Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 70-ci ildönümü münasibətilə tədbir keçirildi.
05 may 2015-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki “Şəhidlər” abidə kompleksinin önünə Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 70-ci ildönümü münasibətilə əklilqoyma mərasimi keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Milli Məclisin üzvü Ağalar Vəliyev, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şura üzvləri və müharibə veteranları iştirak edirdilər.
İlk öncə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov və Şura üzvləri abidə önünə əklil və gül dəstələri qoydular.
Daha sonra rayonun idarə, müəssisə və təşkilatlar rəhbərləri, ardıcıl olaraq mərasimə toplanmış ictimaiyyət nümayəndələri abidə önünə gül dəstələri qoymaqla öz ehtiramlarını bildirdilər.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov xalqımızın igid oğul və qızlarının qorxu bilmədən döyüşə getdiklərini qeyd etdi. Bildirdi ki, müharibə illərində döyüşən ordunun yanacaqla təminatında Azərbaycan xalqının böyük əməyi olmuş, SSRİ - də çıxarılan neftin 69 %-ni Bakı vermişdi. Müharibə illərində Azərbaycanın bütün bölgələrində 66 təxliyyə hospitalı yaradılmışdı. Ulu Öndərin 92 illik yubileyi ərəfəsində olduğumuzu xatırladaraq Heydər Əliyevin veteranlara həmişə böyük diqqət və qayğı ilə yanaşdığını və hal-hazırda bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğuladı. Qələbənin 70 illiyi ərəfəsində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyə görə orden və medallarla təltif olunmuş şəxslərə birdəfəlik maddi yardım verilməsi və növbədə olan bütün veteranların avtomobillərlə təmin olunması ölkə rəhbərliyinin veteranlara olan qayğısının bariz nümunəsidir.
Tədbirdə çıxış edən veteranlar keçdikləri şərəfli ömür yolundan danışaraq, respublikamızda, o cümlədən Qaradağ rayonunda gedən tikinti, yenidənqurma və abadlıq işlərini yüksək qiymətləndirərək, özlərinə göstərilən böyük diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürlərini bildirdilər.