Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomaniyaya yox deyək!” mövzusunda gənclər ilə görüş keçirildi.

15 may 2015 | 10:00

15 may 2015-ci il tarixində Qaradağ rayonu, Müşviqabad qəsəbəsində Mədəniyyət evində “Narkomaniyaya yox deyək!” mövzusunda gənclər ilə görüş keçirildi.
     Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya”sının məsul katibi Firidun Hüseynov, rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Bakı şəhəri Narkoloji dispanserin baş narkoloqu Lüdmila Cəfərova, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ Rayon Komitəsnin sədri Zümrüd Rzayeva, məktəb müəllimləri və şagirdlər iştirak edirdi.
     Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya”sının məsul katibi Firidun Hüseynov gənc nəslin sağlam həyat tərzinin təmin olunmasının zəruriliyindən danışaraq bu sahənin daima rayon rəhbərliyinin diqqət mərkəzində olduğunu qeyd etdi. Bildirdi ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı vaxtilə ümummilli lider Heydər Əliyev tərəfindən başlanan, hazırda davam etdirilən mübarizə dövlətimizin maraqlarının qorunmasının prioritet istiqamətlərindəndir. Bu sahədə fəaliyyətin səmərəsini artırmaq məqsədilə Prezident İlham Əliyev cənablarının 2007-2012-ci və 2013-2018-ci illəri əhatə edən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı"nı təsdiq edib.
    Daha sonra çıxış edən digər natiqlər də dünyada, eləcə də respublikamızda narkomaniya ilə mübarizə sahəsində xeyli işlərin görülməsinə baxmayaraq, hələ də bu sahədə problemlər yaşanmaqda olduğunu diqqətə çatdırdılar. Dünyada narkomanlıq xəstəliyinə tutulanların eləcə də, narkotika ilə bağlı olan cinayətlərin sayının artmaqda davam etməsinin neqativ və ağır nəticələrə səbəb olduğu fikri səsləndirildi.
     Tədbirin sonunda iştirakçılara mövzuya uyğun broşürlər paylanıldı.

Keçidlər