     Bakı - Ələt (Astara) magistral avtomobil yolunun rayon ərazisindən keçən sol və sağ hissələrinin kənarlarında nəzərdə tutulmuş istinad divarlarının tikintisi başa çatdırılmış və 4 min 340 kv.metr aqlay üzlük vurulmuşdur.
       Qaradağ rayonunda ekoloji sabitliyin qorunması, ətrafda olan göllərin qurudulması müvafiq Dövlət Proqramı əsasında həyata keçirilməkdədir.
     Hesabat dövrü ərzində Dövlət Proqramına əsasən Puta qəsəbəsindəki 326 nömrəli körpələr evi-uşaq bağçası və Lökbatan qəsəbəsindəki 7 nömrəli Bakı peşə məktəbi üçün yeni binaların inşası başa çatmış və istifadəyə tam hazır vəziyyətdədir. Hal-hazırda Qobustan qəsəbəsindəki körpələr evi-uşaq bağçasında və Sahil qəsəbəsindəki 9 nömrəli Xüsusi internat məktəbində əsaslı təmir işləri, Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayonun Lökbatan, Ümid qəsəbələrində yeni körpələr evi - uşaq bağçalarının inşası davam edir və Ələt qəsəbəsində yeni körpələr evi - uşaq bağçasının tikintisi üçün layihə-smeta sənədləri hazırlanır. 
      Cari dövrdə rayonda səhiyyənin inkişafı, əhalinin sağlamlığının qorunması, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi üçün də müəyyən işlər görülmüşdür.
      “2014-2016-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Səhiyyə Nazirliyi tərəfindən 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ərazisində uşaq poliklinikası üçün yeni binanın inşası nəzərdə tutulmuşdur. Bununla yanaşı Qobustan qəsəbəsindəki 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanası və Lökbatan qəsəbəsindəki yeni müasir xəstəxana binalarının inşası başa çatdırılmış və hal-hazırda tamamlama işləri aparılır. 
      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2015-ci il fevral ayının 2-dən respublikamızın bütün bölgələrində olduğu kimi Qaradağ rayonunda da 18 yaşından yuxarı əhalinin icbari tibbi müayinədən keçirilməsi tədbirləri uğurla başa çatdırılmışdır. Fevralın 2-dən may ayının 1-dək 41237 nəfər tibbi müayinədən keçmiş, onlardan 282 nəfər stasionar müalicəyə cəlb olunub, 358 nəfər isə dispanser qeydiyyatına alınmışdır. Ötən altı ay ərzində Çeyildağ, Sanqaçal və Ümid qəsəbələrində səyyar həkim briqadaları əhalinin tibbi müayinəsinin keçirilməsini təmin etmişdir.
      “Bakı-2015”-in məşəlinin birinci Avropa Oyunlarının keçiriləcəyi paytaxt Bakı şəhərinə daxil olmazdan əvvəl son dayanacağı iyunun 6-da Qobustan Milli Tarixi-Bədii Qoruğu olmuşdur. Möhtəşəm məşəl tədbirində 10 mindən çox rayon sakini iştirak etmişdir. Qobustan Muzeyinə turist axını da bu il çox olmuşdur. “Bakı-2015” birinci Avropa Oyunlarının ərəfəsində dünyanın 20-dən artıq ölkəsindən və Azərbaycanın müxtəlif bölgələrindən Qoruğu 22 378 nəfər turist ziyarət etmişdir. Keçən ilin müvafiq dövründə isə bura gələn turistlərin sayı 11465 nəfər olmuşdur.
     Mədəni maarif müəssisələri tərəfindən müxtəlif maraqlı tədbirlər həyata keçirilmişdir. Musiqi məktəbləri və mədəniyyət işçilərinin, yaradıcı kollektivlərin iştirakı ilə Novruz bayramı ilə əlaqədar rayonda maraqlı tədbirlər təşkil olunmuşdur. Ulu Öndərin anadan olmasının 92-ci il dönümü, Milli Qurtuluş Günü ilə əlaqədar rayonda silsilə tədbirlər keçirilmişdir.
       Müvafiq Dövlət Proqramına əsasən Qızıldaş mədəniyyət mərkəzinin (kitabxana daxil olmaqla) tikintisi isə hal-hazırda davam etdirilir. 
      Ötən dövr ərzində Nazirlər Kabineti tərəfindən 2001-ci ildən rayon ərazisində rəsmən qeydə alınan 15 tarixi abidənin, xüsusilə də dünya əhəmiyyətli Qobustan Milli Bədii-Tarixi Qoruğunun mühafizəsinin gücləndirilməsi üçün zəruri tədbirlər görülmüşdür.
     Dövlət gənclər siyasətinin layiqincə həyata keçirilməsi, yeniyetmə və gənclərlə işin təkmilləşdirilməsi İcra hakimiyyətinin diqqət mərkəzində olmuşdur.  Dövlət Proqramı çərçivəsində Sahil qəsəbəsində “Gənclər” evinin tikintisi başa çatdırılmışdır. Ələt, Puta və Sangaçal qəsəbələrində mini futbol meydançalarının və idman zallarının, Qobustan qəsəbəsində isə idman zalının tikintisi hal-hazırda davam etdirilir. Rayonumuzun bir çox qəsəbələrində idmanın kütləviliyinin təmin olunması üçün müvafiq Dövlət Proqramı” çərçivəsində rayon ərazisində idman meydançalarının yaradılması və atıcılıq tirinin inşa olunması nəzərdə tutulmuşdur. 
     2014-cü ilin müvafiq dövrünə nisbətən daxil olan müraciətlərin sayı də azalma müşahidə olunmuşdur.
     Milli Məclisin deputatı Ağalar Vəliyev çıxış edərək 2015-ci ilin birinci yarısında  respublikamızın əldə etdiyi uğurlar haqqında danışdı.
   Gündəlikdəki məsələ üzrə Əhalinin Sosial Müdafiə Mərkəzinin Qaradağ rayon şöbəsinin direktoru Rofət Hüseynəliyev və Qaradağ Telefon Qovşağının rəisi Oqtay Həsənov çıxış etdilər.
     Gündəlikdəki məsələyə dair Qaradağ Rayon İcra Hakimiyyətinin hesabat yığıncağının qərar layihəsi təklif edilmiş və yekdilliklə qəbul edilmişdir.
     Hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciətin qəbul edilmişdir.
   Hesabat yığıncağını yekun sözü ilə bitirən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov möhtərəm Prezidentimizə dərin minnətdarlığını bildirmiş və onu əmin etmişdir ki, rayonumuza səfərləri zamanı verdiyi tapşırıqlar, Nazirlər Kabinetinin məlum iclasındakı nitqindən irəli gələn vəzifələr layiqincə yerinə yetiriləcək və Qaradağ rayonunun davamlı sosial-iqtisadi inkişafı təmin ediləcəkdir.
    Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidentinin 22 iyun 2015-ci il tarixli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyət göstərdiyinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin məsləhətçisi Mirzəyeva Sumaxanım Zahir qızına medalı təqdim olundu.

Keçidlər