Hərbi Hissədə “Narkomanlıq və onun fəsadları” mövzusunda tədbir keçirildi.
22 may 2015-ci il tarixdə Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayon ərazisində yerləşən Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının “N” saylı alayında şəxsi heyətlə “Narkomanlıq və onun fəsadları” mövzusunda tədbir keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya”sının məsul katibi Firidun Hüseynov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, 19 saylı Birləşmiş Şəhər Poliklinikasının həkim-psixoloqu Elvin Məmmədov, alayın zabit və əsgər heyəti iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov gənc nəslin sağlam həyat tərzinin təmin olunmasının zəruriliyindən danışaraq bu sahənin daima rayon rəhbərliyinin diqqət mərkəzində olmasını, bu istiqamətdə əməli tədbirlərin görülməsi üçün şəraitin yaradılmasını qeyd etdi. Həkim-psixoloq Elvin Məmmədov son vaxtlar yeniyetmə və gənclər arasında narkotiklərin yayılmasından, onlara meylliliyin təzahüründən danışdı. Rayon İcra Hakimiyyətinin məsul işçisi Firidun Hüseynov narkomanlığa qarşı kütləvi şəkildə mübarizə aparmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 iyun 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş üçün “Narkotik vasitələrin, psiхotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası yaradılmasını qeyd etdi.
Tədbirdə iştirak edən zabitlər də narkomanlığın profilaktikası ilə bağlı yeniyetmə və gənclərin təmsil olunduqları yerlərdə müvafiq mövzularda seminarların, sərgi, mədəni-kütləvi aksiya və təşviqat kompaniyalarının keçirilməsinin, sağlam həyat tərzinin kütləvi-mədəni, bədən tərbiyəsi və idman vasitəsilə təbliğ edilməsinin və bu sahədə maarifləndirmə işinin genişləndirilməsinin vacibliyini qeyd etdilər.
Tədbirin sonunda iştirakçılara mövzuya uyğun broşürlər paylandı.