Şriftin ölçüsü :

Saytın rəngi :

“Bakı-2015”-in məşəli Qaradağda

06 iyun 2015 | 10:00

“Bakı-2015”-in məşəlinin birinci Avropa Oyunlarının keçiriləcəyi paytaxt şəhərə daxil olmazdan əvvəl son dayanacağı iyunun 6-da Qobustan Milli Tarix-Bədii Qoruğu oldu.
Arxeoloji muzeyin qarşısından məşəl estafetinin paytaxt Bakıdan kənar son mərhələsi başlandı. 1,8 kilometr məsafəni əhatə edən estafet yürüşünü “Sabahın alimləri” müsabiqəsinin, tarix fənni üzrə olimpiadanın və “Heydər Əliyev-92” inşa müsabiqəsinin qalibi Səbinə Qədirova başladı. Estafet yürüşündə Minəxanım Bayramova, Aysel İsmayıllı, İmran Həsənov, Nilgün Məhərrəmova, Adil Əliyev, Süleyman Mahmudov, Kamilla Bayramova, Elxan Əliyev iştirak etdilər. Yürüşü yol üzərində qurulmuş səhnəyə çıxaraq “Bakı-2015”-in daha bir çırağını alovlandıran beynəlxalq müsabiqə laureatı, Prezident təqaüdçüsü Leyla Zeynalova başa çatdırdı.
Mərasim “Bakı-2015”-ə həsr olunmuş bədii proqramla davam etdirildi. “Bakı-2015”-in məşəli ilə yandırılan çırağı Qobustan Milli Tarix-Bədii Qoruğunun bələdçisi Nərmin Hüseynli muzeyə təqdim etdi.
Tədbir musiqi proqramı ilə davam edərək rayon sakinlərinin alqışları və xoş təsüratları ilə yadda qalan oldu.
Xatırladaq ki, “Bakı-2015” birinci Avropa Oyunlarının məşəli Atəşgah Məbədindən götürülmüş alovla aprelin 27-də Bakıdan yola salınıb və iyunun 7-də paytaxta qaytarılana qədər, təxminən 5500 kilometr məsafə qət edib. Məşəl səyahətində 150 nəfərlik yaradıcı komanda, 132 nəqliyyat vasitəsi iştirak edir. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub. Səyahət boyunca hər regionu əhatə edən məşəl estafetləri, eləcə də alov festivallarında “Bakı-2015”-in ulduz elçiləri də iştirak edirlər. Festivallar Naxçıvan, Lənkəran, Cəlilabad, Sabirabad, Horadiz, Quzanlı, Bərdə, Gəncə, Mingəçevir, Şəki, Qəbələ, Şamaxı və Qubada keçirilib. Qalan yaşayış məntəqələrində isə qarşılanma mərasimləri olub.

Keçidlər