Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev Qaradağ rayonunda Hərbi Dəniz Qüvvələrinin yeni bazasının və “N” saylı hərbi hissənin açılışında iştirak edib.

25 iyun 2015 | 10:00

Bakının Qaradağ rayonunun Puta qəsəbəsində Hərbi Dəniz Qüvvələrinin yeni bazasının və “N” saylı hərbi hissənin açılışı olub.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev açılışda iştirak edib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Dövlət başçısı ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoydu.
Müdafiə naziri Zakir Həsənov Ali Baş Komandan, Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verdi. Bildirildi ki, Xəzər dənizi hövzəsində ən böyük və müasir hərbi obyekt olan Hərbi Dəniz Qüvvələrinin yeni bazasının və “N” saylı hərbi hissənin inzibati, xidməti binalarının və qurğuların inşasına 2010-cu ilin oktyabrından başlanılıb. Burada şəxsi heyətin xidməti vəzifələrini layiqincə yerinə yetirməsi və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün geniş işlər görülüb.
Azərbaycan Prezidenti rəmzi açılışı bildirən lenti kəsdi.
Hərbi Dəniz Qüvvələrinin qərargahının binasında ulu öndər Heydər Əliyevin ordu quruculuğuna diqqətini əks etdirən fotolardan ibarət stend yaradılıb. Qərargah binasında növbətçi, tədris, vətəndaşların qəbulu, qonaq otaqları, konfrans zalı, komplektləşdirmə, dəniz müşahidə və digər şöbələr, həmçinin feldyeger poçt-rabitə stansiyası, bufet yaradılıb.
Prezident İlham Əliyevə Hərbi Dəniz Qüvvələrinin komanda məntəqəsi barədə məlumat verildi. Bu məntəqə Hərbi Dəniz Qüvvələrinin idarə olunmasını həyata keçirir, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda suüstü şəraitə nəzarət etməyə hərtərəfli imkan verir. Məntəqədə suüstü şərait haqqında operativ məlumatlar Hərbi Dəniz Qüvvələrinə məxsus sahil və ada radio-texniki postlarda yerləşən radiolokasiya stansiyaları vasitəsilə alınır. Aşkar edilən bütün hədəflər real vaxt rejimində monitorlarda əks olunur. Xəzər dənizinin Azərbaycana məxsus sektorunda suüstü şəraitlə bağlı Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsindən və Dövlət Dəniz Administrasiyasından alınan məlumatlar da Hərbi Dəniz Qüvvələrinin komanda məntəqəsində toplanır, təhlil olunur və müvafiq qərar qəbul edilir. Burada ən müasir texnoloji yeniliklərə əsaslanan avadanlığın quraşdırılması məntəqənin işini yüksək səviyyədə qurmağa imkan verir.
Sonra dövlət başçısı hərbçilərlə görüşdü.
Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi Şahin Məmmədov dövlət başçısına raport verdi.
Prezident İlham Əliyev əsgərləri salamladı.
Azərbaycan Respublikasının dövlət himni səsləndi.
Prezident, Ali Baş Komandan İlham Əliyev mərasimdə nitq söylədi.
Prezident, Ali Baş Komandan İlham Əliyevin nitqi
- Əziz hərbçilər!
Mən sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edirəm, Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətinə yeni uğurlar arzulayıram.
Bu gözəl bayram ərəfəsində ölkəmizin həyatında çox əlamətdar hadisə baş verir. Biz bu gün Hərbi Dəniz Qüvvələrinin bazasının açılışına toplaşmışıq. Bu hadisə ölkəmizin gücünü, qüdrətini göstərir. Bu baza ən yüksək dünya standartlarına cavab verir, son illər ərzində Azərbaycanda yaradılmış ən böyük hərbi obyektlərdən biridir. Həmçinin Xəzər hövzəsində də ən böyük hərbi obyektlərdən biridir. Bir neçə il bundan əvvəl mənim qərarımla biz bu bazanın tikintisinə başlamışdıq və artıq baza açılır. Əminəm ki, ölkəmizin hərbi potensialının gücləndirilməsi üçün bu bazanın çox böyük əhəmiyyəti olacaqdır.
Bu gün burada köhnə bazanın fotoşəkilləri ilə tanış oldum. Bir daha gördüm ki, o baza bizim tələblərimizə cavab vermirdi, köhnəlmişdi. Bu gün dünya miqyasında iqtisadi və maliyyə böhranının davam etməsinə baxmayaraq, Azərbaycan dövləti güclü dövlətdir və ordu quruculuğu, hərbi potensialın gücləndirilməsi üçün bütün lazımi tədbirləri görür. Hərbi Dəniz Qüvvələrinin inkişafına diqqət göstərilir, gəmilər əsaslı təmir edilir, müasir infrastruktur, belə gözəl, möhtəşəm hərbi bazalar yaradılır. Hərbi Dəniz Qüvvələri Silahlı Qüvvələrimizin tərkib hissəsidir. Hərbi Dəniz Qüvvələrinin inkişafı gələcəkdə də diqqət mərkəzində olacaqdır.
Qeyd etməliyəm ki, Xəzər sülh, əməkdaşlıq dənizidir. Azərbaycan dövlətinin mövqeyi bundan ibarətdir. Biz çalışırıq ki, Xəzər dənizində sülhün, əməkdaşlığın dərinləşməsi üçün öz təşəbbüslərimizi irəli sürək. Şadam ki, bütün qonşu dövlətlər də bu mövqeyi bölüşür. Xəzəryanı ölkələr arasında mövcud olan dostluq, əməkdaşlıq münasibətləri Xəzərdə sülhün, təhlükəsizliyin qarantıdır. Bir çox hallarda Azərbaycan regional əməkdaşlıq təşəbbüslərini irəli sürür, o cümlədən Xəzəryanı ölkələri birləşdirən təşəbbüslər də Azərbaycan tərəfindən irəli sürülür. Gələcəkdə qonşu dövlətlərlə bizim dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq əsasında qurulan münasibətlərimiz inkişaf edəcək və bu, regionda, Xəzər regionunda sülhün təminatçısıdır.
Azərbaycanda ordu quruculuğu prosesi uğurla gedir. Bu, bizim üçün prioritet məsələdir. Ordumuz inkişaf edir, güclənir. Orduda nizam-intizam artır, aparılan islahatlar öz bəhrəsini verir. Ordumuzun döyüş qabiliyyəti artır, maddi-texniki təminat yaxşılaşır. Bildiyiniz kimi, Azərbaycanın dövlət büdcəsinin əsas xərcləri hərbi xərclərdir. Biz bundan sonra da hərbi xərclərimizi ən yüksək səviyyədə saxlayacağıq və ordunun bütün tələbatlarını ödəyəcəyik.
Son illər ərzində ordumuzun maddi-texniki bazası böyük dərəcədə artmışdır. Sadəcə olaraq hərbi məqsədlərə ayrılan vəsaitin həcminə baxmaq kifayətdir ki, bunu hər kəs görsün. On il bundan əvvəl bizim hərbi xərclərimiz heç 200 milyon dollara çatmırdısa, bu gün bu xərclər 3 milyard dollardan artıqdır.
Müqayisə üçün deyə bilərəm ki, Azərbaycanda hərbi xərclər Ermənistanın dövlət büdcəsindən təxminən 2 dəfə çoxdur. Bu, əlbəttə ki, ölkəmizin gücünü göstərir, eyni zamanda, orduya göstərilən diqqətin təzahürüdür.
Hərbçilərin məişət problemləri də həllini tapır, maaşlar artırılır və 20 il orduda qüsursuz xidmət edən hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Hərbi infrastruktur yaradılır. Mənim göstərişimlə bu gün ölkəmizin bütün bölgələrində yeni bazalar, hərbi hissələr, şəhərciklər tikilir. Eyni zamanda, hərbçilərin məişət və xidmət problemləri də yüksək səviyyədə həll olunur. Hərbi infrastrukturun yaradılması prosesi bundan sonra da davam etdiriləcək, hələ görüləsi işlər çoxdur. Ancaq deyə bilərəm ki, qısa müddət ərzində çox böyük işlər görülüb. Hərbçilər də bunu yaxşı bilirlər, mən də mütəmadi surətdə hərbi hissələrdə olarkən bunu öz gözümlə görürəm və bu istiqamətdə işlər bundan sonra da davam etdiriləcək. Bir sözlə, ordumuzun döyüş qabiliyyəti, vətənpərvərlik ruhu yüksək səviyyədədir, maddi-texniki təchizat ən yüksək səviyyədədir. Hərbçilərin məişət problemləri həll olunur, hərbi infrastruktur yaradılır.
Qeyd etməliyəm ki, son illər ərzində Azərbaycan hərbi potensialını böyük dərəcədə artıra bilmişdir. Ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıq gətirilir. Bu gün maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bu gün əldə etdiyimiz silah və texnika bizə imkan verir ki, istənilən vəzifəni şərəflə yerinə yetirək. Bununla bərabər, təxminən 10 il bundan əvvəl mənim qərarımla Azərbaycanda hərbi sənaye kompleksi yaradılmağa başlamışdır. Bu gün Azərbaycanda minə yaxın adda hərbi təyinatlı məhsul istehsal edilir və bu da ordumuzun təchizatı üçün əvəzolunmaz haldır. Beləliklə biz idxaldan asılılığımızı böyük dərəcədə azaltmışıq. Ancaq yüksək dəqiqliyə və böyük dağıdıcı qüvvəyə malik olan müasir silah-sursat, döyüş helikopterləri, döyüş təyyarələri alınır. Ordumuz üçün lazım olan qalan bütün ləvazimat, avadanlıq, texnika, mərmilər, patronlar Azərbaycanda istehsal edilir. Biz hətta hərbi məhsullarımızı ixrac etməyə başlamışıq. Azərbaycan dünyanın aparıcı beynəlxalq hərbi sərgilərində öz məhsullarını nümayiş etdirir. Artıq Bakıda da beynəlxalq sərgi keçirilmişdir ki, bu da ölkəmizin hərbi potensialının göstəricisidir.
Qeyd etdiyim kimi, ordu quruculuğu bizim üçün prioritet məsələdir və bu, gələcəkdə də belə olacaq. Nəzərə alsaq ki, biz müharibə şəraitində yaşayırıq, əlbəttə, bu, belə də olmalıdır. Ancaq müasir dünyada gedən proseslər, qanlı toqquşmalar, müxtəlif regionlarda yaranan hərbi münaqişələr diktə edir ki, hətta müharibə şəraitində olmayan ölkələr də hərbi və ordu quruculuğunu prioritet kimi qəbul etsinlər.
Bizim ən böyük problemimiz torpaqlarımızın işğal altında qalmasıdır. Uzun illər bu ədalətsizlik davam edir. 1990-cı illərin əvvəllərində o vaxtkı Azərbaycan rəhbərliyinin səriştəsizliyi, xəyanəti nəticəsində torpaqlarımız işğal altına düşmüşdür. Əfsuslar olsun ki, bütün beynəlxalq təşkilatların qərarlarına rəğmən bu işğal davam edir. Beynəlxalq hüquq normaları kobudcasına pozulur, ancaq dünya ictimaiyyəti buna biganə qalır. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir. Orada da göstərilir ki, erməni silahlı qüvvələri torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır. İyirmi ildən çox vaxt keçib, ancaq bu qətnamələr icra edilmir. Bu, bizə, dövlətimizə, xalqımıza qarşı böyük ədalətsizlikdir. Ancaq bugünkü dünya əfsuslar olsun ki, ədalətsizlik üzərində qurulur. Beynəlxalq hüquq pozulur, işğalçı dövlətə heç bir təzyiq göstərilmir, işğala məruz qalan ölkəyə də heç bir dəstək göstərilmir.
Belə olan halda əlbəttə ki, ancaq və ancaq öz gücümüzə güvənməliyik və biz bunu edirik. Əlbəttə, beynəlxalq təşkilatların sənədləri, qətnamələri, qərarları bizim siyasi, diplomatik imkanlarımızı artırır. Bu gün heç bir ölkə Dağlıq Qarabağı bir qurum kimi tanımır. Bu, bizim böyük siyasi və diplomatik uğurumuzdur. Beynəlxalq təşkilatların qərarları münaqişənin həlli üçün hüquqi bazanı yaradır. Bu hüquqi baza, eyni zamanda, tarixi ədalət üzərində qurulubdur. Çünki Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşamış, yaratmışdır. O torpaqlarda yaradılan tarixi abidələrimiz bir daha onu göstərir ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Nəinki Dağlıq Qarabağ bizimdir, hətta bugünkü Ermənistan tarixi Azərbaycan torpaqları üzərində qurulubdur. Biz hamımız bunu yaxşı bilirik. Dünya da bunu artıq bilir. İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır və biz azərbaycanlılar o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq.
Bugünkü dünyada güc amili əsas rol oynayır. “Kim güclüdür, o da haqlıdır” prinsipi əsas prinsipdir. Bu, reallıqdır. Biz real dünyada yaşayırıq. Əlbəttə, beynəlxalq davranış qaydaları, beynəlxalq hüquq normaları var və beynəlxalq təşkilatlar fəaliyyət göstərir. Ancaq biz bu fəaliyyətin konkret nəticələrini görmürük. Bir daha qeyd etmək istəyirəm ki, bir çox hallarda dövlətimizə, xalqımıza qarşı ədalətsizlik görürük. Necə olur ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrı bəzi hallarda saatlar içində icra edilir. Bizə gəldikdə isə 20 il keçibdir, bu qətnamələr kağız üzərində qalır. Bu, ədalətsizlikdir, ikili standartlardır. Ancaq yenə də demək istəyirəm, biz real vəziyyəti çox düzgün təhlil edərək bir daha qərara gəlirik ki, yalnız iqtisadi gücümüzə, hərbi gücümüzə, Azərbaycan xalqının istedadına arxalanmalıyıq.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur, nə Azərbaycan xalqı, nə də Azərbaycan dövləti heç bir başqa varianta razı ola bilməz. Biz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Baxmayaraq ki, qeyd etdiyim kimi, bugünkü Ermənistan ərazisi bizim tarixi torpağımızdır. Ancaq biz öz torpağımızı heç kimə verməyəcəyik və heç vaxt bu vəziyyətlə barışmayacağıq.
Biz münaqişəni tezliklə, ədalətli və öz xeyrimizə həll etmək üçün daha da güclü olmalıyıq. Biz güclü dövlət qururuq. Bu gün Azərbaycan dünya miqyasında qüdrətli dövlət kimi tanınır. Baxın, bütün bölgələrdə, bütün regionlarda qanlı toqquşmalar, münaqişələr, vətəndaş müharibələri, siyasi və iqtisadi böhranlar hökm sürür. Azərbaycan isə inkişaf, sabitlik adasıdır. Düşünülmüş siyasət, xalqla iqtidar arasındakı birlik və müstəqil siyasətimiz bizim bütün uğurlarımızın əsas şərtidir. Biz güclü iqtisadiyyat qurmuşuq və bu gün iqtisadi inkişaf baxımından heç bir ölkə Azərbaycan ilə müqayisə oluna bilməz. Son on il ərzində bizdə olan iqtisadi inkişaf templəri heç bir başqa ölkədə heç vaxt olmamışdır. Bu gün Azərbaycan uğurlu iqtisadi inkişafını davam etdirir. Bu, bizə imkan verir ki, müstəqil siyasət aparaq. Əgər bizim iqtisadiyyatımız başqa ölkələrdən, yaxud da ki, beynəlxalq maliyyə institutlarından asılı olsaydı, əlbəttə, başqa ölkələrin iradəsini bizə diktə edə bilərdilər. Bu gün heç bir kənar qüvvə bizə öz iradəsini diktə edə bilməz. Əgər belə cəhdlər olursa, biz bu cəhdlərin qarşısını qətiyyətlə alırıq. Azərbaycan dövləti öz yolu ilə gedir. Bu yol müstəqillik və inkişaf yoludur. Azərbaycan xalqı öz taleyinin sahibidir. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz, bizi inkişaf yolundan döndərə bilməz. Ona görə ki, iqtisadi inkişaf bizim uğurlu inkişafımızın, müstəqilliyimizin əsas təminatçısıdır.
Təmas xəttindəki vəziyyətlə hərbçilər yaxından tanışdırlar. Azərbaycan ictimaiyyəti də bunu bilir. Deyə bilərəm ki, son bir il ərzində Azərbaycan ordusu təmas xəttində tam üstünlüyü əldə edibdir. Keçən ilin yayında Ermənistan təmas xəttində təxribat törətməyə cəhd göstərmişdi. Ancaq bu təxribatın qarşısı layiqincə alındı, düşmən yerinə oturduldu. Bizdə olan məlumata görə, keçən ilin iyul-avqust aylarından bu günə qədər yüzdən çox işğalçı məhv edilib. Bəzi hallarda bizə irad tutulur ki, təmas xəttində gərginlik yaranır, Ermənistan tərəfində çoxsaylı itkilər var. Bizim isə buna cavabımız çox sadədir. Rədd olsunlar bizim torpaqlarımızdan! O zaman münaqişə öz həllini tapar, sülh yarana bilər.
Ermənistan tərəfinə bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm, - əgər ölmək istəmirsinizsə, bizim torpaqlarımızdan rədd olun. Bizdə olan məlumata görə, düşmən indi təlaş içindədir, isterikaya qapılıb. Təmas xəttindəki məğlubiyyətindən sonra bizdən qisas almağa çalışıb, ancaq o cəhdlər də uğursuz olub. Nə qədər çox təxribat törədəcəklərsə, o qədər də çox itki verəcəklər. Bir daha demək istəyirəm ki, bu gün Azərbaycan Ordusu öz üstünlüyünü göstərir. Bizdə olan vətənpərvərlik ruhu, döyüş qabiliyyəti, texniki imkanlar əlbəttə ki, üstünlüyümüzü şərtləndirir. Azərbaycan Ordusunun arsenalında mövcud olan texnika, silah-sursat Dağlıq Qarabağda və Ermənistanda istənilən hədəfi yüksək dəqiqliklə məhv edə bilər.
Əziz hərbçilər, biz 24 ilə yaxındır ki, müstəqillik şəraitində yaşayırıq. Müstəqillik bizim ən böyük sərvətimiz, ən böyük dəyərimizdir. Əsrlər boyu Azərbaycan xalqı, bizim əcdadlarımız müstəqillik eşqi ilə yaşamışlar. Ancaq bu xoşbəxtlik bizə nəsib olub.
Bu gün müstəqil Azərbaycan dünya miqyasında nümunəvi ölkə kimi tanınır. Azərbaycanda xalqla iqtidar arasındakı birlik ən yüksək səviyyədədir. Azərbaycanda bütün azadlıqlar təmin edilir, demokratik inkişaf sürətlə gedir, iqtisadi potensial, hərbi qüdrətimiz güclənir. Azərbaycanda gözəl ictimai ab-hava var. Bu, doğrudan da nümunəvi bir ölkədir və bütün bu uğurların başlıca səbəbi müstəqillikdir.
Bizim əvvəllər də enerji resurslarımız var idi. XIX əsrin sonları - XX əsrin əvvəllərində Azərbaycan nefti dünya neftinin 50 faizini təşkil edirdi. Ancaq o sərvət, o nəticələr harada idi?! Çünki o resurslar bizə məxsus deyildi. Ancaq müstəqillik illərində biz böyük nəticələrə nail ola bilmişik.
Bizim xalqımız azaddır, müstəqildir. Biz öz həyatımızı özümüz qururuq, heç kimdən asılı deyilik. Bizim müstəqilliyimiz sadəcə olaraq dövlət atributları ilə ölçülmür. Biz müstəqil siyasət aparırıq, bütün beynəlxalq tribunalarda sözümüzü deyirik, bütün beynəlxalq məsələlərlə bağlı qətiyyətli mövqeyimizi ifadə edirik. Bəzi hallarda bu, bizi istəməyən xarici qüvvələri, dairələri qıcıqlandırır. Ancaq mənim üçün bunun heç bir əhəmiyyəti yoxdur. Əsas məsələ Azərbaycan xalqının təhlükəsizliyi, rifahı, Azərbaycan dövlətinin inkişafı və güclənməsidir.
Bu gün müstəqil Azərbaycan uğurla, inamla inkişaf edir. Biz böyük uğurlara imza atmışıq. Ancaq bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzü bərpa etməkdən ibarətdir. Mən əminəm ki, güclənən Azərbaycan buna da nail olacaq və bizim milli bayrağımız Şuşada, Xankəndidə qaldırılacaqdır. Hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü öz işi ilə yaxınlaşdırmalıdır.
Əziz hərbçilər, sizi qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibətilə bir daha ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram.
Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!
                                                                                       x x x
Sonra xatirə şəkli çəkdirildi.
Daha sonra dövlət başçısı “N” saylı hərbi hissənin əsgər yataqxanasında oldu.
Hərbi hissənin şəxsi heyəti üçün yataqxanalar inşa olunub. Üçmərtəbəli binalarda əsgər və zabitlərin qalması, onların istirahəti, asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün bütün zəruri şərait yaradılıb. Əsgər yataqxanalarında, həmçinin lazımi hərbi-texniki vəsaitlərlə təchiz edilmiş sinif otaqları var.
Buradakı şərait bir daha təsdiq edir ki, Azərbaycan dövlətinin iqtisadi qüdrəti artdıqca hərbi sahənin daha da müasirləşdirilməsi, əsgər və zabitlərin xidmət şəraitlərinin daha da yaxşılaşdırılması, onların hərbin sirlərinə daha dərindən yiyələnməsi istiqamətində mühüm layihələr yerinə yetirilir.
Ali Baş Komandana “Bəbir-2” zirehli nəqliyyat vasitəsi barədə də məlumat verildi. Avtomatik sürətlər qutusu, hidravlik sükan mexanizmi ilə təchiz edilən bu zirehli maşın Azərbaycan istehsalıdır. İstənilən döyüş tapşırığını yerinə yetirə bilən bu zirehli nəqliyyat vasitəsi döyüş zamanı təbii və süni maneələri asanlıqla dəf edə bilir.
Dövlət başçısı Hərbi Dəniz Qüvvələrinin poliklinikasındakı şəraitə baxdı. Poliklinika binasının foyesində ulu öndər Heydər Əliyevin və Ali Baş Komandan İlham Əliyevin əsgər və zabitlərlə görüşlərini əks etdirən fotolar sərgilənir. Burada əsgər və zabitlərin həm müalicəsi, həm də müayinəsini həyata keçirmək mümkündür. Poliklinikada 11 funksional bölmə və 4 funksional kabinet yaradılıb. Buradakı oftalmoloq, fizioterapiya, nevropatoloq, LOR, stomatoloq, cərrah, terapevt, ultrasəslə müayinə, dermatoloq və rentgen otaqları tibbin müasir texniki avadanlığı ilə təchiz edilib. Poliklinikada, həmçinin biokimyəvi, kimyəvi və seroloji müayinələrin aparılacağı laboratoriya, prosedur otaqları, aptek, yeməkxana yaradılıb. Bu tibb müəssisəsində 32 çarpayılıq 7 palata da var. Palatalardakı şərait hərbçilərin müalicə proseslərini yüksək səviyyədə aparmağa geniş imkan verir.
Qaradağ rayonunun Puta qəsəbəsində ayrılan 254,5 hektar torpaq sahəsində Hərbi Dəniz Qüvvələri və “N” saylı hərbi hissə üçün qərargah binaları, 2 xidməti yaşayış binası, 10 sahilyanı matros yataqxanası, əsgər yeməkxanaları, nəzarət-buraxılış məntəqələri, qazanxana-camaşırxana-hamam kompleksi, gəmilərin yan alması üçün körpülər, anqar tipli avtomobil dayanacaqları yaradılıb.
Gəmilərin yanalma körpüsünə gələn Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrinin idarəetmə gəmisinə baxdı. Gəmidə şəxsi heyətin yaşaması, istirahət etməsi və xidmət aparması üçün zəruri şərait yaradılıb. Gəmidəki qurğular şəxsi heyətin qarşısına qoyulmuş döyüş və əməliyyat tapşırıqlarının yerinə yetirilməsində yüksək nəticələrə nail olmaq imkanı yaradır.
Dövlət başçısına gəminin baş komanda məntəqəsi haqqında məlumat verildi.
Bildirildi ki, baş komanda məntəqəsi gəminin idarə edilməsini, dənizdə üzmə zamanı naviqasiya və məhdud görünmə şəraitində təhlükəsizliyini təmin edir.
Bütün silah və texniki vasitələrin idarə edilməsi, döyüş və atəş tapşırıqlarının yerinə yetirilməsi də buradan həyata keçirilir. Gəminin hərəkətə gətirilməsi və istiqamətinin tənzimlənməsi üçün baş mühərriklərin və sükanın idarə edilməsi məqsədilə burada ən son texnoloji avadanlıq quraşdırılıb. Bütün cihazların təyin etdiyi göstəricilər elektron xəritədə əks olunur.
Hərbi hissədə tikintinin ikinci mərhələsində gəmilərə və avtomobillərə texniki qulluq və təmir sahələri, əlavə yanalma körpüləri, anbarlar sahəsi, zabitlər evi, uşaq bağçası və məktəb binaları, klub və idman şəhərciyinin inşası nəzərdə tutulub.
Sonra Ali Baş Komandan Hərbi Dəniz Qüvvələrinin “N” saylı hərbi hissəsinin qərargahı və matros yataqxanasında yaradılan şəraitlə tanış oldu. Bu bina hərbi hissə qərargahının fəaliyyəti və matrosların yaşaması üçün nəzərdə tutulub. Burada hər biri 8 nəfərlik olmaqla 4 otaq var. Otaqlarda hərbçilərin yatması, istirahət etməsi və asudə vaxtlarını səmərəli keçirməsi üçün bütün imkanlar yaradılıb. Məişət xidməti və sinif otaqları, kompyuter zalı əsgərlərin ixtiyarına veriləcək.
Prezident İlham Əliyevə Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti üçün inşa edilən yaşayış binaları barədə də məlumat verildi. Ərazidə beşmərtəbəli iki bina inşa olunub. Beş blokdan ibarət binaların hər birində üçotaqlı 50 mənzil var. Bütün zəruri avadanlıqla təchiz olunan mənzillərin hər birinin ümumi sahəsi 110 kvadratmetrdən artıqdır. Binaların ikisi də mərkəzləşdirilmiş havalandırma sistemi ilə təmin olunub. Ətrafda geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, istirahət guşələri yaradılıb.
Daha sonra dövlət başçısı “N” saylı hərbi hissənin qazanxana-camaşırxana-hamam kompleksindəki şəraitlə tanış oldu. Bu kompleks də müasir səviyyədə yaradılıb.
“N” saylı hərbi hissənin yeməkxanası ilə tanışlıq zamanı Ali Baş Komandana səhra şəraitində yemək hazırlamaq məqsədilə soba, şəxsi heyət üçün səhra şəraitində suyun qaynadılması, yeməklərin və çörəyin hazırlanması, hazır yeməklərin daşınması üçün xüsusi qablar və soyuducular, həmçinin son dövrlərdə əsgərlərin yemək rasionuna edilən əlavələr barədə də məlumat verildi. Bildirildi ki, yeməkxanada eyni vaxtda üç min nəfər qidalana bilər.
Prezident İlham Əliyev çörək sexinə də baxdı. Məlumat verildi ki, bu sex hərbi hissənin şəxsi heyətinin çörəyə olan tələbatını tam ödəməyə imkan verir.

Keçidlər