Qaradağ Rayon İcra Hakimiyyətinin 2015-ci ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı keçirildi
Qaradağ Rayon İcra Hakimiyyətinin 2015-ci ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 10 aprel 2015-ci il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirildi.
Yığıncağın işində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin üzvü Mixail Zabelin, Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyəti iştirak edirdilər.
Yığıncaqdan öncə tədbirdə iştirak edən qonaqlar ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoydular.
Hesabat yığıncağında ilk öncə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 10 aprel 2015-ci ilin birinci rübündə sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitqində ölkəmizin əldə etdiyini yüksək nailiyyətlərin fərəh və qürur verici olduğunu bildirdi. Qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlanmış islahatlar nəticəsində ölkəmizdə iqtisadi və siyasi sabitlik tam təmin edilmişdir. Respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin ən böyük rayonu olan Qaradağ rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini qeyd etdi.
Daha sonra Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov hesabat məruzəsi ilə çıxış etdi. Məruzədə qeyd olundu ki, ötən rübün yekunlarına əsasən rayon üzrə 150,5 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş, iqtisadiyyatın aparıcı sahəsini təşkil edən neft və qaz sənayesi müəssisələrində 129,5 min ton xam neft və 91,4 milyon kub metr təbii qaz hasil olunmuşdur. Rayon üzrə 421 min ton sement, 14,8 min ton mişar daşı istehsal edilmiş, rabitə xidmətlərinin həcmi 585,7 min manat olmuşdur. Pərakəndə əmtəə dövriyyəsi 665,9 milyon manat, əhaliyə göstərilən pullu xidmətlər isə 38,5 milyon manat olmuşdur. Avtomobil nəqliyyatında fəaliyyət göstərən müəssisələr tərəfindən 239,6 min manatlıq xidmətlər göstərilmişdir.
Hesabat rübündə Ələt və Sahil qəsəbələrinin ümumillikdə 8234 nəfəri səyyar "ASAN xidmət"indən yaralanmışdır. Bundan başqa Qaradağ Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi şöbəsi tərəfindən əvvəlcədən tərtib olunmuş qrafik əsasında hər həftənin şənbə günü bir qəsəbədə səyyar xidmət göstərir. Hesabat rübü ərzində Ələt, Qobustan, Müşfiqabad, Qızıldaş qəsəbələrində səyyar xidmət göstərərkən müraciət etmiş 945 nəfərə şəxsiyyət vəsiqəsi verilmişdir.
Əhalinin məşğulluğunu təmin etmək məqsədi ilə mütəmadi olaraq qəsəbələrdə səyyar əmək yarmarkaları keçirilir. Bundan əlavə BP-Azərbaycan Şirkətinin təşkilatçılığı ilə rayonumuzda həyata keçiriləcək yeni layihələrlə bağlı “Azfen”, “Tekfen” şirkətləri ilə birlikdə rayonda işə qəbulla əlaqədar mütəmadi tədbirlər keçirilir.
Rayonun Səngəçal qəsəbəsi ərazisində Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin salınması üçün ümumi sahəsi 3850 hektar olmaqla, Qaradağ rayon ərazisindən 1875 hektar torpaq sahəsi ayrılmışdır. Bu kompleksdə 2000 nəfərə kimi işlə təmin olunacaqdır. Bütövlükdə ilin əvvəlindən rayonumuzda 352 yeni iş yeri açılmışdır.
Ötən rüb rayonun elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması üçün 1 ədəd yeni kompleks transformator məntəqəsi quraşdırılmış, mövcud transformatorlara 120 kq yağ əlavə olunmuş, 3 min 360 metr müxtəlif diametrli kabel və hava xətləri çəkilmişdir.
Mövcud qaz təchizatının yaxşılaşdırılması, qaz təsərrüfatının təhlükəsiz istismarının təmin edilməsi məqsədi ilə müxtəlif diametrli 5 min 178 p/metr mövcud qaz xətti yenisi ilə əvəz edilmiş, 523 ədəd mexaniki qaz sayğacı dəyişdirilmişdir.
Cari qış mövsümündə rayon üzrə 10 saylı istilik sahəsi tərəfindən 101 bina, 10 orta məktəb, 4 uşaq bağçası və 3 səhiyyə müəssisəsi istiliklə təmin olunur.
Hesabat dövrü ərzində müxtəlif diametrli 200 metr yeni su xətti çəkilmiş, 1000 metrə yaxın su xətti isə dəyişdirilmişdir. 2014-2016-cı illəri əhatə edən müvafiq Dövlət Proqramına əsasən bu istiqamətdə işlər davam etdirilir.
Ölkəmiz bu il birinci Avropa Oyunlarına sahiblik edəcəkdir. Bu ərəfədə bu ilin birinci rübündə Qaradağ rayonunda abadlıq-quruculuq işləri daha geniş miqyasla aparılmaqdadır.
Hazırlıq işləri ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı və rayon ərazisində görüləcək işlərlə bağlı tədbirlər planı təsdiq edilmiş və I Avropa Oyunları ilə əlaqədar Qaradağ rayonunda görüləcək işlərin mütəşəkkilliyinin təşkil və ortaya çıxan məsələlərin operativ həllinin təmin olunması məqsədilə Qaradağ Rayon İcra Hakimiyyəti nəzdində qərargah yaradılmışdır.
Bu mötəbər beynəlxalq idman tədbirinə onlarla xarici ölkədən gələcək qonaqlar ölkəmizlə, o cümlədən rayonumuzla da tanış olacaqlar. Təsadüfi deyil ki, 16,5 km yol bu beynəlxalq idman yarışı iştirakçılarının hərəkət marşrutu üzərindədir. Bakı-Ələt (Astara) magistral avtomobil yolu və xüsusi ilə Qobustan Milli-Tarix Bədii Qoruğu gedən yolun abadlaşdırılması, yaşıllaşdırılması və əsaslı təmir işləri davam etdirilmişdir.
Bakı dairəvi yolunun Qurd Qapısı adlanan sahəsində məcburi köçkünlərin məskunlaşdığı yaşayış massivində yardımçı və təsərrüfat məqsədli tikililərin qarşısında 3 000 kv.metr istinad divarı hörülərək müasir fasad materialları ilə üzlənmişdir. Həmin hissənin qarşısında 4 500 kv.metr sahədə yaşıllıq zolağının salınması üçün hazırlıq işlərinə başlanılmışdır.
Rayonumuzun Yasamal tərəfdən girişində müasir suvarma sistemi ilə təchiz olunmuş yeni 3 500 kv.metr yaşıllıq sahəsi salınmış və dekorativ ağac, kol bitkiləri əkilmiş, həmin sahəyə tərtibat vermək üçün 180 kv.metr hörgü işləri görülmüş, 255 kv.metr aqlay daşlarla üzlənmişdir. 370 p/m bordyur, 870 kv.metr sahəyə tamet, düzülmüşdür. Avropa Oyunlarına aid təsvirlərin özündə əks etdirən reklam lövhələri quraşdırılmış, yol kənarına və yaşıllıq sahəsinin ətrafına çınqıl tökülərək səliqəyə salınmışdır.
Dairəvi yolun Şıxov hissəsində tikinti materialları və məişət tullantıları ilə çirklənmiş sahə təmizlənərək, 200 maşından artıq əkin üçün torpaq tökülmüş və suvarma sistemi ilə təchiz olunmuşdur. Avropa Oyunları loqosunun quraşdırıldığı bu sahəyə 4000 kv.m ot örtüyü salınmış, 200 yaxın həmişəyaşıl Leylandra ağacları əkilmiş və bəzək elementləri quraşdırılmışdır.
Ümumilikdə rüb ərzində 19 000 kv.m ot örtüyü və yolboyu yaşıllıq sahələri salınmış və 30 minə yaxın müxtəlif növ ağac və mövsümi güllər əkilmişdir.
Bu ilin mart ayından ölkəmizin bütün guşələrində Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA-Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq İctimai Birliyinin təsisçisi Leyla xanım Əliyevanın “Ümumrespublika yaşıllaşdırma” layihəsi əsasında ağacəkmə kampaniyasına start verilmişdir. Kampaniya çərçivəsində rayon ərazisində ağac əkimi davam etməkdədir.
Lökbatan qəsəbəsində uzun illərdir qəzalı vəziyyətdə olan qamış konstruksiyalı evlərdə yaşayan sakinlər üçün ölkə başçısı cənab İlham Əliyevin göstərişinə əsasən yaxın günlərdə yeni çoxmərtəbəli yaşayış mənzillərinin tikintisinə başlanacaqdır. Hal-hazırda inşa ediləcək binanın layihə-smeta sənədləri hazırlanır.
Bakı - Ələt (Astara) magistral avtomobil yolunun rayon ərazisindən keçən sol və sağ hissələrinin kənarlarında nəzərdə tutulmuş istinad divarlarının tikintisi başa çatdırılmış və 4 min 340 kv.metr aqlay üzlük vurulmuşdur.
Qaradağ rayonunda ekoloji sabitliyin qorunması, ətrafda olan göllərin qurudulması müvafiq Dövlət Proqramı əsasında həyata keçirilməkdədir.
Hesabat dövrü ərzində Dövlət Proqramına əsasən Puta qəsəbəsindəki 326 nömrəli körpələr evi-uşaq bağçası və Lökbatan qəsəbəsindəki 7 nömrəli Bakı peşə məktəbi üçün yeni binaların inşası başa çatmış və istifadəyə tam hazır vəziyyətdədir. Hal-hazırda Qobustan qəsəbəsindəki körpələr evi-uşaq bağçasında və Sahil qəsəbəsindəki 9 nömrəli Xüsusi internat məktəbində əsaslı təmir işləri, Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayonun Lökbatan, Ümid qəsəbələrində yeni körpələr evi - uşaq bağçalarının inşası davam edir və Ələt qəsəbəsində yeni körpələr evi - uşaq bağçasının tikintisi üçün layihə-smeta sənədləri hazırlanır.
“2014-2016-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Səhiyyə Nazirliyi tərəfindən 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ərazisində uşaq poliklinikası üçün yeni binanın inşası nəzərdə tutulmuşdur. Bununla yanaşı Qobustan qəsəbəsindəki 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanası və Lökbatan qəsəbəsindəki yeni müasir xəstəxana binalarının inşası başa çatdırılmış və hal-hazırda tamamlama işləri aparılır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2015-ci il fevral ayının 2-dən respublikamızın bütün bölgələrində olduğu kimi Qaradağ rayonunda da 18 yaşından yuxarı əhalinin icbari tibbi müayinədən keçirilməsi tədbirləri uğurla davam etdirilməkdədir.
Müvafiq Dövlət Proqramına əsasən Qızıldaş mədəniyyət mərkəzinin (kitabxana daxil olmaqla) tikintisi isə hal-hazırda davam etdirilir.
Dövlət gənclər siyasətinin layiqincə həyata keçirilməsi, yeniyetmə və gənclərlə işin təkmilləşdirilməsi İcra hakimiyyətinin diqqət mərkəzində olmuşdur. Dövlət Proqramı çərçivəsində Sahil qəsəbəsində “Gənclər” evinin tikintisi başa çatdırılmışdır. Ələt, Puta və Səngəçal qəsəbələrində mini futbol meydançalarının və idman zallarının, Qobustan qəsəbəsində isə idman zalının tikintisi hal-hazırda davam etdirilir. Rayonumuzun bir çox qəsəbələrində idmanın kütləviliyinin təmin olunması üçün müvafiq Dövlət Proqramı çərçivəsində rayon ərazisində idman meydançalarının yaradılması və atıcılıq tirinin inşa olunması nəzərdə tutulmuşdur. Hesabat dövründə Qaradağ rayonunun ictimai-siyasi və mədəni həyatı dövlət və milli bayramlara, əlamətdar və tarixi günlərə həsr edilən geniş, əhatəli tədbirlərin keçirilməsi ilə zəngin olmuşdur.
Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsi rayon ərazisində yerləşən orta məktəb şagirdləriylə birgə Quba rayonunda yerləşən “Soyqırım Memorial Kompleksi”ndə olmuşlar.
2014-cü ilin müvafiq dövrünə nisbətən daxil olan müraciətlərin sayı də azalma müşahidə olunmuşdur.
Hesabat məruzəsindən sonra gündəlikdəki məsələ üzrə Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinin müdiri Məhərrəm Məhərrəmov və Aşıq Rza adına Qobustan Mədəniyyət evinin müdiri Gülarə Bayramova çıxış etdilər.
Milli Məclisin deputatı Mixail Zabelin çıxış edərək 2015-ci ilin birinci rübündə cari dövr ərzində respublikamızın əldə etdiyi uğurlar haqqında danışdı.
Gündəlikdəki məsələyə dair Qaradağ Rayon İcra Hakimiyyətinin hesabat yığıncağının qərar layihəsi təklif edilmiş və yekdilliklə qəbul edilmişdir.
Hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciətin qəbul edilmişdir.
Hesabat yığıncağını yekun sözü ilə bitirən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov möhtərəm Prezidentimizə dərin minnətdarlığını bildirmiş və onu əmin etmişdir ki, rayonumuza səfərləri zamanı verdiyi tapşırıqlar, Nazirlər Kabinetinin məlum iclasındakı nitqindən irəli gələn vəzifələr layiqincə yerinə yetiriləcək və Qaradağ rayonunun davamlı sosial-iqtisadi inkişafı təmin ediləcəkdir.
Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 04 mart 2015-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuş Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qaradağ rayon bölməsinin rəhbəri Niyaz Eyvazova medalı təqdim olundu.