Yerli Özünüidarəetməyə Dəstək Proqramı
Almaniyanin Beynelxalq Əməkdaşlıq Təşkilatı/GIZ hökümətlərarası razılaşmaya əsasən 2010-cu ildən Azərbaycanda Yerli Özünüidarəetməyə Dəstək Proqramını həyata keçirir. Proqram çərçivəsində yerli özünüidarəetmə sahəsində bələdiyyələr və dövlət qurumları ilə yaxından əməkdaşlıq qurulmuş və Azərbaycanın müxtəlif bölgələrində sosial və iqtisadi sahələrdə bır sıra layihələr həyata keçirilmişdir. Növbəti dövlət tərəfindən dəstəklənən uzunmüddətli DAYAQ adlı layihəyə 01 avqust 2012-ci il tarixdən start verilib. Layihə Azərbaycan bələdiyyə şuralarının qadın üzvləri üçün nəzərdə tutulub. Layihənin icrası Mentorluq Proqramı əsasında həyata keçirilir. Layihənin əsas tərəfdaşları: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyi Layihənin coğrafi ərazisi: Sumqayıt şəhəri, Abşeron və Qaradağ rayonudur Mentorluq Proqramı iki məqsədə nail olmağı nəzərdə tutur: qadınların yerli ictimai həyatında iştirakını gücləndirmək və Azərbaycanda yerli səviyyədə daha çox gender yönlü idarəetməni təmin etmək. Qeyd edək ki, 2009-cu ildə bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən 5 dəfə artaraq 4 243 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 26,5% olub. Əvvəlki 2004-cü il bələdiyyə seçkilərində bu göstərici 4% təşkil edib. Seçilən qadın bələdiyyə üzvlərindən 302 nəfəri bələdiyyə sədri seçilib. Baxmayaraq ki, bu nəticələrin əldə olunması kəmiyyət nöqtəsi nəzərdən vacib nailiyyətdir, seçilmiş qadın nümayəndələrinin əksəriyyəti hələ də təcrübəsizdir, onların bilik və bacarıqları kifayət qədər deyil. Bu mənada Mentorluq Proqramı seçilmiş qadınların qərar vermə prosesində iştirakı və liderlik mövqelərini tutmalarında yeni yanaşmadır. Mentorluq anlayışı qadınların geniş iştirakı üçün hərtərəfli yanaşmaları yaratmışdır: bu üsula əsaslanaraq mentor və stajor bir araya gəlir və elə bir güclü əlaqə yaradır ki, bu əlaqə vasitə ilə mentor stajora bilik, ictimai və psixoloji dəstək göstərir, karyerada təkmilləşmək və nailiyyətlər əldə etmək üçün köməklik edir. Mentorluq Proqramı 4 mərhələyə əsaslanır: üz-üzə mentorluq əlaqələrin yaradılması, təlimlərin keçirilməsi, gender yönlü layihələrin dəstəklənməsi, mentor-stajor şəbəkəsinin yaradılması. Layihə çərçivəsində ilkin mərhələdə 03-06 sentyabr tarixdə Qaradağ rayonun bələdiyyə üzvləri ilə növbəti görüşlər həyata keçirilib. Tədbirdə Almaniyanin Beynelxalq Əməkdaşlıq Təşkilatının/GIZ Proqram rəhbəri Fidan Qasımova, Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyinin sədri Lyudmila Xəlilova, Qaradağ rayonun İcra Hakimiyyətinin İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin Baş məsləhətçisı Abbas Hüseynov, bələdiyyələrin sədrləri və bələdiyyələrin seçilmiş qadın bələdiyyə üzvləri iştirak etdilər. Burada layihə və proqramın əsas məqsəd və vəzifələri haqqında genış məlumat verildi, proqramda iştirak üçün ərizə formaları paylandı və şəbəkənin yaradılması üçün ilkin müzakirələr aparıldı.