“Milli dövlətçilik təfəkkürünün başlanğıcı” mövzusunda dəyirmi masa keçirildi.
10 iyul 2015-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin 14 iyul 1969-cu il tarixində Azərbaycanda siyasi hakimiyyəti gəlməsi münasibəti ilə “Milli dövlətçilik təfəkkürünün başlanğıcı” mövzusunda dəyirmi masa keçirildi.
İlk öncə tədbir iştirakçıları Lökbatan qəsəbəsində ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsini ziyarət edərək abidə önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, tarix elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin kafedra müdiri, əməkdar müəllim İradə xanım Hüseynova, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi məsələlər üzrə Prorektoru, Hüquq üzrə fəlsəfə doktoru Mikayıl Zeynalov, Azərbaycan Dövlət İqtisad Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor Hidayət Cəfərov, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov digər qonaqlar və rayon ictimaiyyəti iştirak edirdi.
Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov Ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan rəhbərliyinə gəlişini respublikamızın bir neçə il ərzində hərtərəfli inkişafı və o dövrə məxsus intibah əlamətləri ilə milli tariximizə unudulmaz bir gün olaraq yazıldığını qeyd etdi. Bildirdi ki, Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi məmləkətini nəinki keçmiş SSRİ-də, hətta dünyada sivil bir respublika kimi tanıtdı. Onun sayəsində iqtisadi siyasətinin ana xəttini qeyri-neft sektorunun çoxşaxəli, sürətli və səmərəli inkişafı təşkil edildi, eyni zamanda, həmin sahələrə aid müəssisələr, əsasən, perspektivli kiçik və orta şəhərlərdə yaradıldı. Heydər Əliyevin yorulmaz, fasiləsiz və məqsədyönlü fəaliyyəti, həyata keçirdiyi tədbirlər bu günki müstəqilliyimiz iqtisadi gücümüz üçün təməl addımlar oldu.
Tədbirdə çıxış edən digər natiqlər də Ulu öndərin hakimiyyətə gəlişindən sonra sənayedə, kənd təsərrüfatında, mədəniyyət sahəsində, incəsənət, kino, teatr, rəssamlıq və digər sahələrdə də intibah dövrünün başlandığını vurğuladılar. Qeyd etdilər ki, Azərbaycan ulu öndərin rəhbərlik etdiyi 1969-1982-ci illərdə sovet respublikaları içərisində qabaqcıl yerə keçdi. O dövrdə həyata keçirilən tədbirlər müstəqil Azərbaycanın bu gününə xidmət edirdi. Həmin tarixdən 46 il keçməsinə baxmayaraq, xalqımız Ulu Öndərimizin uzaqgörən, elmi-iqtisadi cəhətdən əsaslandırılmış siyasətinin bəhrəsini görür, bu məktəbin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın firavan gələcəyinə zəmin yaradan siyasəti dəstəkləyir.