“Bakı şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının, rəqəmsal kadastr xəritələrinin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi” layihəsinin icrası ilə bağlı görüş keçirildi.
09 aprel 2015-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətində “Bakı şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının və rəqəmsal kadastr xəritələrinin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi” layihəsinin icrası ilə bağlı yerli İcra hakimiyyəti orqanı, onun tabeli qurumları və bələdiyyələr ilə görüş keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzinin baş mühəndisi, Layihə İdarəetmə Qrupunun rəhbəri Vidadi Quliyev, Türkiyənin “Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret A.Ş.” şirkətinin əməkdaşları, qəsəbə nümayəndələri və bələdiyyə sədrləri iştirak edirdilər.
Tədbir çıxış edən Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzinin baş mühəndisi, Layihə İdarəetmə Qrupunun rəhbəri Vidadi Quliyev bu layihə üzrə artıq Bakı şəhərinin 7 rayonu üzrə işlərin bitdiyini artıq bu istiqamətdə Qaradağ, Nizami, Binəqədi, Xətai və Pirallahı rayonları üzrə işlərə başlanıldığını bildirdi. Qeyd etdi ki, Tədbirin keçirilməsində əsas məqsəd kadastr layihəsinin uğurla həyata keçirilməsi üçün maraqlı tərəflər və vətəndaşlar arasında maarifləndirmə, agahlıq və izahat işlərinin aparılması, digər əlaqədar icra qurumları ilə fəaliyyətin əlaqələndirilməsi, iş prosesində dəstəyə nail olmaqdır. Elektron kadastr məlumat bazası ölkədə ünvan, əhali, hüquqi şəxslərin reyestri və kadastr orqanları ilə informasiya mübadiləsi aparmağa, onlara daşınmaz əmlak obyektləri ilə bağlı kadastr informasiya dəstəyi verməyə imkan yaradacaq. İnkişaf etmiş ölkələrin kadastr sahəsindəki müasir təcrübəsi əsasında həyata keçirilən bu kimi layihələr nəticəsində daşınmaz əmlakın dövlət qeydiyyatı ilə bağlı mövcud proseduraların sadələşdirilməsinə, qeydiyyata sərf olunan vaxtın azaldılmasına, məlumatların dəqiqliyinin təmin edilməsinə, bu sahədə əhaliyə göstərilən xidmət səviyyəsinin, habelə şəffaflığın və operativliyin daha da artırılmasına, bütövlükdə elektron xidmətlərin geniş miqyasda tətbiqinə nail olunacaq. Elektron kadastr məlumat bazası icra və qanunvericilik orqanlarının strukturları, məhkəmələr, banklar, fiziki və hüquqi şəxslər, bələdiyyələr, qanunvericilikdə müəyyən edilmiş qaydalarda dövlət tərəfindən mövcudluğu tanınmış kadastr uçotu obyektləri barədə dolğun kadastr məlumatları ilə təchiz ediləcək. Bu baza ölkədə ünvan, əhali, hüquqi şəxslərin reyestri və kadastr orqanları ilə informasiya mübadiləsi aparmağa, onlara daşınmaz əmlak obyektləri ilə bağlı kadastr informasiya dəstəyi verməyə imkan yaradacaq.